Fransa bu mərəzə AŞ
PA-nı da yoluxdurmaq istəyir
Ermənistan indi
bir tərəfdən
sülhdən danışır,
digər tərəfdən
isə hər vəchlə sülhdən
qaçır. Bu azmış kimi, Nikol Paşinyan bildirir ki, ölkəsini
dünyanın nəqliyyat
qovşağına çevirəcək.
Hətta bunun üçün "sülh
kəsişməsi" layihəsi
təşəbbüsü ilə də çıxış edib.
Amma onun bu qeyri-ciddi bəyanatı sözün
həqiqi mənasında
dünyada rişxəndlə
qarşılanır. Dənizə
çıxışı olmayan,
Azərbaycan və Türkiyə ilə kommunikasiya əlaqəsi qurmayan ölkənin bu "layihə"sinin heç bir perspektivinin olmaması hamıya məlumdur. Hərçənd sonradan
bilindi ki, Paşinyanın belə bir absurd bəyanat
verməsinin səbəbi
Hindistan, İran və
Ermənistan arasında
olan razılaşmadan
qaynaqlanırmış, lakin
onun bu arzusu
da suya düşdü.
Belə ki, Hindistan ABŞ-nin təkidi ilə "Hindistan-Yaxın Şərq-Avropa
İqtisadi Dəhlizi"
(İMEC) adlanan yeni nəqliyyat dəhlizinin aparıcı ölkəsi
oldu. Yəni Hindistan-İran-Ermənistan
nəqliyyat marşrutu
arxa plana keçdi.
İndi Hayastan
özünü bilməməzliyə
vurub həmin layihənin icrasından danışsa da, hər kəsə məlumdur ki, bütün diqqət və sərmayə qoyuluşu İMEC-yə olacaq. Hayastanın nəqliyyat naziri Vahan Karobyan deyir ki, may
ayına kimi Hindistan-İran-Ermənistan
marşrutu fəaliyyətə
başlayacaq. Ancaq nazir bir məsələni
unudur ki, Ermənistanla İran arasında
dəmir yol bağlantısı yoxdur.
O ki qaldı avtomobil yollarına, burada da vəziyyət
ürəkaçan deyil.
Ermənistan-İran sərhədindən
Gürcüstan sərhədinə
çəkiləcək yolun
tikintisinə 2009-cu ildə
başlanılsa da, onun heç 30 faizi hazır deyil. Bu marşrut
Gürcüstandan iki istiqamətə - Qara dəniz vasitəsilə Avropaya, Lars keçidi ilə Rusiyaya yönəlib. Rusiya-Gürcüstan marşrutunun
hava şəraiti ilə bağlı olaraq ilin müəyyən
vaxtlarında həftələrlə,
hətta aylarla işləmədiyi də
olur. Hansı ölkə və ya iş adamı
belə bir etibarsız marşrutdan istifadə etmək istəyər?
N.Paşinyanın bu
yaxınlarda verdiyi başqa bəyanat da bir daha
onun siyasi cəhətdən etibarsız
olduğunu nümayiş
etdirdi. Ermənistan, Azərbaycan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli
Bəyanatla Zəngəzur
dəhlizinin açılması
barədə üzərinə
götürdüyü yazılı
öhdəliyi danmasını
deyirik. N.Paşinyan bildirib ki, kim
həmin bəyanatda Zəngəzurla bağlı
öhdəlik götürdüyünü
sübut etsə, ona mükafat verəcək. Onun bu həyasız inkarçılığına ilk reaksiya Rusiyadan
gəlib. Həmişə
ermənipərəst mövqeyi
ilə seçilən
Sergey Lavrov qonşu ölkəni təhdid edərək bildirib ki, həmin
məsələ üçtərəfli
Bəyanatda öz əksini tapıb və Ermənistan üzərinə götürdüyü
öhdəliyi yerinə
yetirməlidir. Ermənistan
rəhbərinin bu sürüşkən mövqeyindən
sonra hansı dövlət bu ölkəyə etibar edər. Elə Hindistanın da sözügedən marşrutdan
yan keçməsinin əsas səbəblərindən
biri Ermənistanın
qeyri-ciddi olmasıdır.
