Azərbaycan
AŞPA ilə əməkdaşlığı
və təşkilatda
iştirakını dayandırdı
AŞPA-da
mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya
və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə
heyəti qurumu tərk etdi
Azərbaycan nümayəndə
heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən
müddətə dayandırıb.
Nümayəndə heyətimiz
dünən bununla bağlı bəyanatı
səsləndirdikdən sonra
məkanı tərk edib.
Azərbaycanın AŞPA-da səsinin dondurulması kimi riyakar təşəbbüsün
irəli sürülməsindən
sonra nümayəndə
heyətimizin belə bir qərar verməsi ən düzgün və layiqli addımdır və
bəyanatda da bildirildiyi kimi, dünyada heç kim Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz.
Riyakarlığın son həddi
Son vaxtlar Qərb təsisatlarının
Azərbaycana qarşı
riyakar siyasi, diplomatik hücumları xüsusilə intensivləşib.
Bunu Avropa Şurası Parlament Assambleyasının qış
sessiyasının başladığı
ilk gündən heç bir hüquqi əsasa söykənməyən, sırf
ölkəmizə olan
qərəzindən doğan
hikkə ilə Azərbaycanın səsini
dondurmaq kimi çirkin təşəbbüsündən
də görmək olar.
Eləcə də
Avropa İttifaqının
xarici əlaqələr
və təhlükəsizlik
siyasəti üzrə
ali nümayəndəsi,
Aİ Komissiyasının vitse-prezidenti
Cozep Borelin yanvarın 22-də Azərbaycana
qarşı səsləndirdiyi
əsassız iddiaları
da aydın şəkildə ortaya qoyur ki, islamofob,
türkofob siyasət yürüdən Fransa kimi ölkələr, eləcə də Aİ, Avropa Parlamenti, AŞPA və digər qurumlar Azərbaycanı hədəf alan kampaniyalar aparır, böhtan xarakterli bəyanatlar səsləndirir,
qərəzli qətnamələr
qəbul edir, sanksiyalarla hədələyirlər.
Qərəzli Qərb
"siyasətçi"lərinin yuxularına haram qatan, gecə-gündüzlərini
dar edən, qıcıqlandıran, qəzəbləndirən,
hikkələndirən, özlərindən
çıxaran mətləb
və məqamlar, əlbəttə ki, çoxdur, amma onları, sözün əsl mənasında, yandırıb-yaxan Azərbaycanın
torpaqlarını işğaldan
qurtarması, suverenliyini
tam təmin etməsidir. Fevralın 7-də
Xankəndidə də
seçki keçirərək
"Qarabağ Azərbaycandır"
həqiqətini bütün
dünyaya bir daha bəyan edəcəyimiz isə qərəzli Qərb ölkə və təşkilatlarına əsl
gözdağıdır.
"Demokratiya" adı
altında həyasızcasına
başqa xalqların, ölkələrin işlərinə
burunlarını soxan,
çıxarları naminə
hər cür çirkin əməllər
törədən Qərb
dairələri Azərbaycanın
Cənubi Qafqazın lideri olmasını heç cür həzm edə bilmirlər. Məhz Azərbaycanın siyasi iradəsi, qətiyyəti,
hərbi gücü sayəsində bu regionda real sülh
şəraitinin yetişməsi
ilə barışa bilmirlər.
Axı riyakar Qərbin Cənubi Qafqazla bağlı başqa planları var idi və
onlar bu bölgədə daim müharibə, münaqişə
olmasında maraqlı
idilər. Həm bunun sayəsində erməni lobbisinin pullarını rahat şəkildə yeyə bilirdilər, həm də siyasi iradəsi olmayan Ermənistandan istifadə edərək bölgəyə
rahat yerləşmək
imkanı tapırdılar.
İndi isə
bütün bu imkanları əllərindən
çıxan "insan
hüquqlarının keşikçiləri"
əsl simalarını,
əslində simasızlıqlarını
çılpaqlığı ilə göstərməyə
başlayıblar.
Azərbaycan vaxtilə
Qarabağ probleminin həllinə olan ümidlərə görə
AŞ-yə üzv olmuşdu. Azərbaycan nümayəndə heyətinin
bəyanatında da deyildiyi kimi, bu təşkilatın Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi
təcavüzə və
işğala məruz
qalması nəticəsində
hüquqları pozulmuş
yüz minlərlə
azərbaycanlının hüquqlarının
bərpasında Azərbaycana
kömək edəcəyi
və beləliklə
regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və
gözlənti var idi.
Amma 19 il ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı
faktına qarşı
heç bir tədbir görməyib. Halbuki Ermənistan Azərbaycan torpaqlarını
işğal etməklə
Avropa Şurasının
bütün dəyər
və prinsiplərini kobud şəkildə tapdalamışdı.
