Fransalı nazir Ukraynada muzdlu fransız döyüşçülərinin olduğunu təsdiqlədi

 

 

Dünyanın harasında qarışıqlıq, münaqişə, müharibə, qan-qada, ölüm varsa, Fransanın orada iştirakı birmənalı olaraq şübhə doğurmur. Bir sözlə, bu ölkənin dünyada baş verən bütün münaqişələrdə təşkilatçı yaxud da iştirakçı qismində rolu inkarolunmazdır. Bu, heç qlobal dünya siyasətində Fransanın əvəzolunmazlığına dəlalət etmir. Fransanın bu şakəri dünyada baş verən bütün pisliklərə özünü bulaşdırması ilə izah oluna bilər.

Onilliklər boyu davam edən Qarabağ münaqişəsinin ilk günlərindən problemin həllinə vasitəçi kimi özünü pərçim edən Paris sonrakı proseslər zamanı mələk qiyafəsinə girmiş bir şeytan olduğunu tam çılpaqlığı ilə nümayiş etdirmiş oldu...

İllərlə Ermənistanın işğal olunmuş ərazilərimizdə möhkəmlənməsi üçün maddi yardımlar göstərən, işğalçı ölkəni silah-sursatla təmin edən, ərazilərimizdə istehkamlar tikib terrorçulara hərbi təlimlər keçən Fransa 2020-ci ilin payızında baş verən Vətən müharibəsi zamanı Ermənistanın ölkəmizə qarşı dünyada apardığı şər, böhtan təbliğatına flaqmanlıq etdi. Ölkəmizə qarşı hər cür avantüraya əl atan rəsmi Paris, Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilən Ermənistan ordusunun rəzil duruma düşdüyünü hiss edib Azərbaycan tərəfində muzdluların döyüşdüyü haqqında yalan məlumatlar yaydı. Rəsmi Parisin məqsədi dəlilsiz, sübutsuz, ortalıqda heç bir fakt olmadan yalan, saxta məlumatlardan istifadə edib nüfuzlu beynəlxalq təşkilatların gücündən imkanından ölkəmizə qarşı təzyiqlər göstərmək idi.

Dünya qlobal siyasətində varlığını qoruyub saxlamağa çalışan Parisin bütün cəhdləri isə özünüifşa ilə nəticələnir. Rusiyanı Cənubi Qafqazdan Ermənistanın əli ilə sıxışdırıb çıxarmaq istəyən Fransa bu gün qeyri-dəqiq hesablamaları, naşılığı ucbatından bu regionda baş verən siyasi proseslərdən kənarda qalıb.

Rusiya-Ukrayna müharibəsində iştirak edən fransız muzdlu döyüşçülərinin Ukraynanın Xarkov vilayətində yerləşən dislokasiya mərkəzinin Rusiya ordusu tərəfindən məhv edilməsi barədə məlumatlar da yayılmaqdadır.

Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, yanvarın 16-da Xarkovda əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqliklə zərbə endirilib. Zərbə nəticəsində muzdluların yerləşdiyi bina tamamilə dağılıb. 60 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Rusiya MN məlumatında o da qeyd olunub ki, əcnəbi döyüşçülərin əksəriyyətini fransız muzdlular təşkil edib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatı şərh edən Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Fransa öz qeyri-hərbi vətəndaşlarına Kiyevin tərəfində döyüşmək üçün könüllü olaraq Ukraynaya getməyi qadağan edə bilməz. Ukraynada fransız muzdlu döyüşçülərinin iştirakını təsdiq edən fransalı nazir LCI telekanalına müsahibəsində bildirib ki, Ukrayna geyimində döyüşməyə gedən fransız mülki şəxslər var. Amma biz bunları qadağan edə bilmərik.

Göründüyü kimi, fransalı rəsmi şəxslər Ukraynada muzdlu döyüşçülərin olmasını inkar etmirlər. Hələ bir utanmadan bu rüsvayçılığı Fransanın "demokratik ölkə" olması ilə izah etmək istəyirlər. Utanmaq hissindən məhrum olan insanlardan hər cür ədəbsizlik gözləniləndir. Qətlə yetirdikləri insanların kəllə sümüklərini muzeylərində eksponat kimi nümayiş etdirən "mədəni fransızlar", indiyə kimi müstəmləkə altında saxladıqları xalqlara, o cümlədən Afrikaya da "demokratiya" dərsi keçməyə getdiklərini iddia etsələr, heç təəccüb doğurmaz...

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 23 yanvar, № 13.- S.11.