İki görüş

 

 

Zəngilan rayonunda ezamiyyətdə olarkən Şəhidlər xiyabanını ziyarət etdik. Bu müqəddəs məkanın girişində ayaq saxlayıb Vətənin azadlığı naminə canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuduq, xatirələrini yad etdik.

Bütün məzarların yanında üçrəngli bayrağımız dalğalanırdı. Ziyarət edə-edə bir anlıq ayaq saxlayıb şəhidlərin şəkillərinə baxırdıq. Məzarlardan birinin başdaşındakı şəkil bizə çox tanış doğma gəldi. Diqqətlə  baxan kimi tanıdıq. Bu, yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Ramazan Quliyevin şəkli idi. Ramazanla orta məktəbdə bir yerdə oxumuşduq. O, qonşu Məmmədbəyli kəndindən idi. On il onunla eyni məktəbdə, eyni sinifdə təhsil almışdıq.

Orta məktəbi bitirdikdən sonra tale yollarımızı ayırsa da, arada bir-birimizlə görüşüb hal-əhval tuturduq. Qarabağ uğrunda gedən döyüşlər başlayanda Ramazanın da hərbi forma geyinib torpaqlarımızın azadlığı uğrunda vuruşduğunu eşitmişdik. 18 aprel 1993-cü ildə xidmət etdiyimiz hərbi təşkilatdan Zəngilana ezamiyyətə gəlmişdik. Rayon icra hakimiyyətinin binası qarşısında təsadüfən Ramazanla qarşılaşdıq. İlk dəfə idi ki, sinif yoldaşımızı hərbi formada görürdük. Ramazan çiynində avtomat tələsik addımlarla gedirdi. Çox həyəcanlı narahat görünürdü. Səbəbini soruşanda dedi ki, ermənilər mövqelərimizə hücum etməyə hazırlaşırlar. Ön xəttə tələsirik. Ramazanla qucaqlaşıb yenidən görüşmək ümidi ilə ayrıldıq. Amma bu, sinif yoldaşımızla bizim son görüşümüz oldu.

Ramazandan ayrılandan sonra biz Şayıflı kəndinə getdik. Qafan istiqamətindəki mövqelərimizə baş çəkdik. Səngərlərdə dayanan zabit əsgərlərlə görüşüb söhbət etdik. Ön xətdən rayon mərkəzinə qayıdanda öyəndik ki, erməni işğalçıları Yuxarı Yeməzli kəndinə hücum ediblər. Yaşayış məntəqəsi uğrunda gərgin döyüşlər gedir. Deməli, Ramazanın səhər tezdənki həyəcanı səbəbsiz deyilmiş. Vətənimizin azadlığı naminə silaha sarılmış Ramazan Quliyev düşmənin gözlənilən hücumunun qarşısını almağa tələsirmiş.

1993-cü ilin yayında sinif yoldaşımızla bağlı kədərli bir xəbər eşitdik. Ramazan Quliyev Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. O, içdiyi anda son nəfəsinədək sadiq qalmışdı. Döyüşlərdə göstərdiyi cəsarətə qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalına laqiq görülən Ramazanın cəmi 32  yaşı vardı. Yaddaşlarda cəsur, igid bir döyüşçü kimi qaldı.

Həyat şirin olduğu qədər acıdır. 30 il əvvəl Zəngilan rayonuna ezamiyyətə gələndə Ramazanın özü ilə görüşüb söhbət etmişdik. Bu dəfə rayona ezamiyyətə gələndə isə onun məzarı ilə qarşılaşdıq. Amma bu dəfə gözlərimizdən yalnız kədər deyil, sevinc süzülürdü. Çünki torpaqlarımız  işğaldan azad olmuşdu. Deməli, Ramazan onun kimi minlərlə oğulların qanı yerdə qalmamışdı.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.15.