Azərbaycanın
sosial müdafiə sistemi müasir tələblər səviyyəsindədir
Yaşına, imkanına
baxmayaraq, hər kəsin sosial müdafiəyə ehtiyacı
olur. Çünki heç kim hər an baş
verə biləcək
təhlükələrdən, neqativ hadisələrdən
sığortalanmayıb. Biz
hələ qocalmağı,
Allah eləməmiş
ən müxtəlif səbəblərdən əlil
olmağı demirik. Elə bu səbəbdəndir
ki, sosial siyasət hər bir dövlətin, hökumətin olmazsa olmaz fəaliyyət sahəsidir.
Bu gün bütün dünyada sosial müdafiə sistemləri, demək olar ki, modern
üslubda həyata keçirilir. Azərbaycanda
da bu sahədə
ciddi keyfiyyət dəyişikliyi müşahidə
olunur. Bu dəyişikliyin kökündə
dayanan isə mütərəqqi islahatlardır.
Həyata keçirilən
islahatlar, sosialyönümlü
layihələr ekspertlərin
"sosial inqilab xarakterli" adlandırdıqları
qərarlarda, fərman
və sərəncamlarda
əksini tapıb. Rəsmi rəqəmlərə
müraciət edək:
ötən 20 ildə
dövlət büdcəsinin
illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən
çox artım baş verib. Minimum aylıq əməkhaqqı 38,3 dəfə
artırılaraq 345, orta
aylıq əməkhaqqı
12 dəfə artaraq 923 manata çatıb. Minimum pensiyaların mütəmadi
artırılması, yəni
hər ilin əvvəlində pensiyaların
və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilməsi
təmin olunub. Bu hesaba minimum
pensiya 14 dəfə artırılaraq 280, orta aylıq pensiya 18,2 dəfə artaraq 436, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 467, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 367, ailə başçısını
itirməyə görə
orta aylıq pensiya 19 dəfə artaraq 411 manata çatıb.
2003-cü ildə orta
aylıq pensiya məbləği pensiyaçılar
üçün yaşayış
minimumundan 2 dəfə
aşağı olduğu
halda, hazırda bu məbləğ 436 manat olmaqla həmin
göstəricini 2,2 dəfə
üstələyir.
Ölkədə xalis
minimum aylıq əməkhaqqının xalis
orta aylıq əməkhaqqına nisbəti
də 2003-cü ildəki
11,7 faizdən 2018-ci ildə
26,5, 2023-cü ilin əvvəlində
isə 41,1 faizə çatıb. Bu da həmin nisbətin
qabaqcıl beynəlxalq
normalara uyğunlaşdırılması
istiqamətində mühüm
irəliləyişdir.
2007-ci ilin əvvəlindən
şəhid ailələri
və 2008-ci ilin sentyabrından müharibə
ilə əlaqədar
əlilliyi olan şəxslər üçün
Prezidentin aylıq təqaüdü təyin
edilib. Ötən dövrdə həmin təqaüdün məbləği
şəhid ailələri
üçün 6 dəfə
artırılaraq 100 manatdan
600, I dərəcə əlilliyi
olan şəxslər
üçün 5,6 dəfə
artırılaraq 90 manatdan
500, II dərəcə əlilliyi
olan şəxslər
üçün 5,7 dəfə
artırılaraq 70 manatdan
400, III dərəcə əlilliyi
olanlar üçün
6,6 dəfə artırılaraq
50 manatdan 330 manata çatdırılıb. Bu
təqaüdlərlə yanaşı,
həmin kateqoriyalardan
olan şəxslər
aylıq pensiya və müavinətlərlə
də təmin edilirlər.
2018-2023-cü illər yeni və sürətli
sosial inkişaf mərhələsi kimi qeydə alınıb. Həmin dövrdə 4 milyondan çox vətəndaşı əhatə
edən və illik maliyyəsi 7 milyard manata yaxın olan 4 islahat paketi icra olunub. Minimum
pensiyada 2,5, minimum əməkhaqqında 2,7, orta
aylıq pensiyada 2,1, sosial müavinət və təqaüd ödənişlərində 5, median əməkhaqqında
2,1, əməkhaqqı fondunda
2,6 dəfə artıma
nail olunub. Orta aylıq əməkhaqqında 70, işsizliyə
görə sığorta
ödənişlərinin orta
aylıq məbləğində
isə 52 faiz artım müşahidə
edilib.
Bu gün ölkəmizin sosial müdafiə istiqamətində
apardığı islahatlar
sayəsində Azərbaycan
modeli formalaşıb.
Həmin modelin təməlində Azərbaycan
vətəndaşının rifahı,
sosial güvənliyi dayanır. Özü də vətəndaş rifahının yaxşılaşması
istiqamətində görülən
işlər yalnız
maaşların, pensiya
və müavinətlərin
artması ilə yekunlaşmır. Azərbaycanda
aparılan sosial siyasətin məzmunu həm də əhalinin, onların məşğulluğunun artırılması,
daha yaxşı yaşamaları üçün
əlavə gəlirlər
əldə edə bilməsi üçün
şəraitin yaradılmasından
ibarətdir. Son 20 ildə 2 milyondan çox iş yerinin açılması,
işsizliyin 40 faizdən
5, yoxsulluğun 49 faizdən
5 faizə enməsi bu uğurlu siyasətin təsdiqidir.
Görülən bütün
bu sosial müdafiə tədbirləri
sayəsində indi cəmiyyətin hər bir üzvü özünün qabiliyyəti,
bacarığı, istedadı
hesabına gəlir əldə etmək imkanı qazana və onu sığortalaya
bilər. Bu o deməkdir ki, Azərbaycanın sosial müdafiə sistemi müasir çağırışlara
cavab verə biləcək səviyyədə
təkmilləşdirilib.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.8.