İrəvan Putinə qarşıdır

 

 

Paşinyan Kremlə zidd olan siyasətini getdikcə daha da gücləndirir

 

 

 

İrəvan bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır. Daha çox narahatlıq doğuran məqam anti-Rusiya əhvali-ruhiyyəli kadrlara yüksək vəzifələrin verilməsidir.

Bu isə öz növbəsində Hayastanda Rusiyanın dayaqlarının laxladılması deməkdir. Hər iki məqamla bağlı Rusiya tərəfi bir neçə dəfə mövqeyini bildirib N.Paşinyan hakimiyyətinə xəbərdarlığını edib. Buna baxmayaraq, N.Paşinyan Kremlə tərs gələn siyasətini davam etdirməkdədir.

Ermənistanda Rusiya əleyhinə keçirilən aksiyaların sayının çoxalması, az qala cəmiyyətin  bütün təbəqələrində Moskvanın sərt tənqid hədəfinə çevrilməsi anti-Rusiya siyasətini təsdiq edir. Bu günlərdə Rusiyadan mühacirət edən vətəndaşlar İrəvanda Rusiya Prezidenti Vladimir Putinin əleyhinə aksiya keçiriblər. Əllərində Putin müharibə əleyhinə şüarlar yazılmış plakatlar olan yüzlərlə insan İrəvan meriyasının qarşısına toplaşıb.

Belə bir vəziyyətdə Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Baş nazirin hökumət dairələrində, parlamentdə, xüsusilə rusyönümlü şəxsləri vəzifələrdən kənarlaşdırmaq istədiyi, özünə sadiq hesab etdiyi insanları həmin vəzifələrə təyin etməyə çalışdığı qeyd olunur.

Yerli medianın yazdığına görə, seçkilər zamanı Hayastanın ikinci prezidenti Robert Koçaryanın şəxsən, yaxud da komandasının iştirak edə biləcəyinə dair iddialar yayılıb. Onun hazırkı proseslərlə bağlı mövqeyinin dəqiq bilinmədiyi, lakin Paşinyan hökumətinə qalib gələ biləcək yeganə müxalifət nümayəndəsi olduğu qeyd edilir.

Vurğulanır ki, Rusiya münasibətlərin pisləşməsi fonunda Hayastan sosial-iqtisadi, siyasi cəhətdən ağır vəziyyətə düşərək regionda daha zəif mövqeyə sahib olacaq. Bu fonda Hayastanın makroiqtisadi göstəriciləri pessimizmi daha da gücləndirməkdədir. Ölkədə işsizliyin sürətlə çoxalması, əhalinin maddi təminatının gündən-günə pisləşməsi Ermənistan iqtisadiyyatının çöküşünü sürətləndirir. Erməni iqtisadçılarını təşvişə salan daha bir məqam isə xaricdən pulköçürmələrin azalması ilə bağlıdır. Mətbuatda yer alan xəbərlərə görə, rəsmi rəqəmlər indiyə qədər bu pulköçürmələrin 2 milyard dollara çatdığını tədiyyə balansında yaranan kəsirin 50 faizinin elə həmin vəsait hesabına maliyyələşdirildiyini göstərir. Ancaq indi təxmini hesablamalar pulköçürmələrinin miqdarının yarıya qədər azaldığından il ərzində bu göstəricinin daha da aşağı düşəcəyindən xəbər verir.

Bütün bunlarla yanaşı, o da qeyd olunur ki, büdcənin doldurulmasında hakimiyyət bütün əsas yükü kiçik orta bizneslə məşğul olanların üzərinə qoymağa çalışır. Bu sahədə fəaliyyət göstərənlərin sayı məhdud olduğuna görə onlar öz bizneslərini dayandırır, başqa əlac olmadıqda isə xarici ölkələrə köçməyə üstünlük verirlər. Beləliklə ölkə büdcəsinin doldurulmasında ciddi problem yaşanır, eyni zamanda kiçik orta biznesin sıradan çıxma prosesi daha geniş vüsət alır. O da əlavə olunur ki, İrəvan hazırda heç istehsal etmədən xarici maliyyə qaynaqlarından əldə olunan kreditlər hesabına ayaqda qalmağa çalışır. Ölkənin dövlət borcu 11 milyard dolları ötüb.

Beləliklə, gedən proseslər Hayastanın sürətlə məhvinə doğru yaxınlaşdığını təsdiqləyir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 24 yanvar, № 14.- S.9.