Azərbaycan
xalqının hüzn
və qürur salnaməsi əsərlərdə
1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə keçmiş
SSRİ rəhbərliyi qoşun
hissələrini Azərbaycan
xalqının azadlıq
eşqini, müstəqillik
arzusunu yox etmək üçün Bakıya göndərdi. Qurduqları plan dəhşətli, onu yerinə yetirənlər isə olduqca amansız idilər.
O gecə Azərbaycan
tarixinin ən dəhşətli səhifələrindən
biri oldu. Uşaqlara, gənclərə,
qocalara doğma şəhərin hər gün dolaşdıqları
küçələrində güllələr yağdırdılar,
tanklarla üzərlərindən
keçdilər, evlərini
gülləbaran etdilər.
Qanlı Yanvarda
Azərbaycan xalqına
ağır yara vuruldu. Ancaq imperiya cəlladları məqsədlərinə çatmadılar.
Bu xalqın azadlıq eşqini boğa, müstəqilliyə
gedən yolunu kəsə bilmədilər.
Günlər, aylar,
illər ötdükcə,
1990-ci ilin Qanlı Yanvar hadisələrində
Azərbaycan xalqının
göstərdiyi iradə,
cəsurluq ədəbi-bədii
nümunələrdə, rəsm,
səhnə və ekran əsərlərində
əksini tapdı
Musiqinin fəryad
səsi
Qanlı Yanvar hadisəsi bəstəkarlarımızın
əksəriyyətinin yaradıcılığına
təsir göstərdi.
Hələ 1990-cı ildə
görkəmli bəstəkar
Cövdət Hacıyev
"Şəhidlər" simfoniyasını bəstələdi.
Bəstəkar Oqtay Kazıminin eyni mövzuya həsr etdiyi simfoniyanın da adı "Şəhidlər"dir. Həmin
il bəstəkar Hacı Xanməmmədov Əzizə Cəfərzadənin
sözlərinə solist
və xalq çalğı alətləri
orkestri üçün
"Əlimdə sazım
ağlar" əsərini
bəstələdi. Əsər
20 Yanvar şəhidlərinə
ithaf olunmuşdu. Bəstəkarlar Tofiq Bakıxanovun "Humayun"
simfonik muğamı, Azər Rzayevin
"Bakı-90" simfoniyası, Ramiz Mustafayevin "Bu qan yerdə
qalan deyil", "Haqq səninlədir", Azərbaycan" vokal-simfonik
poemaları, Mobil Babayevin
"Ağlama torpağım,
ağlama" kantatası,
Aydın Əzim Kərimoğlunun orkestr üçün "Qətl
günü", Sərdar
Fərəcovun "Matəm
harayları" simfonik
lövhəsi, Faiq Sücəddinovun fortepiano
üçün, Məmməd
Quliyevin xor və orkestr üçün, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal simfonik "Vətən şəhidlərinə",
Cavanşir Quliyevin xor üçün "Şəhidlər", Arif
Mirzəyevin orqan üçün "Yanvar
mərsiyələri", Aqşin
Əlizadənin "Ana
torpaq" odası, Vasif Adıgözəlovun
"Qarabağ şikəstəsi",
"Qəm karvanı"
oratoriyaları və digər əsərlərdə
Qanlı Yanvarda xalqımızın başına
gətirilən müsibətlər,
şəhidlərimizin ruhuna
sonsuz ehtiram təcəssüm edildi.
Bu böyük
faciənin, matəmin
kədərini, qüssəsini,
eyni zamanda qürurunu bəstəkarlar
Fuad Cavadov "Qara Yanvar", Azad Zahid "Mədhiyyə" əsərlərində
ifadə etdilər. İlham Quliyev "İlham və Fərizə" operasını,
Nazim Quliyev "Şəhidlər" operasını,
Oqtay Rəcəbov
"Çingiz" oratoriyasını,
Zabitə Məmmədova
solist, xor və orkestr üçün "Elegiya"sını,
Arif Mirzəyev "Yanvar passionları" matəm messasını, Azər Dadaşov "20 Yanvar" adlı xor, solist və
simfonik orkestr üçün 9 saylı
simfoniyasını yazdı.
Rejissor Xamis Muradovun faktlar əsasında lentə aldığı "Şəhidlərdən-şəhidlərə"
sənədli filminə
Faiq Nağıyev musiqi yazdı.
20 Yanvar faciəsinə
yalnız irihəcmli musiqi əsərləri deyil, mahnı və romanslar da ithaf edildi.
Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə "Şəhidlər
ağısı", Oqtay
Rəcəbov Məmməd
İsmayılın sözlərinə
"Qana dönən qərənfillər", Mehriban
Əhmədova Məmməd
Arazın sözlərinə
"Ana millət, ata millət, ağlama", Nəriman Əzimov Hikmət Mahmudun sözlərinə
"Mənim şəhid
bacım, şəhid
qardaşım", Ruhəngiz
Qasımova "Şəhid
oğullara", İlham
Abdullayev Dönməzin
sözlərinə "20 Yanvar"
mahnılarını bəstələdilər.
