Səfir:
Çin şirkətləri
azad edilmiş ərazilərdə bərpa
işlərinin gedişini
diqqətlə izləyirlər
Azərbaycanla
Çin arasında münasibətlər çox qədim
tarixə əsaslanır. İki ölkə arasında dostluq
münasibətləri siyasi-iqtisadi, mədəniyyət, elm və
təhsil kimi sahələrdə daha sıx formalaşıb.
Bu gün Çin Xalq Respublikası Azərbaycanda bir sıra
layihələrdə iştirak edir.
AZƏRTAC xəbər
verir ki, bu barədə jurnalistlərə
açıqlamasında Çin Xalq Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri xanım Qo Min deyib.
Onun sözlərinə
görə, investisiya sahəsində ikitərəfli əməkdaşlıq
intensivləşib, bərpa olunan enerji və “yaşıl” sənaye
yeni qarşılıqlı fəaliyyət sahələrinə
çevrilib.
“Çin
şirkətləri Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində bərpa işlərinin
gedişini diqqətlə izləyirlər. Bir sıra müəssisələrin
nümayəndələri bu ərazilərdə olub,
“ağıllı kənd” kimi layihələrin həyata
keçirilməsində və hava limanları
üçün avadanlıqların təchizatında
iştirak ediblər”, - deyə Qo Min əlavə edib.
Diplomat qeyd
edib ki, Azərbaycanda əməkdaşlıq imkanları
axtaran Çin müəssisələrinin sayı sürətlə
artır: “Hazırda bərpa olunan mənbələrdən
elektrik enerjisinin istehsalı, enerjinin saxlanması, kimya sənayesi,
kənd təsərrüfatı, logistika və nəqliyyat
kimi geniş spektrli layihələr üzrə fəal
danışıqlar və məsləhətləşmələr
aparılır. Azərbaycanda əməkdaşlıq
imkanları axtaran Çin müəssisələrinin sayı
sürətlə artır”, - deyə xanım Qo Min əlavə
edib.
Səfir
xanım Azərbaycan-Çin arasında investisiya əməkdaşlığının
genişləndirilməsini, Çin və Azərbaycan
arasında “Bir kəmər, bir yol” təşəbbüsü
çərçivəsində əməkdaşlığın,
eləcə də Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində bizneslə məşğul
olmaq imkanlarını yüksək qiymətləndirib.
Azərbaycan.-2024.-
24 yanvar, ¹ 14.- S.10.