Küveyt bir sıra sahələrdə Azərbaycanın təcrübəsindən yararlana bilər

 

 

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Küveyt Ümmət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, S.Qafarova bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd edildiyini söyləyib, hazırda siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Bildirilib ki, siyasi əlaqələrlə yanaşı, digər sahələrdə də əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. Qeyd olunub ki, ikitərəfli münasibətlərin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır.

Ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərin müsbət rolunu vurğulayan Milli Məclisin sədri bildirib ki, qanunverici orqanlar arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Milli Məclislə Ümmət Məclisi beynəlxalq parlament təşkilatlarında da yaxşı əməkdaşlıq edir. Parlamentlərarası İttifaq və İslam Əməkdaşlıq Təşkilatının Parlament Məclisi çərçivəsində mövcud olan əməkdaşlıq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də uğurla davam etdirilir.

Məhəmməd Haif Əl-Muteyri xalqlarımız arasında çoxlu ortaq cəhətlərin olduğunu bildirib, Azərbaycanın Küveyt üçün yaxın, çox mühüm ölkələrdən biri olduğunu qeyd edib. O deyib ki, Küveyt ölkələrimiz arasında siyasi əlaqələrlə yanaşı, digər sahələrdə də əməkdaşlığın inkişafında maraqlıdır. Turizm sahəsində müsbət əlaqələrə toxunan Əl-Muteyri Küveytdən Azərbaycana çoxlu sayda turistin gəldiyini bildirib.

Azərbaycanın zəngin, böyük nailiyyətlər əldə etmiş ölkə olduğunu deyən dostluq qrupunun rəhbəri vurğulayıb ki, respublikamız sabitlik və təhlükəsizlik baxımından dünyada seçilən ölkələrdəndir. O, Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirildiyini və bu layihələrin ölkəyə sürətli inkişaf vəd etdiyini diqqətə atdırıb. O vurğulayıb ki, Küveyt bir sıra sahələrdə Azərbaycanın təcrübəsindən yararlana bilər.

Küveytli qonaqlara, həmçinin Azərbaycanın keçdiyi inkişaf yolu, yürütdüyü müstəqil xarici siyasət, postmünaqişə dövründə regionda vəziyyət, ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi nəhəng quruculuq və bərpa işləri, işğal dövründə ermənilər tərəfindən bütün dini abidələrimizin dağıdılması və təhqir edilməsi barədə məlumat verilib.

Dostluq qrupunun rəhbəri Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Küveytin mövqeyi hər zaman birmənalı olub Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2024.- 23 yanvar, № 13.- S.4.