"Qələbə ilə qayıdacağam"

 

 

2020-ci il  sentyabrın 27-də səhər müharibə xəbəri ilə açıldı. Həmin gün  gənclərimiz, igidlərimiz, vətən sevdalı oğullarımız, "qisas" deyib hayqırdılar. Hərbi səfərbərlik idarəsinə tələsənlər içərisində təcrübəsi, hərbi biliyi, bacarığı ilə seçilən, qüsursuz xidmət edib təqaüdə çıxan, ehtiyatda olan mayor Elnur Yaqub oğlu Hacıyev var idi.

Elnurun ata ocağındayıq. Ömür-gün yoldaşı Elnarə xanım o günləri belə xatırlayır:

- Sentyabrın 27-si səhər tezdən Elnur ermənilərin torpaqlarımıza təcavüzü haqqında məlumatı eşidən kimi hərbi formasını geyindi. Televizorda Ali Baş Komandanın xalqa müraciəti olacağı haqqında məlumat gedirdi. Elnur çox həyəcanlı idi. Tez-tez hərbçi yoldaşlarına, sabiq əsgərlərinə zəng vurub vəziyyəti öyrənməyə çalışırdı. Ekran qarşısında dayanıb Ali Baş Komandanın xalqa müraciətini diqqətlə dinlədi. Qəfil yerindən qalxıb Ali Baş Komandana əsgəri qaydada təzim edib məruzə etdi. "Cənab Ali Baş Komandan, ehtiyatda olan mayor Elnur Hacıyev döyüş tapşırıqlarını yerinə yetirmək üçün əmrinizə tam hazırdır". Sonra qızımızı qucaqlayıb öpdü: "Elnarə, anam qızımız sənə əmanət, mən gedirəm", - dedi.

Elnarə xanımın səsi zəifləyir, göz yaşı selə dönür, qəhər boğur. "Elnur çox ümidli, Allaha bağlı bir adam idi. Qələbəyə çox inanırdı. "Mən qələbə ilə qayıdacağam", - deyirdi. Etiraz etdim, qorxuram, Elnur, çox qorxuram, dedim. Getməsini istəmədiyimi bildirdim. Mane olmağa çalışdım. "Elnarə, Allahdan ümid kəsilməz. Narahat olma, sağ-salamat qayıdacağam. Mən zabitəm. Zabit şərəfim var. Evdə otursam, dövlətin mənə verdiklərini özümə haram sanaram. Dost-tanış üzünə baxa bilmərəm", - deyib bizimlə vidalaşıb evdən çıxdı. Çıxarkən sanki bir qayıtmayacağını hiss edirmiş kimi arxaya çevrilib evimizə baxdığını gördüm.

Vətən müharibəsi şəhidi Elnur Yaqub oğlu Hacıyev 12 iyun 1979-cu ildə Ucar rayonunda anadan olub. Orta təhsilini 1986-1996-cı illərdə Ucar rayon 5 saylı orta məktəbində alıb. 1997-ci ildə Ali Hərbi Dənizçilik Akademiyasına daxil olub. 2002-ci ildə akademiyanı əla qiymətlərlə başa vurub. Elə həmin ildə Qobustanda yerləşən "N" saylı hərbi hissədə qulluğa başlayıb. 2006-cı ilə kimi Qobustanda xidmət göstərən gənc zabit rəhbərliyə raport yazıb könüllü olaraq ön cəbhəyə getmək niyyətində olduğunu bildirib. Komandanlıq 2006-cı ildə onun arzusunu nəzərə alaraq hərbi qulluğunu davam etdirmək üçün Tovuzda yerləşən "N" saylı hərbi hissəyə göndərib. 2011-ci ilə kimi Tovuzda qulluq edən Elnur Hacıyev sonra xidməti vəzifəsini Ağdam rayonunda yerləşən hərbi hissədə davam etdirib. 2015-ci ilə kimi Ağdamda hərbi vəzifəsini yerinə yetirən zabitimiz komandanlığın əmrinə əsasən qulluq yerini Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə davam etdirməli olub. 2019-cu ildə isə mayor Elnur Hacıyev Ağstafa rayonunda kimya xidməti rəisi kimi hərbi qulluğunu qüsursuz davam etdirərək 2020-ci ilin fevralında təqaüdə çıxıb.

"Ailədə üç uşaq idik. Elnur ortancılımız idi. Atam çox ciddi adam idi. Zarafatı sevməzdi. Amma Elnurun bir başqa xasiyyəti var idi. O olan yerdə nə televizor yada düşərdi, nə də telefon. Sanki adamın könlünü açmaq, zarafat etmək, gülmək, danışmaq üçün gəlmişdi bu dünyaya. Elnur elə bir insan idi ki, hər sözünü, hər dərdini ona demək olardı. Adamın ürəyindən tikan çıxaran qardaş idi. Yaxşı dost, qayğıkeş ata, ləyaqətli ər, əvəzsiz oğul idi. Hamının yerini bilən, ağzının tikəsini, cibinin qazancını bölməyi bacaran biri idi. Elnur elə bir qardaş idi ki, inanın, lazım  olsaydı,  öz canından adama pay verərdi. Ömründən kəsib ömrünə calayardı. Müharibənin ilk günündən imkan düşən kimi bizlə danışırdı. Əlaqəmiz  heç kəsilməzdi. Füzulidə, Cəbrayılda, Suqovuşanda, Hadrut istiqamətində gedən döyüşlərdə döyüşüb qardaşım, - deyə bacısı Elnarə bildirdi.

Söhbət anası Hicran xanımla davam etdiririk:

- Oktyabrın 17-si günortaüstü Elnur zəng vurmuşdu. Əhvalı çox yaxşı idi. Sevindiyini danışığından hiss edirdim. Dedim ki, Elnur, özünü qoru, səni gözləyirik. Qızın səndən ötrü ağlayır, - uşağı kiridə bilmirik. "Narahat olma, ana, mən bura ölməyə yox, öldürməyə gəlmişəm. Torpaqlarımız azad olunmayınca, düşmənə can vermərəm", - dedi. İnandım. Yaralandığını da bizdən gizlətdi. Elə həmin gün oktyabrın 17-də gündüz saat 4-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olduğunu eşitdik.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına döyüşən mayor Elnur Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.15.