2020-ci ilə qədər
Ermənistanı qınamayan,
onu səsvermə hüququndan məhrum etmək barədə düşünməyən AŞPA bu gün torpaqlarını
işğaldan azad edən, bölgədə
sülh üçün
münbit şərait
yaradan Azərbaycana qarşı qərəzli
davranış nümayiş
etdirir. Halbuki Azərbaycan ərazilərinin
30 illik işğalına
son qoyaraq beynəlxalq
hüququn, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin
tələblərinin yerinə
yetirilməsini təmin
edib. Beynəlxalq hüquqdan dəm vuran AŞPA-nın bütün bu reallıqların fonunda Azərbaycana iftiralar atması sadəcə riyakarlıqdan xəbər
verir.
Azərbaycanın AŞPA-da səsinin dondurulması təklifini Fransanın diktəsi ilə almaniyalı
deputat Frank Şvabe irəli sürmüşdü.
Bakının müstəmləkəçi
Fransanın neokoloniolizm
siyasətini dünyada
ifşa etməsi, onu ard-arda siyasi,
diplomatik cəbhələrdə
məğlub etməsi
Parisin beynəlxalq nüfuzunu yerlə bir edib. Elə
buna görə də Fransa indi arxa plana
çəkilərək mənfur
əməllərini Almaniyanın
əli ilə həyata keçirmək istəyirdi.
İkili standartlar, qərəzli
iddialar
Beynəlxalq hüququ
ayaqlar altına atan belə bir qurumun Azərbaycanın
səsini dondurmaq niyyətinin insan hüquqları ilə heç bir əlaqəsi yox idi. Və bu
öz suverenliyini və ərazi bütövlüyünü bərpa
etmiş Azərbaycana
qarşı qisas cəhdindən, özü
də iflasa məhkum qisas cəhdindən başqa bir şey deyildi.
Azərbaycan üçün
isə nəinki
AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmirdi və nümayəndə heyətimizin bu qurumla əməkdaşlığı
və təşkilatda
iştirakı qeyri-müəyyən
müddətə dayandırması
bunu təsdiq edir.
Eyni zamanda da Avropa İttifaqının
xarici əlaqələr
və təhlükəsizlik
siyasəti üzrə
ali nümayəndəsi
Aİ Komissiyasının vitse-prezidenti
Cozep Borelin Azərbaycana qarşı səsləndirdiyi əsassız
iddiaların ölkəmiz
üçün bir qara qəpiklik dəyəri yoxdur. Faktları açıq şəkildə
təhrif edərək
Azərbaycanın legitim
maraqlarına etinasızlıq
nümayiş etdirən
Aİ-nin ali nümayəndəsinin bu cür məsuliyyətsiz iddiaları Azərbaycan-Aİ
münasibətlərinə ciddi zərbədir. Borel səsləndirdiyi iftira dolu həmin
iddialarla Azərbaycana
qarşı hərbiləşmə
və təcavüzkar
siyasəti qızışdırır.
Halbuki Azərbaycan
hər zaman Ermənistanla danışıqlara,
sülhə və sabitliyə sadiq olub. İki ölkə arasında normallaşmaya, bölgədə
davamlı sülhə
nail olunması üçün əməli
addımlar atır. Yuxarıda da vurğulandığı kimi,
Azərbaycanın işğala
və separatizmə son qoyması sayəsində Ermənistanla
sülh sazişinin bağlanmasına real şərait yaradılıb.
Aİ nümayəndəsinin azərbaycanlı diplomatların
ölkədən çıxarılması
ilə bağlı Fransa ilə həmrəyliyini ifadə
etməsi də onun Azərbaycana qarşı qərəzini,
beynəlxalq hüququ
heçə saymasını
göstərir.
Göründüyü kimi, ikilistandartlı və qərəzli Qərb təsisatları ölkəmizə qarşı
iftira və böhtanlar səsləndirir,
təcavüzkar Ermənistanı
silahlandıraraq revanşa
qızışdırır, necə deyərlər,
"xristian təəssübkeşliyi"
edərək erməni
dindaşlarına "dəstək"
olmaq üçün
çabalayırlar. Lakin
onların bu çabaları hədər
gedəcək və qurduqları bütün məkrli planları iflasa uğrayacaq, Şuşa, Xankəndi zəfərlərimizə görə
almaq istədikləri
qisasları gözlərində
qalacaq.
Beynəlxalq hüququn
prinsiplərinə uyğun
olaraq ərazi bütövlüyünü və
suverenliyini təmin edən Azərbaycan milli maraqlarına təhdid olan bütün qüvvələrə
qarşı layiqli mübarizə aparacaq və onları qətiyyətlə yerlərinə
otuzduracaq. Nümayəndə
heyətimizin AŞPA ilə
əməkdaşlığı qeyri-müəyyən müddətə
dayandırmaq qərarı
da Azərbaycanın qətiyyətinin təcəssümü
və ölkəmizə
qarşı riyakar mövqe tutmuş bu quruma verilən
layiqli cavabdır. Azərbaycanın səsini
dondurmaq istəyən
bir təşkilatda iştirak bizə heç lazım deyil. Bundan itirən
AŞPA-nın özü
olacaq. Çünki Azərbaycanın AŞPA-da
iştirakını dayandırması
bu qurumun onsuz da zəifləmiş
təməllərini daha
da laxladacaq, ona qarşı qlobal etimadsızlıq mühitini daha da gücləndirəcək.
Rəşad
CƏFƏRLİ,
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.1;3.