Ermənistan
bu gün öhdəliklərini yerinə
yetirməsə, sabah daha ağır şərtlərlə üzləşəcək
ATƏT-in Minsk
qrupuna daxil olan həmsədr ölkələrinin uzun illər Qarabağ münaqişəsinin sülh
yolu ilə həll olunması istiqamətində göstərdiyi
səylər heç
bir nəticə vermədi. Çünki həmsədr ölkələr
danışıqlar prosesində
işğalçı Ermənistanı
dəstəkləyirdilər.
Bundan ayağı
yer alan Ermənistan ordusu 27 sentyabr 2020-ci ildə ölkəmizin yeni ərazilərini işğal
etmək məqsədilə
mövqelərimiz üzərinə
hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı.
Vətən müharibəsi
ordumuzun və xalqımızın qələbəsi
ilə başa çatdı. Azərbaycan
nüfuzlu beynəlxalq
təşkilatların 30 ilə
yaxın həll edə bilmədiyini 44 gün ərzində yerinə yetirdi. Ermənistan müharibədə
məğlub olduğunu
üçtərəfli Bəyanata
imza atmaqla təsdiq etdi. Üçtərəfli Bəyanatı
imzalamaqla Ermənistan
həm də üzərinə müəyyən
öhdəliklər götürdü.
Təəssüflər olsun
ki, ötən illər ərzində Ermənistan üzərinə
götürdüyü öhdəlikləri
yerinə yetirməyib.
Bu dövlətin rəsmilərinin hərəkətlərindən
hiss olunur ki, heç yerinə yetirmək fikirləri də yoxdur.
44 günlük Vətən
müharibəsindən əvvəl
Ermənistanla Azərbaycan
arasında danışıqlar
Qarabağ münaqişəsinin
sülh yolu ilə həll olunması istiqamətində aparılırdı.
İkinci Qarabağ müharibəsindən sonra
isə danışıqlar
Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsinin imzalanması
üçün keçirilir.
Danışıqların əsas
məqsədi tezliklə
regionda sülhə nail olmaq, iki
ölkə arasında
olan mübahisəli məsələlərə son
qoymaqdır.
Amma ənənəsinə
sadiq qalan Ermənistan yenə də üçtərəfli
Bəyanatın müddəalarından
irəli gələn məsələlərin həlli
istiqamətində aparılan
danışıqlardan müxtəlif
bəhanələrlə yayınır.
Rəsmi İrəvan
Azərbaycanın ərazi
bütövlüyünü detallı şəkildə
tanımaq mərhələsindən
irəli getmək istəmir. Ləngərli gedişlərdən, danışıqlar
proseslərindən yayınmağından
hiss olunur ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini Rusiyanın
diktə etdiyi şərtlərlə imzalamaq
fikrində deyil. Ona görə danışıqlar prosesinə
Avropa Şurasını,
eləcə də başqa nüfuzlu təşkilat və ölkələri cəlb
etməyə çalışır.
Ermənistan danışıqlar
prosesində daim ona dəstək verən Fransanı yanında görmək istəyir. Bu dövlətin Qərb ölkələrinə yarınmaq
hərəkətləri isə
Rusiyada qıcıq yaradır.
Bütün bunlarla
yanaşı, Ermənistanın
2022-ci ilin oktyabrında
Praqada səsləndirdiyi,
2023-cü ildə Brüssel
görüşlərində təkrar etdiyi, Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin tanınması, 1991-ci il Almatı Bəyannaməsinə
sadiqlik kimi addımlar mühüm əhəmiyyət kəsb
edir. Ermənistanın
baş naziri Nikol Paşinyan bir neçə dəfə daxili auditoriyası qarşısında
ölkəmizin suverenliyini
və ərazi bütövlüyünü tanıdığını
açıq şəkildə
ifadə edib. N.Paşinyanın Qarabağı
Azərbaycan ərazisi
kimi tanıdığını
bəyan etməsi isə açıq qalmış suallara yetərli cavab verir. Brüssel görüşündən sonra
mətbuata açıqlamasında
Aİ Şurasının Prezidenti
Şarl Mişel də Ermənistan və Azərbaycan liderlərinin Ermənistanın
29,8 min kvadratkilometr, Azərbaycanın isə
86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və
suverenliyinə hörmətlə
yanaşdıqlarını bir daha qəti
şəkildə təsdiqlədiklərini
bildirib.
