Mədəniyyət:
mənəviyyatımızın aynası
Dünya bizi bu aynaya
baxıb tanıyır
Bu gün tarixinin ən qüdrətli mərhələsini
yaşayan ölkəmizin
çoxşaxəli inkişaf
meyilləri milli mədəniyyətimizi də
əhatə edir. Hər il Azərbaycan
mədəniyyətinin inkişafı
məqsədilə ardıcıl
addımlar atılır,
müxtəlif tədbirlər
həyata keçirilir.
Bütün bunlar mədəniyyət sahəsinin,
bu sahədə çalışan insanların
daimi dövlət qayğısı ilə əhatə olunduqlarını
göstərir. Hamımız
razılaşarıq ki,
dünyada sülhün,
mədəniyyətlər arasında
dialoqun, insanı qorumağın və onun rifahı üçün çalışmağın
alternativi yoxdur. Bunlar Yer üzündə
sağlam düşüncənin
əhatəsini genişləndirir.
Xoş niyyətlər
ətrafında birləşən
insanların sayını
artırır.
Bəşəriyyət üçün belə nailiyyətləri yaradan faktlardan biri də ölkəmizdə keçirilən silsilə
beynəlxalq tədbirlər
kimi yanaşdığımız
festivallar, mahnı müsabiqələri, qlobal
mədəniyyətlərarası dialoq forumlarıdır. Həmin forumlarda aparılan müzakirələrdir.
Dünyanın nüfuzlu
söz sahibləri arasında gedən fikir və ideya
mübadilələridir. Əldə
edilən razılaşmalardır.
Bakıdan bütün
bəşəriyyətə ünvanlanan çağırışlardır.
Bu gün həyata keçirilən
çoxşaxəli layihələri
birləşdirən ümumi
ortaq xətt məhz milli irsin təbliği, mədəniyyət abidələrinin,
genofondun qorunmasıdır.
Mədəniyyətin ən böyük təsir gücü həm də milli birliyə xidmət etməsindədir.
Ortaq mədəniyyət
insanları öz doğmalığında bir
araya gətirir. Xalqın milli birliyini sarsılmaz edir. Mədəniyyət ortaq keçmişə və gələcəklə
bağlı məqsədlərə
malik ayrı-ayrı ölkələrin birliyi üçün də möhkəm bağlantıdır.
Vətən müharibəsindəki
qələbəmizdən sonra
regionda yeni geosiyasi reallıqlar yaradan, türk dünyasının tərəqqipərvər
toplumlarla bir arada inkişafı, sülh, sabitlik, rifah içində bəşəriyyətin xoşbəxt
gələcəyinə yönələn,
ardıcıl işlər
aparan Azərbaycan üçün bu amil çox vacibdir.
Mədəniyyət tədbirlərinin dünyaya
anlatdığı həqiqətlər
İndiyə qədər
Azərbaycanda çox
əhəmiyyətli mədəniyyət
hadisələri yaşanıb.
Ölkəmiz bir çox regional və beynəlxalq səviyyəli tədbirə
evsahibliyi edib. Humanitar sahədə bütün dünyada böyük maraqla qarşılanan və təqdir edilən xeyli xoşməramlı layihələr reallaşdırılıb.
Azərbaycanın təşəbbüsü
ilə təşkil edilən "Bakı prosesi" bütün dünyada yüksək nüfuzlu beynəlxalq platformaya çevrilib.
Vətən müharibəsindəki
möhtəşəm qələbəmizə
qədər bunlar Azərbaycanın dünya
mədəniyyətinə fayda
vermək arzusu, ölkəmizi, xalqımızı
beynəlxalq ictimaiyyətə
zəngin mədəniyyətimizlə
birgə tanıtmağı,
sağlam düşüncəli
insanları müxtəlif
qlobal məsələlər
ətrafında bir araya gətirmək istəyi kimi görünürdü. Qələbəmizdən,
işğal altındakı
torpaqlarımızın azadlığından
sonra isə artıq bu cür
tədbirlər əlavə
məzmun kəsb etməyə başlayır.
Azərbaycanın öz
müstəqilliyini daha
da möhkəmləndirməsi,
sosial-iqtisadi inkişaf,
ordu quruculuğu, xarici siyasət sahəsində görülən
işlər, cəmiyyət
həyatının müxtəlif
sahələrində aparılan
köklü islahatlar qədər mədəniyyət
diplomatiyası da uğurla həyata keçirilir.
Şuşaya dövlətimiz
mədəniyyət işığında
daxil oldu. Düşmənin 30 ilə
yaxın müddətdə
daşı daş üstündə qoymadığı,
dini məbədlərinə
qədər dağıdıb
tökdüyü bu gözəl məkanda yenidən mədəniyyət
günəşi doğdu.