Qanlı Yanvar hadisələri ekran əsərlərində
O faciəli günlərdə
baş verən hadisələr kameranın
yaddaşına köçürüldü
və sonradan sənədli ekran əsərlərində geniş
istifadə edilməyə
başlandı.
"Salnamə" sənədli
filmlər studiyasında
Qanlı Yanvar hadisələrini əks etdirən "Azadlığa
gedən yollar" tammetrajlı sənədli
film rejissorlar Xamis Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı tərəfindən
çəkildi. Həmin
ilin - 1990-cı ilin oktyabrında ərsəyə
gələn "20 Yanvar"
sənədli filminin rejissoru isə Cahangir Zeynallıdır.
1990-cı ildə "Rakurs" sənədli filmlər studiyasında istehsal edilən "Matəm" qısametrajlı
sənədli filmində
20 Yanvar şəhidlərinin
qırxı ilə əlaqədar Şəhidlər
xiyabanında keçirilən
ümumxalq matəmi əks edildi. Filmin rejissoru və ssenari müəllifi Teymur Bəkirzadədir. Eyni ildə "Salnamə"
sənədli filmlər
studiyasında istehsal olunan "Şəhidlər
və qazilər" qısametrajlı filmin rejissorları Xamis Muradov, Tofiq Məmmədov və Ramiz Əliyevdir. Filmdə Bakıda
1990-cı ilin 20 yanvarında
sovet ordusu əsgərləri tərəfindən
dinc əhalinin qətlə yetirilməsindən
və əlil qalmalarından bəhs olunurdu.
"Qəsd" qısametrajlı
sənədli filmi də 1990-cı ildə çəkildi. Rauf Nağıyevin rejissoru olduğu bu ekran əsərində XIX
əsrin ikinci onilliyində imzalanmış
Türkmənçay və
Gülüstan müqavilələrinə
əsasən, Azərbaycanın
iki yerə bölünməsi, rus imperiyasının köməyi
ilə 1905-ci ildə və 1918-ci illərdə
erməni daşnaqlarının
törətdikləri qətliamlar,
Leninin sərəncamı
ilə 1920-ci ildə
XI ordunun ölkəmizi
işğal etməsi,
1930-cu illərin Stalin
repressiyası, Qorbaçovun
sərəncamı ilə
1990-cı ildə həyata
keçirilən 20 Yanvar
faciəsi təkzibolunmaz
faklarla əks edilirdi.
"Boz qurdun harayı" qısametrajlı
sənədli filmi isə 1991-ci ildə təqdim
edildi. "Salnamə"
sənədli filmlər
studiyasında ekranlaşdırılan,
rejissorları Tofiq Məmmədov və Ramiz Əliyev olan bu sənədli
film 20 Yanvar şəhidlərinin ildönümünə
həsr edilmişdi.
"Bakıda insan ovu" qısametrajlı sənədli filmi eyni ildə "Yaddaş" sənədli
filmlər studiyasında
Vaqif Azəryarın rejissorluğu ilə ekranlaşdırıldı.
20 Yanvar hadisələrindən
bəhs edən "Qanlı Bakı" sənədli televiziya filmi 1994-cü ildə ekranlaşdırıldı. "Azərbaycantelefilm"in istehsalı
olan filmin rejissoru Aydın Dadaşovdur. Qara Yanvar şəhidlərinə
həsr olunan "Şəhidlik zirvəsi"
qısametrajlı sənədli
filmi isə Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında 2001-ci ildə
çəkildi. Filmin
rejissorları Xamis Muradov və Tofiq Məmmədovdur.
1990-cı ilin yanvarında sovet ordusunun hissələri Azərbaycanın
bir sıra bölgələrində, həmçinin
sərhədyanı rayonlarda
güc tətbiq etdilər. Həmin tarixdə respublikamızın
cənub rayonlarında
törədilən qırğınlar
2002-ci ildə ekranlaşdırılan
"Cənubda şimal
küləyi" qısametrajlı
sənədli filminin mövzusu oldu. "Salnamə" kinostudiyasında
çəkilən filmin
rejissoru Mahmud Məmmədovdur.
20 Yanvar faciəsindən
illər ötür. Zaman keçəcək, amma Azərbaycan xalqı hüzn və qürur salnaməsinə çevrilən
o tarixi unutmayacaq. Bu xalqın bəstəkar, rəssam, yazıçı, şair,
ssenarist, rejissor övladları yeni-yeni əsərlərində həmin
tarixdə baş verənlərdən - xalqımıza
qarşı törədilmiş
müsibətlərdən, haqsızlıqlardan bəhs
edəcəklər.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.16.