Müxtəlif beynəlxalq
təşkilatlarda səsləndirilən
bu və ya başqa fikirlər
iki ölkə arasında sülhyaratma prosesində yeni reallıqlar yaratdığını
açıq şəkildə
göstərir. Qalib Azərbaycan 44 günlük
Vətən müharibəsindən
sonra Ermənistanla münasibətlərin yenidən
qurulması üçün
beş baza prinsiplərini, sülh müqaviləsi təklifini,
eləcə də sərhədlərin delimitasiyası
təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir.
Azərbaycan sülh prosesinin uğurla nəticələnməsi istiqamətində
əməli addımlar
atır, üçtərəfli
Bəyanata daim sadiqlik nümayiş etdirir. Ermənistan tərəfi bu tarixi sənədin bir çox müddəalarını yerinə
yetirməyib. Bunun qarşılığında Rusiya
tərəfi də Ermənistanın öhdəlikləri
icra etməməsinə
yumşaq şəkildə
desək, göz yumub.
Amma deyəsən,
Rusiyada həqiqətin
üstünü örtmüş
buzlar yavaş-yavaş
əriyir. Bunu biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun
2023-cü ilin yekunlarına
dair TASS-a verdiyi eksklüziv müsahibəsində
gördük. Müsahibəsi
zamanı S.Lavrov Azərbaycan-Ermənistan arasında
aparılan sülh danışıqlarına toxunaraq
deyib: "Qərb dövlətləri Ermənistana
və bütövlükdə
Cənubi Qafqaza sülh və sabitlik gətirməyə
çalışmır, onların
vəzifəsi Moskvanı
sıxışdırıb aradan çıxarmaqdır.
Ermənistan indi bir sıra problemlərlə
üz-üzədir. Üstəlik,
Qərb oyunçularının
köməyi ilə onları dayandırmaq mümkün olmayacaq.
ABŞ və Aİ Rusiyadan
fərqli olaraq, respublikaya və bütövlükdə Cənubi
Qafqaza sülh və sabitlik gətirməyə çalışmır.
Onların vəzifəsi
tamamilə fərqlidir
- Moskvanı və digər regional gücləri sıxışdırıb
çıxarmaq, Balkanlar,
Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik
mənbəyi yaratmaqdır.
Fransanın danışıqlar
prosesinə qatılmağa
ciddi cəhd etməsinə münasibət
bildirən Rusiyanın
baş diplomatı N.Paşinyanı məyus qoyaraq vurğulayıb ki, üçtərəfli
Bəyanat Azərbaycan,
Ermənistan və Rusiya liderləri tərəfindən imzalanıb.
Orada Fransa prezidenti
Emmanuel Makronun imzası yoxdur.
Azərbaycan daim
sülhə sadiqdir. Ölkəmiz bunu beynəlxalq təşkilatlarla
aparılan bütün danışıqlar prosesində regiona
əmin-amanlıq gətirəcək sülh təklifləri
və reallığa hesablanmış qətiyyətli
addımları ilə sübut etmişdir. Sülh
danışıqlarından yayınan Ermənistan birgə
yaşayış üçün tarixi imkanın
yaratdığı mövcud şəraiti dərindən
anlamalı, layiqincə qiymətləndirməli və tez bir
zamanda üçtərəfli Bəyanatın tələblərini
yerinə yetirməlidir. Əks-təqdirdə
rəsmi İrəvan
daha ağır şərtlərlə üzləşəcək.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
23 yanvar, № 13.- S.8.