Təsəllimiz ölkəmizin suverenliyinin tam bərpasıdır

 

 

Valideynləri danışdıqca gözünün yaşında boğulan bacısı Rəksanə özünü toparlayıb "istəyirəm ki, qardaşım haqqında mənim düşüncələrimi biləsiniz", - deyir. Axşamlar, hava qaralan kimi göylərə baxıram. Evimizin üstündə parlayan bir ulduz görürəm. Mənə elə gəlir ki, o ulduz qardaşımın ruhudur. Evimizin üstündə dayanıb bizə baxır, bizi qoruyur...

Qardaşım böyük ürəkli, qayğıkeş vətənpərvər bir insan idi. Bir-birimizə çox bağlı idik. Ürəyimizdən keçəni gözümüzdən oxuyardı. İşdən evə çox gec gələrdi. Qardaşımla oturub yolunu gözləyərdik. Bilirdik ki, əliboş gəlməyəcək. Mütləq nə isə alıb gətirəcək, bizi sevindirəcək. Qardaşımla fəxr edirəm. Düşünəndə ki Vətən uğrunda şəhid olub, təsəlli tapıram. Amma Fərid kimi bir qardaşı itirməyin dərdi ağırdır. Bu, dözülməzdir. Hər gün kiçik qardaşımla Bülbülə kəndinin Şəhidlər xiyabanına gedirik. Onun o güllü məzarını ziyarət edirik. Təsəllimiz odur ki, indi torpaqlarımız azaddır.

Fərid Eldəniz oğlu Hüseynzadə 2002-ci il mayın 18-də Bakının Suraxanı rayonunun Bülbülə kəndində zəhmətkeş bir ailədə anadan olub. 2020-ci ildə 18 yaşı tamam olan Fərid Hüseynzadə iyul ayında hərbi xidmətə gedib. Oktyabrın 15-də Füzulinin düşmən işğalından azad edilməsi uğrunda olan döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Fəridin Suraxını rayonunda, böyüyüb boya-başa çatdığı evdə ailə üzvləri, valideynləri ilə söhbət edirik. Dərd atası Eldənizi vaxtsız qocaldıb, qamətini əysə də, qüruruna toxuna bilməyib. Oğlu haqqında ürəklə, qürurla danışır: "Vətən bizə əmanətdir. Vətənsiz oğul nəyə gərəkdir ki... Biz hamımız gəldi-gedərik. Fəxr edirəm ki, oğlum Vətənin azadlığı uğrunda şəhid olub.

Fərid çox gənc idi. Bu dünyadan kam almadan getdi… Çox zəhmətkeş idi. Ailəcanlı idi. Evin hər yükünü çəkir, bizim hər əziyyətimizə dözürdü. Doqquzuncu sinfi bitirib orta məktəbdən aralandı. Lap uşaqlıqdan çilingər olmağı arzulayardı, avtomobil təmirçiliyini sevərdi. Usta yanında çalışırdı. Yaşının az olmasına baxmayaraq, bilmədiyi iş yox idi. Fikri-zikri bu idi ki, ailəyə - bizə kömək etsin. Bacısının, qardaşının üst-başını təzələsin. 18 yaşı tamam olan kimi əsgərliyə getdi. Beyləqanda hərbi hissədə, minaatan batareyasında xidmət edirdi. Vətən müharibəsi başlayan gündən ön cəbhədə - Füzulinin Alxanlı kəndində döyüşlərə qatıldı. Oktyabrın 14-də Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli istiqamətlərində gedən döyüşlərdə şəhid oldu. Vətən uğrunda, torpaq yolunda şəhid olmaq balamın taleyi imiş.

Qara saçlarını vaxtsız ağartmış, qaməti erkən əyilmiş, gözünün nuru vaxtından tez getmiş, şəhidin anası Aysel xanım söhbətə qoşulur:

- Biz zəngin həyat tərzi yaşayan, hər arzuladığını həyata keçirə bilən ailə olmamışıq. Amma kasıb da deyilik. Allah bizə Vətən sevgisi, el qeyrəti, dövlətinə sədaqət, xalqına, millətinə inam, başqasının uğuruna sevinmək kimi çox böyük nemət verib. Fəridim də üz ağardan olub. Döyüş yoldaşları onun haqqında, göstərdiyi qəhrəmanlıq, daha doğrusu, fədakarlıq haqqında danışırlar, mən də oğlumla qürur duyuram.

Fərid Hüseynzadə işğalda olan torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", " İgidliyə görə" medalları ilə təltif edilib.

 

Elşən SOLTANOĞLU,

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.15.