Fransanın cavabı layiqincə verilir

 

 

"Fransa Azərbaycana qarşı aşkar düşmənçilik mövqeyindən  çəkilmir. Bu ölkənin qanunverici orqanlarında Azərbaycan əleyhinə qərəzli müzakirələr aparıldığını, qətnamələr qəbul olunduğunu dəfələrlə müşahidə etmişik. Fransa Senatı da bir neçə dəfə hökumətə Azərbaycana qarşı sərt mövqe sərgiləməyi, sanksiyalar tətbiq etməyi təklif edib".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Fransa hökuməti hər zaman özünə bütün bunların parlamentin mövqeyi olması ilə bəraət qazandırıb. Əlbəttə, bunlar manipulyasiya cəhdləridir Fransanın rəsmi mövqeyi təcavüzkar  Ermənistanı dəstəkləməkdən ibarətdir. Paris hər zaman keçmiş münaqişə vəziyyətinin qalmasında maraqlı olub ki, işğalçı Ermənistana zaman qazandırsın. Məhz Fransa şəhərləri vaxtilə separatçı rejimlə əməkdaşlıq qururdu. Fransa rəsmilərinin Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ ərazisinə qanunsuz səfərləri təşkil olunurdu.

O qeyd edib ki, bütün bunlar Fransa hakimiyyətinin gözü qarşısında baş versə ,  ona qarşı heç bir reaksiya verməyib: "Əksinə, bu hərəkətlərə dəstək verilib. Fransa Senatının qəbul etdiyi sonuncu qərəzli qətnamə bu ölkənin Azərbaycanla münasibətləri pozan davranışlarının davam etdiyini bir daha göstərdi. Təbii ki, biz hər zaman adekvat cavab vermək iradəsini nümayiş etdiririk. Azərbaycan öz mövqelərini inamla müdafiə edir. Fransa ilə öz dilində danışmaq lazımdır".

E.Mirbəşiroğlu hesab edir ki, Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsi tərəfindən hökumətə çağırışla bağlı qəbul edilən bəyanat olduqca yerindədir. Bu, Azərbaycanın Fransaya adekvat reaksiya verməklə, bizimlə təzyiq, şantaj dili ilə danışmağın mümkünsüzlüyünü bir daha nümayiş etdirir. Fransa Azərbaycana qarşı belə qərəzli mövqe sərgiləməklə, əslində, təmsil etdiyi Avropa İttifaqının çox vacib maraqlarını ciddi təhlükə altında qoyur. Bu gün Aİ-nin Azərbaycandan böyük enerji asılılığı mövcuddur. "Azərbaycanın təşəbbüskarlığı iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri Avropanın istehlak bazarlarının təmin təchiz olunmasında xüsusi rol oynayır. Bundan sonra da, məhz Azərbaycanın iştirakçılığı ilə baş tutacaq "Orta dəhliz" layihəsi Avropa üçün çox vacibdir", - deyə o əlavə edib.

Deputatın fikrincə, Fransa Azərbaycana qarşı qərəzli mövqeyi ilə bütövlükdə  Avropanın maraqlarını, iqtisadiyyatını ciddi təhlükə qarşısında qoyur.

O vurğulayıb ki, Avropa İttifaqına üzv ölkələr Fransa haqqında ölçü götürməlidir, çünki bu davranışlar Avropaya birbaşa təhlükə yaradır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.14.