50 çeşiddə
məhsul, 13 ölkəyə
ixrac
Müasir müəssisələrimiz sayəsində
idxaldan asılılıq
aradan qaldırılır
Hər şeydən
öncə təhlükəsizlikdir...
Elə Sumqayıt
Kimya Sənaye Parkının (SCİP) rezident
üzvlərindən olan
"SOCAR Polymer"in əsas
üstünlük verdiyi
həm işçilərin,
həm də zavod ərazisinə daxil olan qonaqların
təhlükəsizliyinin qorunmasıdır.
Bunun üçün
isə ərazidə təbii ki, təhlükəsizlik qaydalarına
əməl etmək ən vacib məsələdir.
Bu səbəbdən müəssisə ərazisinə
daxil olduğumuz zaman ilk olaraq
Sağlamlığın, Əməyin
Təhlükəsizliyinin qorunması
və Ətraf Mühitin mühafizəsi
(SƏTƏM) məsələləri üzrə təlimçi
zavod ərazisində davranış qaydalarını
izah etdi.
Ümumiyyətlə, SƏTƏM siyasətində öz prioritetinə çevirən
zavod işçilərini,
müştəriləri, qonaqları,
yerli icmaları və fəaliyyətlərinin
təsirinə məruz
qala biləcək hər kəsi qorumaq öhdəliyinə
ciddi yanaşır.
Bu gün
"SOCAR Polymer" şirkəti
yaradılma məqsədinin
cavabını tam olaraq verir. Öz missiyasını layiqincə yerinə yetirən şirkətin zavodları Azərbaycanın
neft-kimya sənayesinin
inkişafının sürətləndirilməsi
və ölkəmizə
polimer bazarının
PP/YSPE seqmenti üçün
məhsul istehsal edən dövlətlər
sırasına daxil olmaq imkanı qazandırıb. Fəaliyyətini
bu gün də uğurla davam etdirən müəssisənin regionda
dayanıqlı rəqabət
üstünlüyünə malik bizneslər yaratmaq məramı da öz səmərəsini
verir. Hazırda şirkətdə özəl
investorların səhm
payı 43 faiz təşkil edir.
Məhsulların 95 faizi
xarici bazarlara göndərilir
2018-ci ildə "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimində
Prezident bu müəssisənin Azərbaycanın
qeyri-neft sektorunun inkişafına böyük
dəstəyi olacağına
əminliyini ifadə etmişdi. Dövlət başçısı burada
buraxılan xammaldan hazır məhsul istehsal olunacağını
və Azərbaycanın
həmin məhsulun idxalından asılılığını
aradan qaldıracağını
vurğulamışdı.
"…Polipropilen zavodunun
istifadəyə verilməsi
və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində
Azərbaycanın ixrac
potensialı böyük
dərəcədə artacaq.
Hər iki zavodda hər il 300 min ton
məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan
idxaldan asılılığı
tamamilə aradan götürəcək və
ölkəmizin böyük
həcmdə qeyri-neft
ixracı yaradılacaqdır.
Bizim iqtisadi sahədə və sənaye istehsalı sahəsində məqsədimiz
məhz bundan ibarətdir. Biz bu zavodun timsalında
Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük", - deyə
Prezident bildirmişdi.
Bəli, bu gün "SOCAR Polymer"
məhsullarını 13-ə yaxın ölkəyə ixrac etməklə yanaşı, yerli tələbatı da ödəyir.
Şirkətin fəaliyyəti
barədə bizə məlumat verən baş direktorun müavini Rauf Quliyev qeyd edir
ki, 2013-cü ildə təsis edilən
"SOCAR Polymer" 2015-ci ildə
Azərbaycanda ilk dəfə olaraq neft-kimya sənayesində layihənin maliyyələşdirilməsi
ilə 500 milyon dollara yaxın vəsait cəlb edib. Şirkətin istehsalat obyektləri olan polipropilen (PP) və yüksək sıxlıqlı polietilen
(YSPE) istehsal edən iki zavod 2018-ci ilin iyulunda və
2019-cu ilin fevralında
istismara verilib: "Polipropilen zavodunun açılışında həmçinin
İtaliya Prezidenti Sercio Mattarella da olmuşdu. 2018-ci ildən ixraca başladıq. Əsas ixrac bazarı Rusiya, Qazaxıstan, Belarus və digər MDB ölkələri, ikinci yerdə isə Türkiyədir. Yerli satışın az olması tələbatla bağlıdır. 2020-ci ildə
"SOCAR Polymer" Rusiya
bazarında polipropilen
üzrə ixracatçılar
arasında birinci yerdə olub. Hazırda bütün polipropilen məhsulları
üzrə ilk sıradadır. 2023-cü ildə
ilk dəfə olaraq satışların dəyəri 300 milyon dolları keçib".
