Vətəni
candan əziz sayan qəhrəman
Otuz dörd il öncə yanvarın 20-də Azərbaycan
xalqına qarşı
amansız cinayət törədildi. 20 Yanvar faciəsi xalqımızın
müstəqillik, istiqlal
və hürriyət uğrunda apardığı
mübarizənin rəmzi
kimi tariximizə yazıldı. O məşum
gecə ölkəmizdə
147 nəfər öldürüldü,
744 nəfər yaralandı,
841 nəfər qanunsuz
həbs olundu...
20 Yanvar günü
baş verənlər
xalqımızın tarixinə
həm faciə, həm də qəhrəmanlıq hadisəsi
kimi düşdü. Lakin o gecə plan quranlar oğul
və qızlarımızın
vətən uğrunda
canlarından keçməyə
hazır olduqlarını
nəzərdən qaçırmışdılar...
Unutmuşdular ki, bu xalq milli
mücadilədən əsla
çəkinməz. O gecənin
əbədi izlərini
bədənində daşıyanlardan
biri də Valeh Hüseynovdur.
"Bir də gördüm ki, bizə tərəf üç tank gəlir"
Ermənilər 1988-ci ildən etibarən açıq şəkildə
Dağlıq Qarabağı
işğal etmək,
torpaqlarımızı ələ
keçirmək məqsədilə
təxribatlar törətməyə,
təbii sərvətlərimizi
talamağa başladılar.
Viran qoyulan yerlərdən biri də təbiətin möcüzəsi sayılan
Topxana meşəsi idi. Bu ekoloji
terror xəbərləri
bütün Azərbaycanda
kəskin etirazlara səbəb oldu, mitinqlər keçirilməyə
başlanıldı. Həmin
mitinqlərin fəal iştirakçılarından biri
də Tibb İnstitutunun 24 yaşlı
tələbəsi Valeh
idi.
Hadisələrin tüğyan
elədiyi bir vaxtda tələbələrin
çoxluq təşkil
etdiyi yüzlərlə
insan tərəfindən
Bakının bütün
giriş-çıxışlarında barrikadalar qurulmuşdu.
1990-cı ildə yanvarın
19-u aeroport yolunda barrikadaların birində keşik çəkən
Valeh Hüseynov soyuqladığı üçün
dostlarının təkidi
ilə evə gedir. Tibb İnstitunun
yaxınlığında bacısı
ilə birlikdə kirayədə yaşayan gənc tələbə hərarətsalıcı dərman
içib yuxuya gedir, bir də
küçədən gələn
qəfil səsdən
ayılır: "Küçədən
qarışıq səslər
gəlirdi. Dostlarımın
yanına getmək üçün bacımı
qonşuluqdakı xanıma
tapşırıb küçəyə
çıxdım. Gördüm
ki, hər kəs ora-bura qaçır. Rastlaşdığım
tələbə tanışlarımla
birlikdə Tbilisi prospektində yerləşən
barrikadaya qədər
ancaq gedə bildik".
Müsahibimiz deyir
ki, Tbilisi prospektində yolun hər iki tərəfində
iri yük maşınlarından, kamaz
və avtobuslardan ibarət barrikadalar qurulmuşdu: "Burada
150-200 nəfər toplaşmışdı,
ətrafda heç bir texnika və
hərbçilər yox
idi. Təxminən axşam saat 11 radələrində bir az aralıda yerləşən benzindoldurma
məntəqəsindən dağıntı
səsləri gəldi.
Gördük ki, bizə tərəf üç tank irəliləyir. Hərbi texnikalar beş addımlığımıza qədər
gəlib dayandılar.
Sonra tankları yerində fırladıb, qabağa-dala hərəkət
edərək camaata hədə-qorxu gəlməyə
başladılar. Sanki
hücum etmək üçün əmr gözləyirdilər".
"Öldüyümü düşünüb məni
morqa qoyublar"
Təxminən yarım
saat sonra qəfildən ətrafdakı
beşmərtəbələrin üstündən
qırmızı, yaşıl
işıqlı güllə
yağışı yağmağa
başladı: "Bu
"xolostoy" güllələr
yandırsa da, öldürmürdü. Eyni
vaxtda gözyaşardıcı
qazlar buraxmağa başladılar. Ardınca
tanklar hücuma keçib atəş açdılar. Yaxınlıqdakı
"KamAz"a tərəf
qaçdım. Bu zaman onu vurdular,
altında qaldım, çıxmaq istəsəm
də, alınmadı.
Elə bu vaxt möhkəm şaqqıltı eşitdim,
ikiqat bükülmüşdüm.
Sən demə, tank maşının üstündən keçirmiş.
Ayağa qalxmaq istəsəm də, beldən aşağı heç bir yerimi hiss etmədim.
