Müdhiş gecənin maşinist qəhrəmanları

 

 

"Həmin gecə səhərədək dayanmadan yaralı daşıdıq. Çöldə vəziyyət o qədər ağır idi ki... Güllə yağış kimi yağırdı, meyitləri daşımaq çətinləşirdi. Metro stansiyaları həmin gün xilas olmaq üçün sığınacaq axtaranların, yaxınlarını soraqlayıb küçələrə axışanların, ən əsası da yaralıların ümid yerinə çevrilmişdi".

34 il bundan öncə, yanvarın 19-dan 20-nə keçən gecə Bakı gülləbaran edildi, günahsız insanlar doğma şəhərin küçələrində güllə yağışına tuş gəldilər. Ağır texnikalarla hücum çəkən sovet ordusu həmin müdhiş gecədə uşaq, qoca, qadın demədən gördükləri hər kəsi hər şeyi namərdcəsinə güllə atəşinə tuturdu. Al-qana boyanmış küçələrdə ağır yaralılar, əzizləri gözlərinin önündə can verən insanlar kömək gözləyir, imdad diləyirdilər. Həmin gecə köməyə tələsənlər arasında Bakı Metropoliteninin işçiləri xüsusi fədakarlıq göstərirdilər. Şahidi olduqlarını bizimlə bölüşən Cahil Həsənov da həmin gecə imdada yetişən, qatar dolu şəhid yaralı daşıyan maşinistlərdən idi.

Küçələrdə qanın su yerinə axdığı o gecə metropoliten işçiləri öz məkanlarından kömək əlini uzadır, hərə bir işin qulpundan tuturdu. 20 Yanvar şahidi, maşinist Cahil Həsənov həmin gecə barədə ürək ağrısı ilə danışır. Deyir ki, yanvarın 19-dan 20-nə keçən gecə Bakı metrosu işləməsəydi, bəlkə daha çox insan dünyasını dəyişəcəkdi. Çünki insanlar güllələrdən yayınmaq üçün metro stansiyalarına üz tuturdular. Küçələrdə vəziyyət təsəvvürə gəlməyəcək qədər acınacaqlı idi, sovet ordusu Bakını bir neçə dəqiqənin içində al-qana bürümüşdü.

"Hadisələr qəfil baş verdi. Axşam saat 11-də işimi yekunlaşdırıb evə gedəcəkdim. Amma birdən eşitdik ki, sovet rəhbərliyi xaincəsinə Bakıya qoşun yeridib. Çaşıb qalmışdıq, amma əlimizdən gələni etməliydik. Dörd nəfər maşinist yuxarı qalxanda gördük ki, şəhərin küçələri al-qana boyanıb, atəş səsləri eşidilir. Küçəboyu irəlilədikcə gördüklərimdən dəhşətə gəldim. Yollar meyitlərlə, yaralılarla dolu idi...", - deyə C.Həsənov qeyd edir.

Onun sözlərinə görə, həmin gecə indiki "20 Yanvar", "İçərişəhər", "Nəriman Nərimanov" "Koroğlu" metrostansiyalarında vəziyyət daha ağır imiş: "Biz saat təxminən 12-dən etibarən Nərimanov stansiyası istiqamətində yaralıları daşıyırdıq. Sonra bizə məlumat verdilər ki, ovaxtkı "Bakı Soveti" stanstiyasına getmək lazımdır. Orada yaralı şəhidlər çox olduğuna görə vəziyyət gərgindir".

Maşinistin dediklərindən aydın olur ki, həmin gecə bütün metropoliten işçiləri bir nəfər kimi əllərindən gələni əsirgəməyib, sübhəcən xidmət göstəriblər. Faciənin daha böyük miqyas almaması üçün son nəfəslərinə kimi çalışıblar.

"Dünyada daha necə bir faciəyə şahidlik edə bilərəm, bu gözlər daha ağır görə bilər ki? Axı mən günahsız insanların küçələrdə qanlar içində yatdığına, yaralıların soyuq qış günündə relslər üzərində imdad dilədiyinə öz gözlərimlə şahidlik etmişəm..." - deyən maşinist kədərini ifadə edir. Deyir, gördüklərini ömrü boyunca unuda bilməsə , Vətən müharibəsindəki şanlı zəfərimiz onların yarasına məlhəm olub. Bu gün yeganə təsəllimiz İkinci Qarabağ savaşında düşməndən alınan qisasımızdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, Qanlı Yanvar gecəsinin günahsız qurbanları arasında iki metropoliten əməkdaşı - İlqar Qarayev Əflatun Kazımov da olub.

Milli azadlıq hərəkatının yüksəlməsinə səbəb olan 20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı şanlı səhifəsidir. O gün hər kəs bir nəfər kimi Azərbaycanın istiqlal yolunda addımlamağa başlamışdı. Həmin gecə günahsız insanlara tuşlanan güllələr, əslində, milli intibahımızın təməlini qoymuşdu. Həmin gecə xalqımız azadlığa müstəqilliyə gedən yolda ən ağır sınaqlara sinə gərmək, hətta canını belə qurban vermək gücünə malik olduğunu bir daha sübuta yetirdi. Ona görə o müdhiş gecə tariximizə həm faciə, həm istiqlaliyyət uğrunda mübarizə günü kimi yazıldı.

Azərbaycan xalqı azadlığını borclu olduğu qəhrəmanlarının, Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini heç zaman unutmayacaq.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.11.