İstehsal olunan
məhsulların 95 faizini
xarici bazarlara göndərən "SOCAR Polymer"
bu gün də qeyri-neft ixracatçı şirkətlər
arasında liderlərdəndir.
Polipropilen zavodunun
illik istehsal gücü 184 min ton, yüksək sıxlıqlı polietilenin
isə 120 min tondur. Xammal təchizatçısının SOCAR "Azərkimya" İstehsalat
Birliyinin olduğunu deyən direktor müavini bildirir ki, istehsalda əsasən yerli xammallardan istifadə olunur, müəyyən qatqılar idxal edilir.
Davamlı istehsal
800-ə yaxın işçisi
olan şirkətin mütəxəssislərinin 99 faizi yerli kadrlardır.
R.Quliyev qeyd edir ki, hazırda
müəssisədə 50-dən çox çeşiddə
məhsul istehsal olunur ki, onlardan
30-a yaxını polipropilen,
qalanı isə polietilen qurğularına aiddir.
Daha sonra isə dəbilqəmizi, xidməti jiletimizi və qoruyucu eynəyimizi taxaraq ərazi ilə tanış olmağa başlayırıq. Bizi proseslərlə tanış
etmək üçün
müşayiət edənlər
PP və YSPE üzrə
sahə operatorları
Nəcəf Əsgərov
və Aqil Budaqovdur.
İlk getdiyimiz
yer hər iki zavodun fəaliyyətinin,
istehsal prosesinin kompüterlər vasitəsilə
tənzimləndiyi İdarəetmə
mərkəzidir.
Mərkəzdən kompüterlər
vasitəsilə istehsal
prosesini izləyirik. Zavodların istehsalı barədə
danışan N.Əsgərov
deyir ki, bütün proses kompüterlər vasitəsilə
idarə olunur. "Avadanlıqlarla bağlı
problemlər istisna olmaqla, bütün proses idarəetmə otağından idarə oluna bilir. İstehsal
prosesi davamlıdır.
İstehsalatda itki olsa da, həmin
məhsulun təkrar emalı mümkündür",
- deyə o bildirir.
Texnoloji
inkişafla bağlı
itkilərin həcminin
azaldığını qeyd
edən sahə operatoru bildirir ki, istehsal prosesi
4-5 ildir fasiləsiz olaraq davam edir.
Sistemin istismar müddətinin başa çatmasına isə hələ 10 ilə yaxın vaxt var. Polietilenin polipropilenə nisbətən
daha dözümlü
olduğunu vurğulayan
N.Əsgərov deyir ki, bu məhsullar
100-200 il istifadə oluna bilir. O bildirir ki, saatda
10-12 ton polietilen istehsal etmək mümkündür.
Daha sonra əraziyə baş çəkərək hər
iki zavodun reaktorlarını müşahidə
edirik. Qurğular vasitəsilə baş tutan istehsal prosesi barədə məlumatlar alırıq.
Təbii ki, müəyyən kimyəvi
proseslər getdiyindən
ərazidə hər sahəyə daxil olmaq mümkün deyil.
Daha sonra isə hazır məhsulların paketləmə
prosesinin baş tutduğu sahəyə daxil oluruq. Məhsulların
kisələrə tökülərək
streçlənməsi prosesini
izləyirik.
Ərazidə olan
paketləmə operatoru
Zaur Bədəlov deyir ki, məhsul
daxil olduqdan sonra iki xətt
üzrə paketləmə
həyata keçirilir:
"Polipropilen və polietilen 25 kq-lıq kisələrə doldurulur.
