COP29 Təşkilat
Komitəsinin ilk iclası keçirilib
2024-cü il
yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun
Tərəflər Görüşünün 19-cu
sessiyasının və Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin
ilk iclası keçirilib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin
sədri Samir Nuriyev iclası açaraq, Azərbaycanın
2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli
prioritetlərindən birinin “Təmiz ətraf mühit və
yaşıl artım ölkəsi” kimi müəyyən
edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə
müqayisədə 2030-cu ilə qədər istixana
qazlarının miqdarının 35% azaldılması öhdəliyini
götürdüyünü, işğaldan azad edilmiş
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının, habelə Naxçıvan Muxtar
Respublikasının "Yaşıl enerji" zonası elan
edildiyini bildirib.
Samir Nuriyev
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü
ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik
ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin
mühafizəsi sahəsində aparılan məqsədyönlü
və ardıcıl dövlət siyasətinin tərkib hissəsi
olduğunu qeyd edib.
Təşkilat
Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın ətraf
mühitin qorunması və qlobal iqlim dəyişmələri
sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini
və bu prosesə töhfələr verdiyini vurğulayıb.
Samir Nuriyev Azərbaycanda iqlim dəyişmələrinə
qarşı həyata keçirilən fəaliyyətin beynəlxalq
aləmdə təqdir edildiyini və dünyada ən
irimiqyaslı və mötəbər tədbirlərdən
biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə
keçirilməsi barədə yekdil qərarın qəbul
edilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
ölkəmizə beynəlxalq səviyyədə olan hörmət
və etimadın bariz göstəricisi kimi dəyərləndirildiyini
bildirib.
Təşkilat
Komitəsinin sədri 2023-cü il dekabrın 15-də Azərbaycan
Prezidenti İlham Əliyevin COP29-la bağlı
keçirilmiş müşavirədə hazırlıq
işlərinə dərhal başlanılması barədə
verdiyi tapşırığa toxunaraq, tədbirin ən
yüksək səviyyədə keçirilməsi
üçün bütün lazımi tədbirlərin
görüləcəyini bildirib.
S.Nuriyev bu həftə
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Katibliyinin Azərbaycana texniki missiya
göndərəcəyini, dialoq şəraitində
hazırlıq işlərinin aparılacağını
bildirib və COP29-un təşkil edilməsi məqsədilə
bütün aidiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsinin
zəruriliyini qeyd edib. Samir Nuriyev, eyni zamanda, beynəlxalq
ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı
tərəfdaş kimi Azərbaycanın əvvəlki illərdə
COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə
mübadiləsi apardığını bildirib.
Ekologiya və
təbii sərvətlər naziri, COP29-un müəyyən
edilmiş prezidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham
Əliyevin COP29-la bağlı verdiyi
tapşırıqların icrası istiqamətində
görülmüş işlər barədə məlumat
verib və ölkəmizin COP29-a hazırlıq prosesində
dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq
qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti,
yerli və beynəlxalq media və digər tərəf
müqabilləri ilə konstruktiv əməkdaşlığa
və dialoqa hazır olduğunu vurğulayıb.
Daha sonra Təşkilat
Komitəsinin üzvlərinin gündəlikdə duran məsələlər
üzrə məruzələri dinlənilib.
İclasın
sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin,
Baş danışıqçının heyətinin, Əməliyyat
şirkətinin fəaliyyəti, COP29-un təşkili və
keçirilməsi ilə bağlı Tədbirlər
Planının yekunlaşdırılması və digər
aidiyyəti məsələlər üzrə
tapşırıqlar verilib.
Azərbaycan.-2024.-
23 yanvar, ¹ 13.- S.5.