Şuşa Azərbaycanın
mədəniyyət paytaxtı,
2023-cü ildə türk
dünyasının mədəniyyət
paytaxtı, bu il isə islam
dünyasının mədəniyyət
paytaxtı elan olundu. Bütün xalqları, ölkələri,
insanları kin-küdurəti,
mənasız iddiaları,
saxta mifləri kənara qoyub mədəniyyət dəyərləri
ətrafında birləşməyə
çağırdı. Mədəniyyətin
gücü ilə dünyaya, insanlara, bu günə və gələcəyə
fayda verməyə səslədi.
Şuşada
təşkil edilmiş
"Xarıbülbül" festivalları, Vaqif Poeziya Günləri hər kəsi heyran etdi. Festivallarda
Şuşadan, Cıdır
düzündən yenidən
dünyaya xoş musiqi sədaları yayıldı. Milli mənsubiyyətindən, dilindən,
dinindən asılı
olmayaraq Azərbaycanı
özünə vətən
bilən hər bir kəsin ürəyi bu tədbirlərin keçirildiyi
əsrarəngiz diyarda
döyündü.
Xüsusi qeyd olunmalıdır ki, ölkəmiz son onilliklərdə mədəniyyət
sahəsində bir sıra tarixi nailiyyətlərə imza
atmaqdadır. Heydər
Əliyev Fondunun silsilə tədbirləri,
xarici ölkələrdə
keçirilən Azərbaycan
mədəniyyəti günləri,
Üzeyir bəy Hacıbəyli, Rostropoviç,
Qəbələ Beynəlxalq
Musiqi festivalları,
"Muğam aləmi"
Beynəlxalq Muğam Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət
xadimlərinin yubileyləri
ölkəmizin getdikcə
artan nüfuzu və potensialının mədəniyyət sahəsindəki
təzahürüdür. Bütün
bunlar hazırda Azərbaycanı dünyanın
əsas musiqi mərkəzlərindən birinə
çevirmişdir.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə uzun illərdən bəri həyata keçirilən
yerli və qlobal layihələr, humanitar təşəbbüslər
ölkəmizin mədəniyyət
diplomatiyasının uğurlarına
xidmət edir. Mehriban xanımın təşəbbüsü ilə
indiyə qədər
doğma yurdumuzun paytaxtında, bölgələrdə
və Azərbaycanın
hüdudlarından kənarda
çox əhəmiyyətli
mədəniyyət layihələri
həyata keçirilib.
Mühüm geostrateji
mövqeyə, zəngin
təbii sərvətlərə,
böyük inkişaf
potensialına görə
tanınan Azərbaycanı
dünyanın böyük
bir hissəsi indi həm də
zəngin mədəniyyətimizlə
kəşf etməyə
başlayıb. Bu layihələrin hər biri ölkəmizin imicini daha da
yüksəldir. Azərbaycanlıları
sivil, qədim mədəniyyətə malik
xalq kimi dünyaya təqdim edir. Minillər boyu bu torpaqlarda
yaradılan və nəsillərdən-nəsillərə mənəvi miras kimi keçən misilsiz mədəniyyət
incilərimizi bəşəriyyətə
sərgiləyir. Mədəniyyətlər
arasında dialoq, tolerantlıq, multikulturalizm
çağırışları ilə Azərbaycanın tutduğu yolu, ümumbəşəri dəyərlərə
bağlılığını, yüksək amallarını
göstərir.
Şəxsiyyətlərimiz həmişə anılır
Azərbaycan öz
milli irsini, mənəvi dəyərlərini,
tarixi şəxsiyyətlərini
dünyada təbliğ
edir. Beynəlxalq ictimaiyyət bizi tarixboyu bəşər mədəniyyətinə ciddi
töhfələr vermiş
mütəfəkkirlərimizin mənəvi irsi işığında tanıyıb
dəyərləndirir. Nəimi,
Nəsimi, Nizami, Əcəmi Naxçıvani,
Şah İsmayıl Xətai, Seyid Əzim Şirvani, Vaqif, Natəvan və başqa böyük şəxsiyyətlərimizin
yaradıcılığına diqqət yönəltməklə
Azərbaycan bu dühaların yaradıcılıq
dünyasından müasir
bəşəriyyətin problemlərini
araşdırır, onların
həlli yollarını
tapır. Azərbaycanda
"Nəsimi ili",
"Nizami ili"nin elan olunması belə böyük dühalarımızı cəmiyyətimizə
də, gənc nəsillərimizə də
fərqli yöndən
tanıdır. Xüsusi
sərəncamlarla yubileyləri
qeyd olunan şəxsiyyətlərin mənəvi
irsi işığında
gələcəyə doğru
aydın yol göstərilir.
2019-cu il ölkəmizdə "Nəsimi
ili" elan olundu. Böyük şair və mütəfəkkir
İmadəddin Nəsiminin
650 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi.