Saatda 25-28 ton arası məhsul paketlənərək hazır
vəziyyətə gətirilir.
Maksimum 30 tona qədər məhsul qablaşdırıla bilir".
N.Əsgərov bizə
polietilenin istifadə olunduğu sahələr barədə də məlumat verir. Qeyd edir ki,
YSPE yüksək təzyiqə davam gətirən qaz, su və kanalizasiya
boruları da daxil olmaqla, geniş çeşidli məhsulların istehsalında
xammal kimi istifadə oluna bilər.
PP-yə cavabdeh
sahə operatoru Aqil Budaqov isə
polipropilendən hazırlanan
məhsullara diqqəti
çəkir: "Zavodda
iki adda polimer istehsal olunsa da, ayrıca
olaraq polipropilendən
30-a yaxın çeşiddə
məhsul hazırlanır.
Bunlar qablaşdırma
materialları, tekstil,
dəftərxana ləvazimatı,
avtomobil hissələri,
elektron, elektrik cihazlarının istehsalında
xammal kimi istifadə olunur. Eyni zamanda polipropilendən
qida məhsullarının
qablaşdırılması və tibb sənayesi
sahələrində də
geniş istifadə oluna bilər".
Daha sonra "SOCAR Polymer"in
laboratoriyasına baş
çəkirik. Analizlərin
aparılması üçün
bütün avadanlıqların
yer aldığı hissədə keyfiyyətə
nəzarət üzrə
mühəndis Günel Allahverdiyeva aparılan laborator müayinələrdən danışır.
Qeyd edir ki, zavodda istehsal olunan hər iki məhsulun xammalından hazır vəziyyətinə qədər
analizlər götürülür.
""Azərkimya" İB-dən gələn xammalların laboratoriyada keyfiyyət və kəmiyyət analizləri
həyata keçirilir,
istehsala uyğunluqları
yoxlanılır. İstehsal
prosesində bizə aralıq məhsul daxil olur və
onlardan da analizlər götürülür. Hər
iki zavod üçün analizlər
fiziki göstəricilərinə
görə bir-birindən
fərqlənirlər. Daha sonra
hazır məhsuldan nümunələr daxil olur və onlar
üzərində də
laborator müayinələr
aparılır".
Qeyd edək
ki, son məhsul üçün
mexaniki, termiki və fiziki analizlər həyata keçirilir. Aparılan analizlər nəticəsində
satışa göndəriləcək
məhsullara uyğunluq
sertifikatı verilir. Yalnız sertifikatlaşdırılan
məhsullar satışa
göndərilir.
İllik istehsal gücü 20 min ton olan zavod
Daha sonra yolumuz Sumqayıt
Kimya Sənaye Parkının
1,5 hektar ərazisində
inşa edilən
2022-ci ildə fəaliyyətə
başlayan "Azərsulfat"
zavodunadır. Müəssisə
bu gün daxili bazarı təmin etməklə yanaşı, məhsullarını
ixrac da edir. Zavodun illik istehsal
gücü 20 min tondur.
Zavodun iş fəaliyyəti ilə bizi tanış edən baş texnoloq Rəşad Namazov qeyd
edir ki, sulfat turşusunun hazırlanmasında
ölkəyə idxal
olunan kükürd
99.9 faiz təmizlənir.
Kükürd elevator vasitəsilə
160 dərəcəlik əritmə
sisteminə verilir.
Buxar vasitəsilə əridilən
xammal mexaniki filterdə 10 mikrona qədər təmizləndikdən
sonra kükürd çəninə yığılır.
Daha sonra kükürd
sobasına göndərilən
məhsuldan müəyyən
reaksiyalar nəticəsində
sulfat turşusu əmələ gəlir. Sulfatın bir hissəsi daim həmin reaksiya üçün sistemdə
istifadə olunur. Qalanı hazır məhsulun saxlanılması
çənlərinə toplanır.
Saxlama çənləri
3 ədəd olmaqla, hər biri 640 tona qədər tutuma malikdir. Onlar bir aylıq
istehsalı toplaya bilir.