Bir də gördüm ki, hərbçilər atəş
aça-aça gəlir,
ikinci qrup isə əllərindəki
dubinka ilə kim başını qaldırırdısa, onu vururdu", - deyə qəhrəmanımız danışır.
Hərbçilərdən ikisi Valehə tərəf gələrək dubinka ilə əvvəl ayaqlarından, hiss etmədiyini gördükdə
isə, kürəyindən
vurmağa başlayırlar.
Sonda öldüyünü
düşünüb gedirlər.
Ara bir az
sakitləşən kimi
yaxınlıqda yaşayan
insanlar köməyə
gəlirlər. Yaralıları
Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasına aparırlar:
"Məni yerdən
qaldırdıqlarını hiss etsəm də, danışa bilmirdim. İki nəfər qoluma girərək, güllələrdən
yayına-yayına məni
də xəstəxanaya
çatdırmağa çalışırdı.
Yolda irəliləməyin
artıq mümkün
olmadığını görüb məni yaxınlıqdakı evə
gətirdilər. İçəri
girəndə dəhşətə
gəldim. Ev yaralılarla dolu idi. Bu yaralıların
arasında bəlkə
də ən az zədə alan mən idim.
Bəzilərinin qolu,
ayağı yox idi, bəzilərinin qanını saxlaya bilmirdilər".
Bura bir tibb işçisinin evi idi və
o, lampa işığında
yaralılara ilk yardım göstərirdi.
Valehin vəziyyətinin
ağırlığını görən ev sahibi deyir ki,
xəstəni bu şəkildə aparmaq olmaz. Təcili otağın qapısını
çıxarıb xərək
kimi istifadə edərək onu xəstəxanaya aparırlar.
Bir qədər getdikdən sonra Valeh huşunu tamamilə itirir və həmin andan sonra baş verənləri xatırlamır:
"Xəstəxanada əvvəlcə
öldüyümü düşünüb
məni morqa qoyublar. Sonra çox zəif nəfəs aldığımı
görüblər. Onurğamda,
ayaqlarımda və bədənimin müxtəlif
nahiyələrində çoxsaylı
sınıqlar var idi. 5 gün komada qaldıqdan sonra gözlərimi açdım. Tibb İnstitutunda oxuyan bacım məndən xəbər çıxmadığını
gördükdə həm
kömək etmək məqsədilə, həm
də məni tapmaq ümidilə xəstəxanaya gəlibmiş.
Gözümü açıb
onu salamat görəndə o qədər
sevinmişdim ki..."
"Vətənimin mənə ehtiyacı olsa, yenə də canımı onun yolunda qoyaram"
Bu günə qədər mütəmadi
müalicə alan, məşum gecənin fəsadlarını indi də bədənində daşıyan Valeh Hüseynov Vətəninin
hər ağır günündə yanında
olmağa çalışıb:
"1992-ci ildə Xocalı
hadisələrini eşidən
kimi Bakı-Xankəndi
qatarına bilet aldım, könüllü
olaraq dekanlığa ərizə yazıb getdim. Xocalıda vəziyyət təsəvvür
etdiyimdən də dəhşətli idi. 20 Yanvarda gördüklərimdən
sonra ondan daha dəhşətli mənzərə görə
bilmərəm deyirdim.
Hərbi batalyona müraciət edib tibb işçisi olduğumu söylədim.
Könüllü həkimlərin,
tibb işçilərinin
yığışdığı dəmiryol vağzalına
yaralılara kömək
etməyə yollandım.
Vaqonları palata etmişdilər. Daha sonra Sarıcalı, Qarakənd və Mahrızlı kəndlərinə
getdik".
Bakıya qayıtdıqdan
sonra universiteti bitirən faciə şahidi uzun illərdir həkim kimi fəaliyyət göstərir. İkinci qrup əlil Valeh Hüseynov dövlətimizin bu kateqoriyadan olan insanlara daim maddi və mənəvi
dəstək göstərdiyini
vurğulayır. İki
oğul sahibi olan 57 yaşlı Valeh Hüseynov deyir ki, o günlərə
bir daha qayıtsaydı, yenə eyni addımları atardı: "Mən 34 il öncə sağlamlığımı itirsəm
də, əvəzində
azadlığımızı, suverenliyimizi, müstəqilliyimizi
qazandıq. Bunun müqabilində mənim canım, sağlamlığım
nədir ki?! Vətən anadır deyirlər. Mən və mənim kimi minlərlə oğul analarımızı
gözüyaşlı qoyub
Vətənimizin harayına
qaçmışıq. Bu
gün ərazi bütövlüyümüzün tam təmin olunmasını gördükdə
deyirəm ki, çəkdiklərimiz əbəs
deyildi. Əgər Vətənimin mənə
ehtiyacı olsa, yenə də canımı onun yolunda qoyaram".
Ülkər
XASPOLADOVA,
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.10.