Bakıda
Azərbaycan-Rusiya əməkdaşlığının
inkişafının əsas
istiqamətləri üzrə
2024-2026-cı illər üçün
Yol Xəritəsi imzalanıb
Yanvarın 22-də Azərbaycan
Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə səfərdə
olan Rusiya Federasiyası Hökuməti
sədrinin müavini Aleksey Overçuk ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
Azərbaycan-Rusiya dostluq
əlaqələrinin müxtəlif
sahələrdə uğurlu
inkişafından məmnunluq
ifadə olunub. Xüsusi qeyd edilib ki, 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri tərəfindən Moskvada
“Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında”
Bəyannamənin imzalanması
ikitərəfli münasibətləri
keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Söhbət
zamanı iki ölkə arasında çox geniş müqavilə-hüquq
bazasının mövcud olduğu bildirilib. Dövlət başçılarının
tapşırığına uyğun olaraq hazırlanmış 2024-cü ilədək
olan dövr üçün Azərbaycan-Rusiya
əməkdaşlığının inkişafının əsas
istiqamətləri üzrə
Yol xəritələrinin
icrasının nəticələri
yüksək qiymətləndirilib,
bu müsbət təcrübənin davam etdirilməsində qarşılıqlı
maraq ifadə olunub.
Bildirilib ki, Yol xəritələrinin icra olunduğu
2018-2023-cü illəri əhatə
edən dövrdə ticarətin asanlaşdırılması
və ticarət axınının şaxələndirilməsi,
gömrük və sərhəd-keçid infrastrukturunun
təkmilləşdirilməsi, dövlət sərhədindən
yük daşımalarının
həcminin, habelə buraxılış məntəqələrinin
keçirmə qabiliyyətinin
artırılması və
bir çox digər istiqamətlərdə
əməli addımlar
atılıb. Görülən
tədbirlər nəticəsində
Azərbaycan-Rusiya ticarət-iqtisadi
əlaqələrinin dayanıqlı
dinamikası təmin edilib, 2017-ci illə müqayisədə ticarət
dövriyyəsi iki dəfədən çox
artaraq ötən il 4,3 milyard ABŞ dollarından çox təşkil edib. Bununla yanaşı,
2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi
2017-ci illə müqayisədə
87 faiz, o cümlədən
tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizi
ilə yük daşımaları 2017-ci illə
müqayisədə 44 faizdən
çox olub.
Görüşdə qarşılıqlı investisiya
sahəsində həyata
keçirilən uğurlu
layihələrin əhəmiyyəti
qeyd olunub, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi perspektivləri
ətrafında fikir mübadiləsi aparılıb.
Sənaye sahəsinin
müxtəlif istiqamətlərində
əməkdaşlığın səviyyəsi yüksək
qiymətləndirilib, bu
əməkdaşlığın işğaldan azad olunmuş əraziləri də əhatə etdiyi bildirilib.
Nəqliyyat-logistika sahəsində
əməkdaşlığın inkişafından məmnunluq
ifadə olunaraq bu istiqamətdə geniş imkanların açıldığı diqqətə
çatdırılıb. Şimal-Cənub
Beynəlxalq Nəqliyyat
Dəhlizinin əhəmiyyətinə
toxunularaq dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün
birgə səylərin
önəmi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan
ilə Rusiya arasında enerji, kənd təsərrüfatı,
gömrük-sərhəd infrastrukturunun
təkmilləşdirilməsi, humanitar və bir çox digər sahələrdə
əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.
Sonda Azərbaycan
Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti
sədrinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının
inkişafının əsas
istiqamətləri üzrə
2024-2026-cı illər üçün
Yol Xəritəsini imzalayıblar.
Yol Xəritəsi
ticarət-iqtisadi və
investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida
təhlükəsizliyi, enerji,
turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində
əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə
tutur.
Azərbaycan.-2024.-
23 yanvar, № 13.- S.4.