R.Namazov qeyd edir ki, müəssisə gündəlik 60 ton olmaqla,
ən müasir üsullarla 93-98 faizli sulfat turşusu istehsal etmək gücünə malikdir. İstehsal olunan məhsulun 10 min tonu yerli bazara, qalanı
isə əsas ixracat bazarı olan Gürcüstana göndərilir. Bu ildən
isə sulfat turşusunun Rusiyaya ixracı da nəzərdə
tutulur.
Günümüzdə qeyri-neft
sənayesinin perspektivi
həm də birbaşa texnoloji inkişafla bağlıdır.
Ən son texnologiyalar müəssisənin istehsal
gücünü artırmaqla
yanaşı, istehsalatda
itkilərin azalmasına
və prosesin avtomatlaşdırılmasına imkan verir. Nəticə
innovativ üsullarla dünya standartlarına uyğun, böyük istehsal gücünə
malik, xarici bazarda özünə yer qazanan Azərbaycan brendinin inkişafına rəvac verir.
"Azərsulfat"da da istehsal
prosesinin 90 faizi avtomatik rejimdə çalışır. Baş texnoloq
deyir ki, zavodda
"Siemens" firmasının 4-cü nəsil sistemindən istifadə olunur və istehsal prosesi İdarəetmə mərkəzindən idarə
edilir. İşçi
sayı 52 nəfər
olan müəssisədə
növbəlilik rejimi
əsasında bütün
proseslər idarə olunur.
Sulfat turşusunun
tətbiqi sahələrinin
geniş olduğunu deyən R.Namazov
bildirir ki, ondan silahların, boyaların hazırlanmasında, müxtəlif
turşu, duz, dərman alınmasında
xammal kimi istifadə edilir.
Sulfatdan gübrə
istehsalında da xammal
kimi istifadə olunacaq
Yaxın gələcəkdə
zavodun məhsulundan gübrə istehsalında
da xammal kimi istifadə olunacağını
qeyd edən baş texnoloq məhsulun keyfiyyətinə
nəzarət barədə
də danışır.
Bunun üçün isə
zavodun laboratoriyasına
üz tuturuq. Laboratoriyada bütün analizlər həyata keçirilir. İlkin analizlər kükürddən,
daha sonra isə hazır məhsuldan götürülür. Məhsul üzərində 70-ə yaxın
adda analizlər aparılır.
Beləliklə, bu məlumatlar satış zamanı istehlakçıya
təqdim olunur.
Əraziyə baxış
zamanı avadanlıqlardan
tüstü çıxdığı
müşahidə edilsə
də, heç bir qoxu hiss olunmurdu.
Məlum olur ki, qurğulardan ayrılan sadəcə su buxarıdır. Əvvəldə
də qeyd etdiyimiz kimi, kükürd buxar vasitəsilə əridilir.
Bu məqamda Rəşad Namazovdan
zavodun ekologiyaya təsirləri ilə bağlı soruşuruq.
Baş texnoloq vurğulayır
ki, müəssisə ətraf
mühitə ekoloji normativlərdən 5-6 dəfə
az tullantı verir. Bunun səbəbi isə ən müasir neytrallaşma sistemi və tullantı qazlarının
tam təmizlənərək atmosferə buraxılmasıdır.
Bəli,
günümüzdə neft sektoru ilə yanaşı,
qeyri-neft sənayesinin inkişafı istiqamətində vacib
addımlar atılsa da, bu əsnada xüsusi diqqət yetirilməli
məqamlardan biri də atmosferə atılan qazların
mümkün qədər minimuma endirilməsi, ətraf
mühitin tullantılardan qorunması və bunların nəticəsində
insan sağlamlığının qorunmasıdır.
Çünki sənaye
zavodlarında istifadə olunan köhnə sistemlər, istismar
müddəti bitmiş avadanlıqlar havaya buraxılan zərərli
qazların miqdarını artırmaqla, qlobal istiləşməyə
təkan verərək iqlim dəyişikliklərinin fəsadlarını
artırır.
Bütün
ekoloji normalara, üzərinə götürdüyü
öhdəliklərə sadiq olan ölkəmiz bu istiqamətdə
vacib olan bütün addımları atmaqla, dünyada həm də
qeyri-neft ölkəsi kimi nüfuzunu artırır.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
24 yanvar, ¹ 14.- S.7.