"Əbədi
məşəl" şəhidlərin
ruhuna keşik çəkir
Ürəyimizi yandıran,
qəlbimizi göynədən
20 Yanvar faciəsindən
illər keçsə
də, xalqımız
azadlığı uğrunda
şəhid olan oğul və qızlarını heç
vaxt unutmur. Zaman-zaman onları ehtiramla yad edir,
hörmətlə anır.
Hər il bu qanlı hadisənin
ildönümündə yüzlərlə,
minlərlə insan faciənin qurbanlarının
xatirəsini yad etmək üçün kövrək hisslərlə
Şəhidlər xiyabanına
üz tutur.
1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə ölkəmizin paytaxtı Bakı şəhərində Azərbaycan
tarixinin ən qanlı hadisələrindən
biri baş verdi. Sovet imperiyasının
ağır hərbi texnikaları və ən müasir silahları ilə təchiz olunmuş qoşunları bir neçə istiqamətdən
şəhərə hücum
etdilər. Günahsız
dinc əhalini tankların tırtılları
altında əzdilər.
Kremlin məqsədi xalqımızın müstəqillik
arzusunu qan içində boğmaq idi. Amma imperiya
əsgərləri nə
qədər amansızlıq
göstərsələr də,
xalqımızın polad
iradəsini qıra bilmədilər.
Həmişə tarixin
sınaqlarından üzüağ
çıxmış məğrur
xalqımız gözləmədiyi
bir vaxtda - 1990-cı ilin 20 yanvarının səhərini güllə
səsləri və göz yaşları içində açdı.
Çox dəhşətli,
tükürpərdici faciə
baş vermişdi. Həmişə insanların
qürurla, üzlərində
təbəssüm gəzib-dolaşdıqları
küçə və
yollar bir gecənin içində al-qana boyanmışdı.
Səhər-səhər havadan
barıt qoxusu gəlirdi. Yaşamaq, ömür sürmək arzusunda olan neçə-neçə insanın
ömür yolu bir gecənin içində yarımçıq
qalmışdı. Sovet
əsgərlərinin atdığı
odlu güllələr
onları harada gəldi yaxalamışdı.
Ayrı-ayrı illərdə,
ayrı-ayrı bölgələrdə,
ayrı-ayrı il və günlərdə doğulmuş şəhidlərimizin
ölüm tarixləri
eyni gün, eyni il, eyni
yer oldu: Bakı şəhəri,
20 Yanvar 1990-cı il.
Qəddar sovet əsgərləri binaların
divarlarını, yol kənarında dayanmış
avtomobilləri də nişangaha götürmüşdülər.
Cəlladlar heç kəsə aman verməmişdilər. Qarşılarına
çıxan şəhər
sakinlərini son dərəcə amansızlıqla
qətlə yetirmişdilər.
Xalqımızın azadlığı
uğrunda mübarizəyə
qalxmış və bu yolda şəhid
olmuş oğul və qızlarımızın
qanlarını tökmüşdülər.
Hamımızı sarsıdan
qanlı şənbə
gecəsində azadlığımız
naminə şəhid
olanların dağüstü
parkda dəfn olunması qərara alındı. Bundan sonra bura Şəhidlər
xiyabanı adlanacaq və xalqımızın
müqəddəs ziyarətgahına
çevriləcəkdi.
1990-cı il yanvarın
21-də şəhidlərə məzar qazmaq üçün hamı xiyabana axışırdı.
Ürəyində insanlıq
və azadlıq sevgisi olan şəhər
sakinləri çiyin-çiyinə
verərək bir-birilərinə
kömək edə-edə
işləyirdilər. O günlərdə
ümumi dərd, ümumi ağrı xalqı bir yumruq kimi birləşdirmişdi.
Məzar qazanlardan kimsə "yoruldum" kəlməsini dilinə gətirmirdi. Çünki
ertəsi gün müstəqilliyimiz yolunda
canından keçənlər
torpağa tapşırılacaq.
Dəhşət püskürən
20 Yanvar gecəsində
Bakıda, həmçinin
müxtəlif rayonlarda
sovet əsgərləri
tərəfindən 147 nəfər
qətlə yetirildi.
744 nəfərdən çox
vətəndaş ağır
yaralandı və müxtəlif dərəcəli
bədən xəsarəti
aldı. 841 nəfər
qanunsuz həbs olundu. 12 nəfər itkin düşdü. Bu qanlı faciədə
təkcə azərbaycanlılar
deyil, şəhərimizdə
yaşayan başqa millətlərin nümayəndələri
də əsgərlərin
atdığı güllələrə
tuş gəlmişdilər.
20 Yanvar faciəsində
azərbaycanlılarla yanaşı,
6 rus, 3 tatar və 3 yəhudi imperiya əsgərlərinin
gülləsinə tuş
gəlmişdi. Faciəli
şəkildə həlak
olanların arasında
4 milis işçisi,
1 həkim, 12 tələbə,
1 aspirant, 3 elmlər doktoru olub. Qeydə
alınan 744 nəfər
yaralının 25-i qadın,
20-si isə azyaşlı
uşaq idi. Ürək dağlayan bu ağrılı faktlarla yaxından tanış olduqca bir daha aydın
görünür ki, şəhərimizə soxulmuş
imperiya əsgərləri
nə qadınlara, nə də azyaşlı uşaqlara aman verməmiş, hamını güllə yağışına tutmuşdular.
Azərbaycan xalqının
tarixində qəhrəmanlıq
səhifəsi kimi qalacaq 20 Yanvar faciəsi həmişə
iftixar və qürurla xatırlanacaq. Həmin axşam Azərbaycan xalqının oğul və qızları igidlikləri ilə qəhrəmanlıq tariximizə
yeni səhifələr
yazdılar. Qanla yazılmış bu tarixin bütün səhifələri bizim üçün dəyərlidir.
Çünki biz onun səhifələrindən
müstəqillik uğrunda
aparılan mübarizənin
tarixini öyrənirik.
Hər il 20 Yanvar faciəsinin ildönümü ərəfəsində
"Bu qan yerdə qalmayacaq" cümləsi yaddaşlara
köçüb dillərdə
dolaşır. Yenə
də əllərimizdə
qan rəngli qərənfillər şəhidlərin
məzarı önündə
dayanıb baş əyərək bu sözləri təkrar edirik. İnanırıq ki, bu qan
heç vaxt yerdə qalmayacaq.
Daim böyük
iftixarla yada saldığımız bu
tarix, bu gün illərin təqviminə qara hərflərlə yazılıb.
20 Yanvar ölkəmizdə
Hüzn Günü kimi qeyd edilir.
Həmin gün xiyabana ziyarətə gələnlərin ardı-arası
kəsilmir. Qanlı faciənin ildönümü
günlərində bir
çox təşkilatlarda,
tədris müəssisələrində
şəhidlərin anım
mərasimləri keçirilir.
Onların göstərdikləri
qəhrəmanlıq nümunələri
təkrar-təkrar gənc
nəsillərə çatdırılır.
Yaşanmış şərəf
dolu tarix göstərdi ki, xalq qəhrəmanlarını
heç vaxt yaddan çıxarmır.
Müqəddəs ziyarətgaha
çevrilmiş Şəhidlər
xiyabanında "Əbədi
məşəl" abidə-kompleksi
ucaldılıb. Gecə-gündüz
yanan məşəl sanki şəhidlərin ruhuna keşik çəkir.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.11.