Böyük Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin
880 illik yubileyi ilə əlaqədar
2021-ci il ölkəmizdə "Nizami ili" elan olundu. Bu, təkcə böyük dühaların yaradıcılığına,
ədəbiyyata deyil,
ümumilikdə mədəniyyətə,
Azərbaycana və sivilizasiyaya verilən dəyərdir.
Tarixi töhfələrə
böyük qiymət
İctimai fikir
tariximizdə müstəsna
rol oynamış təsisatların yubileylərinin
təntənəli şəkildə
qeyd edilməsi dövlətimizin mədəniyyət
siyasətində xüsusi
yer tutur. Ötən ildə də yubuleyi tamamlanan qurumların tarixindəki bu əlamətdar məqam ən yüksək səviyyədə qeyd edildi. Onların hər biri cəmiyyət həyatında xoş mədəniyyət hadisəsinə
çevrildi. 2023-cü ildə
fəaliyyətə başlamasının
150 ili tamam olan Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi buna bir nümunədir. Ötən il fevralın 3-də verilən
sərəncamda Azərbaycan
teatrı xalqımızın
mədəni sərvəti
kimi dəyərləndirilmiş,
həmin sərvətin
qorunması və inkişaf etdirilməsinin mədəniyyət
siyasətində əsas
prioritetlərdən biri
olduğu vurğulanmışdır.
Əlamətdar mədəniyyət
faktlarından biri də Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin 100 illiyinin
tamamlanması olmuşdur.
Yaradıldığı ilk
vaxtlardan dövrünün
görkəmli ədəbi
simalarının və
məşhur sənət
adamlarının tədrisə
cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında
təşkil olunmuş
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universiteti
ölkənin zəngin
ənənələrə malik ali təhsil
müəssisələrindəndir. Ötən müddət ərzində universitet milli mədəniyyətimizin
və incəsənətimizin
tərəqqisi işinə
mühüm töhfələr
vermiş, peşəkar
sənətkarlar yetişdirmişdir.
Fəaliyyətini dövlətin
mədəniyyət və
təhsil strategiyalarının
hədəflərinə uyğun,
müasir tələblər
səviyyəsində quran
ali məktəb mədəniyyətin və
incəsənətin bütün
başlıca sahələrini
əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli
şəbəkə formalaşdırmış,
həmçinin dünyanın
bir sıra ölkələrinin ali təhsil və mədəniyyət mərkəzləri
ilə qarşılıqlı tərəfdaşlıq
əlaqələri yaratmışdır.
Universitetin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi bu mədəniyyət məbədinin
fəaliyyətinə verilən
yüksək dəyərin
ifadəsi kimi cəmiyyətdə böyük
rəğbət doğurmuşdur.
2023-cü ildə Azərbaycan
Milli Kitabxanasının
fəaliyyətə başlamasının
da 100 illiyi tamamlanmışdır. Cəmiyyətimizin
intellektual potensialının
yüksəlməsində bu
kitabxananın rolu müstəsnadır. Ədəbiyyat
sayı milyonları keçən fondlarını
müntəzəm surətdə
milli və dünya əhəmiyyətli
nəşrlərlə, nadir
kitablar, yeni-yeni çap məhsulları və qiymətli məlumat daşıyıcıları
ilə zənginləşdirməklə
Azərbaycan Milli Kitabxanası xalqımızın
mədəniyyət xəzinəsinə
çevrilmişdir. Kitabxana
bu gün fəaliyyət dairəsini
daha da genişləndirərək
milli-mənəvi sərvətlərin
etibarlı şəkildə
qorunması və onun gələcək nəsillərə çatdırılması
istiqamətində silsilə
tədbirlər gerçəkləşdirir.
İşini qabaqcıl
texnologiyaların tətbiqi
ilə dövrün tələbləri səviyyəsində
daim təkmilləşdirir.
Dünya kitabxanaları
ilə qarşılıqlı
əməkdaşlıq əlaqələrini
uğurla inkişaf etdirir.
Bu il fevralın 9-da Naxçıvan
Muxtar Respublikasının
da yaradılmasından
100 il ötür. Naxçıvan şəhəri
Azərbaycanın çoxəsrlik
zəngin keçmişində
layiqli yer tutur. Bu şəhər
Azərbaycan Atabəyləri
- Eldəgizlər dövlətinin
paytaxtı olmuş, İslam sivilizasiyasının
mühüm elm, mədəniyyət və
sənətkarlıq mərkəzlərindən
biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi
Əcəmi Naxçıvani
tərəfindən qoyulmuş
memarlıq məktəbinin
günümüzədək gəlib çatan yadigarları Şərq dünyasının mədəniyyət
abidələri sırasında
indi də mühüm yer tutur. Naxçıvan əsrlər-boyu yetirdiyi görkəmli şəxsiyyətləri
ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin
və elminin tərəqqisinə töhfələr
vermişdir.
