Fransanın
əməlləri fitnəkarlıqdır
Fransa prezidenti Emmanuel Makronun silahlı qüvvələrin
şəxsi heyəti
qarşısında çıxışı
zamanı səsləndirdiyi
bəyanatlar bu ölkənin anti-Azərbaycan
mövqeyini bir daha ortaya qoyur.
Vətən müharibəsində,
eləcə də sentyabrın 19-20-də keçirilmiş
antiterror tədbirləri
nəticəsində qazandığımız
qələbələri həzm
edə bilməyən
Fransanın Azərbaycana
düşmənçiliyi daha da artıb.
Cənubi Qafqazda yer tutmaqdan ötrü
hər cür fitnəkarlığa əl
atan Paris bu məqsədini reallaşdırmaq
üçün Ermənistandan
sui-istifadə edir.
Bu mövzu ilə bağlı qəzetimizə danışan
Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Fransanın Azərbaycana bəslədiyi
düşmən mövqeyə
şahidlik edirik. Bu ölkə davamlı olaraq əleyhimizə addımlar
atır, bizə şər-böhtan yağdırır.
Ölkəmizi hədəf
alan belə çirkin davranışlar
Vətən müharibəsindən
sonra daha intensiv xarakter alıb. Artıq münaqişə bitib və Azərbaycan öz torpaqlarını beynəlxalq hüquqa əsasən azad edib.
Deputatın sözlərinə
görə, Fransa bu reallığı nəzərə alaraq bizimlə razılaşmalı,
yeni addımlar atmalı idi: "Amma bu gün
bütün istiqamətlərdə,
həm özünün
qanunverici orqanlarında,
həm Avropa Şurası çərçivəsində
və digər siyasi müstəvilərdə
bunun əksini edir. Beləliklə, Fransanın dövlətimizə
qarşı təxribatları
davam etdirdiyini görürük. Fransa həm Ermənistana silah satır, həm də mülki missiya adında öz keçmiş zabitlərini
və təhlükəsizlik
işçilərini bölgəyə
göndərir, həmçinin
davamlı olaraq Azərbaycan əleyhinə
müxtəlif bəyanatlar
verir. Əgər Fransa bu kimi
addımları ilə
bizim mövqeyimizə
təsir göstərə
biləcəyini düşünürsə,
tamamilə yanılır.
Fransa bu cəhdləri ilə regionda vəziyyəti gərginləşdirməyə nail ola, eyni
zamanda Ermənistanın
Azərbaycan üzərində
hansısa bir uğurunu təmin edə bilməz. Bu, tamamilə absurddur".
Ceyhun Məmmədov
vurğulayıb ki, heç bir ölkə Azərbaycanın
haqlı mövqeyinə
təsir göstərə
bilməz: "Azərbaycan
öz siyasətini beynəlxalq hüquqa əsasən qətiyyətlə
davam etdirir. Yaxşı olardı ki, Fransa da
öz problemlərinin
həllinə fokuslansın
və bölgədəki
vəziyyəti gərginləşdirmək
cəhdlərindən çəkinsin.
İstənilən halda
isə, Azərbaycan həm Ermənistanın, həm də Fransanın bütün təxribatlarının qarşısını
qətiyyətlə alır
və bu ölkələrin hansısa
bir üstünlüyə
nail olmasına imkan vermir. Biz
bununla bağlı öz mövqeyimizi dəfələrlə bildirmişik".
Deputat yekunda onu da deyib
ki, Fransanın cəhdlərinin və müdaxilələrinin heç
bir effekti olmayacaq. Azərbaycan qarşıya qoyduğu bütün məqsəd və hədəflərə
mərhələli şəkildə
nail olur. Çünki ölkəmiz
hər baxımdan, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən haqlıdır.
N.QAFARZADƏ,
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.3.