Səməd
Seyidov: Avropa Şurası daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil
Bəzi avropalı
parlamentarilər bu gün Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan
nümayəndə heyətinin
səlahiyyətlərini sual
altına alaraq nümayəndə heyətimizə
qarşı ağlasığmaz
ittihamlarla çıxış
ediblər. Bütün
bunlar düşünülmüş,
planlaşdırılmış və Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti
AŞPA-da geniş, ətraflı bəyanat yaydı. Bəyanatda konkret olaraq vurğulamışıq ki,
bu dözülməz şəraitdə, Azərbaycana,
azərbaycanlılara qarşı
əsassız ittihamlar
səsləndirmək şəraitində
işləmək mümkün
deyil.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri Azərbaycanın
AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri
Səməd Seyidov söyləyib.
S.Seyidov bildirib
ki, dialoq, qarşılıqlı hörmət
əsasında işləməsi
tələb olunan
AŞPA, əslində, bütün
bu dəyərlərdən
çox uzaqdır.
AŞPA-da bəzi avropalı parlamentarilər
azərbaycançılığa, türkçülüyə, İslama,
əməkdaşlığa, qarşılıqlı hörmətə
qarşı çıxaraq,
növbədənkənar prezident
seçkilərinə müdaxilə
edib ölkəmizdə
demokratik şəkildə
fəaliyyət göstərən
institutlara kölgə
salmaq, bununla da Azərbaycana zərbə vurmaq istəyirdilər.
“İyirmi il ərzində bu təşkilat Ermənistana
qarşı heç bir sanksiya tətbiq
etmədiyi, yüz minlərlə qaçqın
və köçkün
azərbaycanlıya hər
hansı mesaj göndərmədiyi, onların
problemləri ilə məşğul olmadığı
və hətta nümayəndə heyətimizə
bu problemlərlə məşğul olmağa
qadağa qoyduğu halda, Azərbaycan öz torpaqlarını azad edəndən, ərazi bütövlüyünü
və suverenliyini, sərhədlərini tam şəkildə bərpa
edəndən sonra buradakı parlamentarilər
ölkəmizə qarşı
ciddi cəhdlə belə bir kampaniya
başlamışdılar. Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla
şantaj dili ilə danışa bilməz. Heç kim ölkəmizi təhdidlərlə qorxuda
bilməz. Azərbaycan
ərazi bütövlüyünü
bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlərlə Avropa Şurası öz Parlament Assambleyasının
dəyərlərinə, mövcudluğuna,
təsir imkanlarına,
Avropada və dünyadakı nüfuzuna
ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq
aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil.
Ona görə
də bu gün nümayəndə
heyətimizin yekdil qərarı ilə
AŞPA-da fəaliyyətimizi
dayandırırıq. Hesab
edirik ki, bu, ölkəmizlə başqa dillə danışmaq istəyən
ölkələrə, dairələrə
ciddi siqnaldır. Azərbaycan qalib ölkədir, sözü
haqdır. Azərbaycanın
sözü eşidiləcək,
dinləniləcək və
nəzərə alınacaq”,
- deyə S. Seyidov vurğulayıb.
O qeyd edib ki, nümayəndə heyətimiz AŞPA-ya yenidən qayıtmaq məsələsi barədə
düşünəcək. Bu təşkilatda mövcud ab-hava dəyişməsə, insanlığa
qarşı ritorika gündəlikdən çıxarılmasa,
təşkilat ikili standartlara, islamofob, türkofob, azərbaycanofob
münasibətlərə son
qoymasa, bu, mümkün olmayacaq.
“Normal münasibətin
şahidi olmasaq, qalib Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə
heyətimiz öz mövqeyində qalacaq”, - deyə S.Seyidov qeyd edib.
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.4.