Naxçıvan Muxtar
Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini
uğurla gerçəkləşdirir.
Azərbaycanın ətraf
mühitin mühafizəsinə
yönəlmiş fəaliyyəti
çərçivəsində muxtar respublika "yaşıl enerji" zonası elan olunmuşdur.
Ötən ilin
ən mühüm mədəniyyət hadisələrindən
biri də "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması ilə bağlı olmuşdur. Bununla əlaqədar müvafiq sərəncam imzalanmışdır. Məlum
olduğu kimi, Tuğ kəndi Azərbaycan xalqının
böyük keçmişini
özündə təcəssüm
etdirən tarixi yaşayış məntəqələrindəndir.
Bu kənd Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrini özündə
mühafizə edir. Burada Qarabağ bölgəsinin ənənəvi
memarlıq üslubuna
xas dekorativ elementlərlə işlənmiş
yaşayış evləri,
bulaqüstü tikililər,
sənduqə tipli qəbirlər və məbədlər vardır.
Tuğ kəndi
eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan
Zəfər yolu üzərində yerləşməsi
kəndin turizm baxımından inkişaf
perspektivini artırır.
Sənətə və sənətkara qayğı
Azərbaycan ictimai fikrinin inkişafında mühüm rol oynamış görkəmli
sənətkarların yubileylərinin
yüksək səviyyədə
qeyd edilməsi dövlətimizin mədəniyyət
siyasətində xüsusi
yer tutur. 2023-cü ildə bir çox
tanınmış simaların
yubileylərinin keçirilməsi
haqqında sərəncamlar
imzalanmışdır.
Görkəmli ictimai-siyasi
xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının
sədri Məhəmməd Əmin Rəsulzadənin
140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalanmışdır.
Daha bir yubiley sərəncamı görkəmli
teatr rejissorumuz, dövlət mükafatları
laureatı, tanınmış
pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında olmuşdur. 2023-cü ilin dekabrında Azərbaycan
Milli Elmlər Akademiyasının
həqiqi üzvü,
görkəmli tarixçi
və şərqşünas
alim Sovet İttifaqı
Qəhrəmanı Ziya Bünyadovun
da anadan olmasının
100 ili tamamlanmış
və bu görkəmli şəxsiyyətin
yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam
imzalanmışdır.
Mədəniyyət, elm, təhsil
və digər sahələrdə mühüm
xidmətlərə malik bir
çox sənət adamlarımızın yüksək
dövlət mükafatları
ilə təltif olunması hər zamankı kimi ötən il də davam etdirilmişdir. Azərbaycan təsviri sənətinin inkişafında
və təbliğində
böyük xidmətlərinə
görə Çingiz
Fərzəliyev "Şərəf"
ordeni, Azərbaycan rəssamlıq sənətinin
inkişafında xidmətlərinə
görə Arif Hüseynov və
Tofiq Ağababayev "Şöhrət"
ordeni, Azərbaycan musiqi mədəniyyətinin
inkişafında xidmətlərinə
görə Akif İslamzadə
"Şöhrət" ordeni,
Azərbaycan mədəniyyətinin
inkişafında uzunmüddətli
səmərəli fəaliyyətinə
görə Vaqif Mustafayev 2-ci dərəcəli "Əmək"
ordeni ilə təltif edilmişlər.
Teatr sənətinin inkişafında uzunmüddətli
səmərəli fəaliyyətinə
görə Ramiz Məlik "Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu", Azərbaycan mədəniyyətinin inkişafında
böyük xidmətlərinə
görə Rasim Balayev və
Oqtay Mirqasımov
"İstiqlal" ordeni,
Elçin Əfəndiyev "Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş, Rauf Abdullayevə Heydər Əliyev
Mükafatı verilmişdir.
Mədəni əlaqələrin
inkişafında, milli mədəniyyətimizin
ölkə sərhədlərindən
kənarda təbliği
sahəsində mühüm
əməyi olan sənət adamlarının
xidmətləri də
diqqətdən kənarda
qalmamışdır. Onlardan
Yuli Qusman Azərbaycan-Rusiya
mədəni əlaqələrinin
inkişafındakı xidmətlərinə
görə "Şərəf"
ordeni, Azərbaycan mədəniyyətinin təbliği
sahəsində uzunmüddətli
səmərəli fəaliyyətinə
görə Tamara Sinyavskaya
"Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu" ilə mükafatlandırılmışdır.
Bütün bunlar ölkəmizdə mədəniyyətin
inkişafı üçün
münbit mühitin yaradıldığını göstərir.
Gəlin unutmayaq, intibah mədəniyyətdən
başlanır.
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
24 yanvar, ¹ 14.- S.6.