Ermənilərin digər
böyük bəlası
həmişə ağa
axtarışında olmaları
və ya onları tez-tez dəyişmələridir. Bugünkü
Ermənistan dövləti
mövcudluğuna görə
Rusiyaya minnətdar olmalıdır. Amma əvəzində bunu unudub xilaskarına meydan oxuyur. Çünki indi "böyük bacı"sı
Fransa onlara nələrisə vəd edir. Elə Zəngəzur dəhlizinin
açılmamasının bir səbəbi də Fransanın Cənubi Qafqazda hegemonluğu ələ keçirmək siyasətindən
qaynaqlanır. Əgər
bu gün Fransa Ermənistana desə ki, Azərbaycanın
şərtlərinə uyğun
sülh müqaviləsi
imzala, imzalayacaq.
Fransa isə Azərbaycanla Ermənistan
arasında sülhüm
olmasını istəmir.
Əksinə, iki ölkə arasında gərginliyin qalmasında,
mümkün olsa, yeni müharibənin başlanmasında maraqlıdır.
Məqsəd Rusiyanı
bölgədən sıxışdırıb
çıxarmaqla regionu
hərbi və siyasi baxımdan nəzarətə götürməkdir. Bunun üçün plastdarm kimi Cənubi Qafqazın zəif bəndi olan Ermənistandan istifadə edir. Regionun güclü dövləti
Azərbaycana isə müxtəlif vasitələrlə
təsir etmək istəyir.
Məlum olduğu
kimi, Fransa parlamentinin aşağı
və yuxarı palataları tərəfindən
44 günlük Vətən
müharibəsindən sonra
ölkəmizin əleyhinə
bir neçə qətnamə qəbul edilib. Fransa Senatının yanvarın
17-də qəbul etdiyi qətnamə isə şər hədəfinin
"onluğu"na dəyib.
Azərbaycanı az qala ermənilərə qarşı "soyqırımı"
törətməkdə suçlayan
sənəddə dəlil,
sübut əvəzinə
"biz belə istəyirik, belə də yazırıq" hikkəsi var.
Həmin qətnamənin
mürəkkəbi qurumamış
Fransanın təhriki
ilə Avropa Şurası Parlament Assambleyası Azərbaycanın
qurumdakı səsini dondurmaq barədə məsələni gündəliyə
çıxarıb. Bu
dəfə Fransa, el arasında deyildiyi kimi, "ilanı Seyid Əhməd əli ilə" tutmağa qərar verib. Belə ki, məsələni
gündəliyə almaniyalı
deputat Frank Şvabe daxil etsə də, müəllifi Fransadır. Belə çıxır ki, Avropanın aparıcı ölkəsi və söz sahibi olan Almaniya indi
Fransanın yedəyində
gedir?!
Bütün dünya
bilir ki, Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq 30 il Ermənistan
tərəfindən 20 faiz
işğal olunan torpaqlarını azad edərək ərazisində
suverenliyini bərpa edib. Yəni heç bir beynəlxalq qanunu pozmayıb. Bəs Fransanı rahatsız edən nədir? Bu ölkə özünün apardığı
müstəmləkə siyasəti
üzündən Afrikadan
və Asiyadan qovulub. E.Makronun belə yarıtmaz siyasəti hətta Fransa parlamentində müzakirə edilib və dövlətin apardığı diplomatiyanın
uğursuzluğu şiddətli
tənqid olunub. Bu səbəbdən də Fransa indi Cənubi Qafqaza soxulub Afrikada itirmiş nüfuzunu bərpa etmək istəyir. Ona qarşı açıq-aşkar müqavimət
göstərən ölkə
isə Azərbaycandır.
İndi bildinizmi Fransanın Azərbaycanı
hədəf seçməsinin
səbəbini?!
Əgər Fransa
həqiqətən ədaləti,
ölkələrin ərazi
bütövlüyünü müdafiə edən, insan haqlarına dəyər verən ölkə olsaydı, Ermənistan tərəfindən
Azərbaycanın torpaqları
işğal olunan 30 il ərzində bircə dəfə səsini çıxarardı.
AŞ PA isə bu illər ərzində üzvü olan bir ölkənin (Ermənistan) digərinin (Azərbaycan) ərazisini işğal altında saxlaması faktına göz yummayıb, işğalçı dövlətin
səs hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edərdi. Bundan sonra belə
ədalətsizliyə necə
dözəsən, ona
necə qərəz deməyəsən...
Rüstəm KAMAL,
Azərbaycan.-2024.-
24 yanvar, № 14.- S.8.