Bu, Azərbaycanla başqa dillə danışmaq istəyən bütün
dairələrə ciddi
mesajdır
Azərbaycan AŞPA ilə əməkdaşlığı
və təşkilatda
iştirakını qeyri-müəyyən
müddətə dayandırıb.
Ölkəmizin bu təşkilatdakı nümayəndə
heyətinin dünən
yaydığı bəyanatda
qeyd edilir ki, qurumda mövcud
olan dözülməz
irqçilik, azərbaycanofobiya
və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə
heyəti AŞPA ilə
əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən
müddətə dayandırmaq
qərarına gəlib.
Azərbaycanın AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri
Səməd Seyidov bildirib ki, dialoq,
qarşılıqlı hörmət
əsasında işləməsi
tələb olunan
AŞPA, əslində, bütün
bu dəyərlərdən
çox uzaqdır:
"Hesab edirik ki, bu, ölkəmizlə
başqa dillə danışmaq istəyən
ölkələrə, dairələrə
ciddi siqnaldır. Azərbaycan qalib ölkədir, sözü
haqdır. Azərbaycanın
sözü eşidiləcək,
dinləniləcək və
nəzərə alınacaq".
Məsələ ilə
bağlı "Azərbaycan"
qəzetinə açıqlamasında
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının
qış sessiyasının
açılışı günü Almaniya nümayəndə heyətindən
deputat Frank Şvabenin
təklifi ilə Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin
etimadnaməsinin təsdiqlənməməsi
heç bir hüquqi əsasa söykənməyən qərəz
və ikili standartdan yaranan yanlışlıqdır. Görünən
odur ki, Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına,
Frank Şvabenin timsalında
isə Almaniyanı muzdlu icraçıya çevirə bilib".
Deputat bildirib ki, insan hüquqları
və əsas azadlıqlarının dəstəklənməsi,
siyasi ənənələrin,
idealların, azadlığın
və hüququn aliliyinə sədaqət yolu ilə üzvləri
arasında böyük
birliyə nail olmaq kimi məqsəd
müəyyən etmiş
Avropa Şurasının
bu gün lobbi məqsədləri naminə kiçilən, Fransa və Almaniya kimi dövlətlərin
işğal və separatizmi açıq şəkildə müdafiə
edən cılız birliyi formasında təzahür edən reallığını görmək
təəssüf doğurur.
AŞPA özünü orta əsr təfəkkürlü
radikal dini klub kimi aparır
Deputatın sözlərinə
görə, Azərbaycan
2001-ci ildə Avropa Şurasının Nizamnaməsinin
preambulasında ifadə
olunan "Ədalətə
və beynəlxalq əməkdaşlığa əsaslanmış
sülhün möhkəmləndirilməsinin
insan cəmiyyətinin
və sivilizasiyanın
qorunması üçün
həyati əhəmiyyət daşıdığına
inanaraq", həmçinin
İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi
haqqında Konvensiyanın
preambulasında ifadə
olunan "10 dekabr
1948-ci il İnsan hüquqları haqqında
Ümumi Bəyannamənin
məqsədinin, bəyan
etdiyi hüquqların
hamılıqla və
səmərəli tanınmasının
və həyata keçirilməsinin təmin
edilməli olduğunu
nəzərə alaraq"
təsisata qoşulub.
Hətta 2001-ci il yanvarın 25-də Strasburqda
Azərbaycanın Avropa
Şurasına üzv
qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə
çıxış edən
Ulu Öndər Heydər Əliyev "Bir sıra problemlərin
vahid Avropa ailəsi daxilində həllini tapacağına"
inamını ifadə
etmişdi.
Ötən dövrdə
Parlament Assambleyasının
Avropa Şurasının
Nizamnaməsi və Avropa Konvensiyasına, habelə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə
tutulan prinsiplərə
zidd olaraq özünü daha çox ermənipərəst,
islamofob, türkofob dairələrin platforması
və qeyrilərini qəbul etməyən orta əsr təfəkkürlü
radikal dini klub kimi apardığının
şahidi olmuşuq:
"Xüsusən bəşəri
dəyər olan insan haqları və demokratiya kimi meyarlar AŞPA-nın fəaliyyətində
ucuz təsir alətinə çevrilib.
Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsində
qanunun aliliyi və insan hüquqları
və əsas azadlıqlarından bütün
şəxslərin bəhrələnməsi
prinsipindən bəhs
etdiyi halda, Azərbaycana münasibətdə
bu yanaşma faktiki olaraq işlək olmayıb. Ən azı quruma daxil olduğumuz
2001-ci ildən 2020-ci ilə
qədər davam edən işğal faktoru nəticəsində
bir milyona yaxın Qarabağ və Şərqi Zəngəzur sakininin təməl haqlarını
AŞPA faktiki olaraq görməzdən gəlib.
Azərbaycanda 2023-cü ilin
sentyabr ayına qədər mövcud olmuş və əsas bəşəri təhlükəsizlik məsələlərinin
təməlində dayanan
amillərdən biri olan separatizm probleminə dair AŞPA bir dəfə də olsun real
mövqe ifadə etməyib. Əksinə, Azərbaycanın hərbi-siyasi
yolla, həmçinin
beynəlxalq humanitar hüququn prinsiplərini rəhbər tutmaqla işğala, təcavüzə
son qoyması Qərbin bir sıra dairələri kimi, AŞPA-da da isterikaya səbəb
olub".
Bəhruz Məhərrəmov
bildirib ki, bu gün Ermənistanın
bu reallıqla barışdığı bir
mərhələdə Avropa
Şurası ASALA-dan,
yaxud terrorçuların
siyasi qanadı olan "Daşnaksütyun"dan
fərqli davranmayaraq, prosesləri qəbul etmək istəmir. Azərbaycan və Ermənistan arasında
2023-cü il 7 dekabr birgə bəyanatı fonunda xoş niyyət ifadəsi təcrübəsi yarandığı,
Bakı və İrəvanın birbaşa
təmaslara başladığı,
sülh prosesi çərçivəsində müzakirə olunan sənəd layihəsində
Qarabağ adlı bir məqamın olmadığı bir situasiyada AŞPA "Qarabağdan
erməni sakinlərin
zorakılıqla çıxarılması"
kimi absurd iddialar irəli sürür. İndiki məqamda Avropa Şurasının bu yanaşması Ermənistanda
revanşist kəsimin
yenidən ümidləndirilərək
dirçəldilməsi ilə
Azərbaycan və Hayastan arasında qarşılıqlı etimad
mühitinə zərbə
vurmaqla regionda sülh və sabitlik üçün açıq təhdiddir.
Bu təşkilatın
"həssaslığ"ı yalnız ucuz və təcavüzkar məqsədlərə xidmət
edir
Deputatın fikrincə,
əgər AŞPA insan
haqlarının ayrılmaz,
universal, ali və konsensual xarakter daşıması reallığını qəbul
edirsə, sayı hər ötən gün şişirdilən
Qarabağ ermənilərinin
könüllü köçündə
prinsipial olaraq həssasdırsa, 350 mindən
artıq qərbi azərbaycanlının öz
ata-baba yurduna qayıtmaq hüququnu niyə görməzdən
gəlir?
Görünən odur
ki, AŞPA-nın
"həssaslığ"ı yalnız ucuz və təcavüzkar məqsədlərə xidmət
edir. "Yaxud Frank Şvabenin "Parisdə yazılmış" çıxışında
Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin
səlahiyyətlərinin məhdudlaşdırılması
üçün əsas
gətirdiyi səbəblərdən
digəri - Azərbaycanda
"siyasi məhbuslar"
olması məsələsinin
bu kürsüdən səslənməsi özlüyündə
riyakarlıq və saxtakarlıq olmaqla, həm də təhlükəli presedent
yaradan ciddi qanunsuzluqdur. Əslində,
nə Şvabeni, nə də onun məlum məzmunda çıxışına
dəstək verən
təlxəklər yığınını
Azərbaycanda konkret cinayət əməlinə
görə məhkum olunan dələduz, yaxud barəsində cinayət təqibi davam edən təqsirləndirilən şəxs
maraqlandırır. Sadəcə
bu, AŞPA üçün
anti-Azərbaycan fəaliyyətinə
növbəti mövzudur.
