XİN Qoşulmama
Hərəkatının Uqandada
keçirilmiş 19-cu Zirvə
görüşünün nəticələrinə dair
məlumat yayıb
Azərbaycan Xarici
İşlər Nazirliyi
Qoşulmama Hərəkatının
Uqandada keçirilmiş
19-cu Zirvə görüşünün
nəticələrinə dair
məlumat yayıb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
yanvarın 15-20-də Uqandanın
paytaxtı Kampala şəhərində Qoşulmama
Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının
19-cu Zirvə görüşü
keçirilib. Zirvə
görüşündə Azərbaycan Respublikası
xarici işlər naziri Ceyhun Bayramovun
rəhbərlik etdiyi nümayəndə heyəti
ilə təmsil olunub.
Tədbirdə Qoşulmama
Hərəkatına üzv
və ya müşahidəçi 120-yə yaxın dövlətin, beynəlxalq təşkilatların
yüksək səviyyəli
rəsmiləri iştirak
ediblər. Tədbirə
xüsusi qonaq qismində BMT Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının 78-ci sessiyasının
sədri Denis Fransis, Afrika İttifaqı Komissiyasının
Baş katibi Musa Faki Məhəmməd,
Ərəb Dövlətləri
Liqasının Baş
katibi Əhməd Əbul Qeyt, Millətlər Birliyi təşkilatının Baş
katibi Patrisiya Skotland, həmçinin digər rəsmilər qatılıb və çıxışlar ediblər.
Görüşdə, həmçinin
mənzil-qərargahı Azərbaycanda
yerləşən Qoşulmama
Hərəkatı Gənclər
Təşkilatının Uqanda
təmsilçisinin çıxışı
olub.
Zirvə görüşünün
gündəliyinə əsasən,
Azərbaycan Prezidenti İlham Əliyevin Hərəkatın sədri
qismində fəaliyyətini
və təşəbbüslərini
əks etdirən videoçarx nümayiş
olunub. Sonra xarici işlər naziri Ceyhun Bayramovun
Azərbaycanın Hərəkata
sədrliyinin yekunlarına
dair çıxışı
dinlənilib.
Tədbirdə iştirak
edən Hərəkata
üzv dövlətlərin
və beynəlxalq təşkilatların təmsilçiləri,
o cümlədən BMT Baş
Assambleyasının 78-ci sessiyasının
sədri və Millətlər Birliyi təşkilatının Baş
katibi ölkəmizin təsisata dördillik uğurlu sədrliyini təqdir edib, Azərbaycan Respublikasının
Prezidentinə təşəkkürlərini
çatdırıblar.
Çıxışlarda Hərəkata sədrliyimizin
böyük bir hissəsinin COVID-19 pandemiyası
dövrünə təsadüf
etməsinə baxmayaraq,
Azərbaycanın bu vəzifənin öhdəsindən
nəinki uğurla gəldiyi, hətta irəli sürülən
müvafiq təşəbbüslər
və platformalar ilə Hərəkatın
daha da gücləndirilməsinə
və təsisatlanmasına
töhfə verdiyi vurğulanıb.
Tədbir çərçivəsində
Qoşulmama Hərəkatının
19-cu Zirvə görüşünün
yekun sənədi qəbul edilib. Sənəddə ölkəmiz
üçün bir sıra vacib məqamlar əks olunub.
Belə ki, yekun sənəddə Hərəkata üzv ölkələrin dövlət
və hökumət başçıları Azərbaycanın
münaqişənin təsirinə
məruz qalmış
ərazilərdə həyata
keçirdiyi bərpa,
yenidənqurma və reinteqrasiya fəaliyyətləri
ilə bağlı həmrəylik ifadə edib, bu ərazilərdə
partlamamış sursat
və mina probleminə diqqət çəkərək beynəlxalq
yardımın göstərilməsinə
çağırış ediblər.
Üzv ölkələr
Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
irəli sürülən
Qoşulmama Hərəkatının
Qadın Platformasının
yaradılması təşəbbüsünə
dəstək ifadə
edib, bu istiqamətdə ilk addım olaraq 2023-cü ilin noyabrında Hərəkatın Bakıda
keçirilmiş qadın
hüquqlarının gücləndirilməsi
ilə bağlı konfransını yüksək
qiymətləndiriblər.
Sənəddə Qoşulmama
Hərəkatının sədri
qismində Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən irəli
sürülmüş BMT Baş
Assambleyasının COVID-19 pandemiyasına qarşı
mübarizə üzrə
Xüsusi Sessiyasının
çağırılması, peyvəndlərə əlçatanlığın
təmin edilməsinin
təşviqinin Hərəkat
çərçivəsində yeni əməkdaşlıq
imkanları yaratdığı
qeyd olunub.
Ölkəmizin İqlim
Dəyişiklikləri üzrə
Çərçivə Konvensiyasının
29-cu Tərəflər Konfransına
ev sahibliyi etmək üçün seçilməsi Hərəkata
üzv ölkələr
tərəfindən yekdilliklə
alqışlanıb.
Sədrliyi dövründə
Azərbaycan tərəfindən
Qoşulmama Hərəkatının
institutlaşdırılması istiqamətində görülmüş
işlər, xüsusilə
təsisatın Gənclər
Təşkilatının və
Parlament Şəbəkəsinin
fəaliyyəti Zirvə
görüşünün yekun sənədində dəstəklənib. İnsan
Hüquqları Şurasında
Azərbaycanın sədrliyinin
nəticəsi kimi ilk dəfə inkişaf hüququ üzrə hüquqi məcburetmə xarakterli sənədin qəbulunu tələb edən qətnamənin Şurada qəbul olunması yüksək qiymətləndirilib.
Zirvə görüşü
zamanı Azərbaycanın
Hərəkata sədrliyi
dövründə təsisatın
genişlənməsi istiqamətində
atdığı müvafiq
addımlar nəticəsində
Afrika qitəsindən
yeganə üzv olmayan ölkə - Cənubi Sudan Qoşulmama Hərəkatına
qoşulub və beləliklə, üzvlərin
sayı 121-ə çatıb.
Toplantı çərçivəsində
Azərbaycan Qoşulmama
Hərəkatına sədrliyi
Uqandaya təhvil verib, ölkəmizin bundan sonra da
Hərəkatın inkişafı
istiqamətində səylərini
əsirgəməyəcəyi, xüsusilə təsisata sədrlik üçlüyü
çərçivəsində Hərəkatın fəaliyyətinə
töhfə verməkdə
davam edəcəyi diqqətə çatdırılıb.
Azərbaycan.-2024.-
23 yanvar, № 13.- S.5.