Bayrağa
sarılmağı çox
sevirdi...
"Ata, biz tanklardayıq, gedirik. Özünüzdən muğayat
olun! Mamagilə heç nə demə. Haqqını halal et..!"
Bu sözlər
Vətən müharibəsinin
ilk şəhidlərindən
sayılan İlqar Vüqar oğlu Bürcəliyevin son mesajıdır. Qəhrəman
gəncimiz sentyabrın
28-də Tərtərin Talış
kəndi və Talış yüksəkliyi
uğrunda gedən döyüşlərdə müqəddəs
şəhadət məqamına
yüksəlib. "Zirə"
klubunun futbolçusu olan İlqar artıq 1 il 3 aydır ki, həqiqi hərbi xidmətdə idi. Növbəti ilin yanvar ayında xidmətini başa vurub qayıdacaq, həsrətlə yolunu gözləyən valideynlərinin
arzularını reallaşdıracaq,
neçə mötəbər
yarışda doğma
komandanın şərəfini
qoruyacaqdı... Lakin sentyabrın 27-də işğalçıların
növbəti təxribatının
dəf edilməsi zəminində başlanan
haqq savaşının
müsəlləh əsgəri
kimi canından, qanından çəkinmədən
silaha sarıldı, ölümün gözünə
dik baxdı, ən uca şəhidlik
zirvəsini seçdi.
Ruhu ana yurdun səmalarına, vücudu qanla yoğrulan torpağımıza
qovuşdu.
O həm də
görkəmli sənətkarlarımız,
Xalq artistləri Məhəmməd Bürcəliyev
və Sədayə Mustafayevanın nəticəsi,
tanınmış teatrşünas-tənqidçi
Anar Bürcəliyevin
qardaşı oğludur.
Anar müəllim igid şəhidimiz haqqında kövrək xatirələrini bölüşür:
"İlqardan geriyə
xoş xatirələri
qaldı... Fotoları
ən böyük təsəllimizdir. Hər
gün dostları, sinif yoldaşları gəlirlər. İlqar əla futbolçu idi. Hər bir
oyunu xatirimizdədir. Modelliyə də həvəsi vardı. Bir neçə
dəfə model olaraq
sertifikat və diplomlara layiq görülmüşdü. Elə
bil ki, hər şeyi öncədən bilirdi. Onu hərbi xidmətə yola salanda Biləcəri stansiyasında dedi ki, mən gedirəm, amma qayıtmayacam, şəhid
olacam. Sizə deyim ki, çox mətin və qorxmaz idi. Həmişə
əlinə və üzünə Azərbaycan
bayrağı çəkirdi,
dövlət bayrağına
sarılmağı, çiyninə
asmağı çox
sevərdi. Elə sonda da şəhadət məqamına yüksələrək
bayrağımıza sarıldı…"
İlqar 2001-ci il martın
11-də dünyaya göz
açmışdı. Əvvəl
Yasamal rayonu Ə.Əhmədov adına 308 nömrəli
tam orta məktəbdə,
daha sonra Gəncə şəhəri
38 nömrəli tam orta
məktəbdə təhsil
alıb. 2014-2016-cı illərdə
"Vətən" Futbol
Klubunda, 2016-cı ildə
"Kəpəz" PFK-da, 2016-cı ildən isə "Zirə" PFK-da çıxış
edirdi. 2017-ci ildən
18 yaşlılardan ibarət
Azərbaycan yığmasının
heyətinə dəvət
olunmuşdu.
Atası Vüqar Bürcəliyev:
"Onu milli komandaya çağırmışdılar,
amma əsgərlik vaxtı
gəldi, Vətənə
xidmət borcunu hər şeydən üstün tutdu, dedi, gedirəm hərbi xidmətə… Geyindiyi hərbi formaya, manqa komandiri təyin olunduğuna görə çox sevinirdi, vətənpərvərlik duyğuları
ilə aşıb-daşırdı.
Çox ağır döyüş olub,
3 nəfər
yaralı, bir şəhid yoldaşını
güllə yağışı
altından çıxarıb.
Mən oğlumla fəxr edirəm, elə belə də
olmalıydı, dostlarının nəinki
yaralısını, heç ölüsünü də qoyub
getməzdi. Ölüm ayağında başını dizinə
qoyduğu Əvəzlə görüşdüm,
döyüş meydanından kənarlaşdırmaq istəyiblər,
amma onların tərpənməsinə imkan verməyib, əlini
sıxaraq hamının birgə qayıdacağını
söyləyib…"
Nənəsi Məleykə
xanım: "Elə bil Vətən uğrunda qurban getməyi
qarşısına məqsəd qoymuşdu. Deyirdi, içimdə
bir hiss var ki, şəhadətə yetişəcəyəm.
Axır vaxtlar məktubları üzə çıxdı,
yazırdı ki, tərxis edilməsəm, cəbhəyə
getsəm, mən də bir Mübariz olacam, Polad olacam… Cənab
Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü
bildirirəm, onun uzaqgörənliyi, xalqımızın,
ordumuzun rəşadəti sayəsində şəhidlərimizin
qisası alındı, torpaqlarımız işğaldan
qurtuldu!"
Ailənin digər
övladı Tamerlan da futbolçudur, şəhid
qardaşının yolunu - idman estafetini böyük məsuliyyətlə
davam etdirir. İlqarın əziz xatirəsini yaşatmaqdan
ötrü adını təxəllüs kimi
götürüb. Elə futbol köynəyinin arxasına da
belə yazdırıb: Tamerlan İlqar.
Şəhid
İlqar Bürcəliyev 2020-ci il sentyabrın 29-da
böyük izdihamla Gəncədə ata-baba yurdunda, Şəhidlər
xiyabanında torpağa tapşırılıb. Azərbaycan
Primer Liqasında "Zirə" və "Qarabağ"
futbol komandaları arasında baş tutan oyunda İlqarın
xatirəsi yad edilib, oyun meydançasında fotosu
asılıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına
əsasən "Vətən uğrunda" və
"Laçının azad olunmasına görə"
medalları ilə təltif edilib.
Qurban
MƏMMƏDOV
Azərbaycan.-2024.-
20 yanvar, ¹ 12.- S.15.