Bu gün Azərbaycanın özünün
prioritetlərinə və
milli maraqlarına cavab verməyən hər hansı prosesə qoşulmaması,
müstəqil davranması
neoimperialist güclərin
niyyətləri ilə
üst-üstə düşmür.
Ölkəmizin Vətən
müharibəsindən sonra
isə özünü
həm də ciddi hərbi-siyasi güc kimi təsdiq
etməsi, adətən,
münaqişəli vəziyyətlərdən
qidalanan Qərb dairələrinin qazanc və hərəkət imkanını məhdudlaşdırıb.
AŞPA-nın ən
azı bölgədə
insan haqları barədə danışmaq
haqqını itirdiyini
qeyd edən deputat bildirib ki, təşkilata üzvlük dönəmində
Gəncədə, Bərdədə,
Tərtərdə körpələr
raket zərbələri
ilə məhv edilərkən susan
AŞPA selektiv qaydada hər hansı bir azərbaycanlının
hüququnun müdafiəsi
barədə danışa
bilməz. "İndi
"siyasi məhbus"
şousu ilə
AŞPA faktiki olaraq Azərbaycan məhkəmələrinin
qərarlarını və
fəaliyyətini şübhə
altına alaraq, hüquq-mühafizə sistemi
üzərində təzyiq
mühiti formalaşdıraraq
beynəlxalq hüququn
prinsiplərini açıq
formada pozur. Amma Fransa muzdlusu
olan alman deputat da, ona
kürsü verənlər
də unutmamalıdırlar
ki, özünün müəyyən etdiyi meyarlarla qəbul edilən şərtləri
müəyyən edib
işlərə selektiv
qaydada baxan, qəbuledilməz hesab etdiyi istənilən şikayəti rədd edən, bir sıra hallarda müraciətləri 5-6 il
gözlədən, özünün
"vacib" hesab etdiyi işlərə dair bir həftəyə
qərar çıxaran
Avropa Məhkəməsindən
fərqli olaraq Azərbaycanda hər kəsin qanun və məhkəmə qarşısında hüquq
bərabərliyi əsasında
həyata keçirilən
cinayət prosesini siyasiləşdirmək cəhdləri
indidən iflasa məhkumdur", - deyə
o əlavə edib.
Bu ədalətsizlik
ciddi nüfuz itkisinə məruz qalan Avropa Şurasının
özü üçün
zərbədir
Deputat vurğulayıb
ki, bütün bunlar AŞPA-nın ssenarisinin, artıq çoxdan hazır olan anti-Azərbaycan qərarının insan hüquqları ilə heç bir bağlılığı olmadığını
göstərir.
Azərbaycan ümumbəşəri
dəyərlərə sadiq
olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət
göstərmək niyyətini
bəyan edib, o cümlədən AŞPA-ya
da bu istiqamətdə
əlverişli platforma
kimi yanaşıb. Lakin 23 illik üzvlük dövründə
Avropa Şurası bəşəri ideallar naminə Azərbaycanın
gözləntilərini faktiki
olaraq doğrultmayan bir təşkilatdır. Bu mənada, şura rəsmiləri anlamalıdırlar ki,
AŞPA-nın çirkin
kampaniyasına münasibətdə
adekvat davranışlardan
və siyasi addımlardan çəkinməyəcəyik.
Bu isə ilk növbədə onsuz da ciddi
nüfuz itkisinə məruz qalan Avropa Şurasının özü üçün
zərbədir. Ölkəmiz
Avropa ilə sağlam münasibətlərin
dərinləşdirilməsində israrlıdır və bunun üçün isə riyakar mexanizmə çevrilmiş
Avropa Şurası Parlament Assambleyasına ehtiyac duymur. Azərbaycan üçün
Avropa hansısa qeyri-hüquqi məqsədlər
güdən klublar yox, ayrılıqda strateji müttəfiqlik münasibətində olduğu,
enerji təhlükəsizliyini
birbaşa təmin etdiyi və milli təhlükəsizliyində
rol aldığı tərəfdaşları və
bundan sonra əməkdaşlığı dərinləşdirmək niyyətində
olduğu digər dost dövlətlərdir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.4.