Kəndimizin hər
məhəlləsindən bir
roman yazmaq mümkündür. Onun kiçik tarixçəsi
Azərbaycanın böyük
tarixi ilə heyrətamiz dərəcədə
üst-üstə düşən,
uzlaşan acı və bənzər hadisələrlə zəngindir.
Artıq əsrlərdir
ki, kəndimiz Qubanın 9 kilometrliyində,
dağın döşündə
tövrünü pozmadan,
qürurunu sındırmadan
illəri, qərinələri
qarşılayıb yola
salır. O, bir tərəfdən heç
bir Azərbaycan kəndinə bənzəməsə
də, digər tərəfdən elə bütün kəndlərimizə
bənzəyir.
Bizim Xucbalanın
yaşı haradasa təxminən 2 min ilə yaxındır. Bu, fərziyyə deyil, illərlə aparılan dəqiq elmi araşdırmaların,
arxeoloji qazıntıların
dəqiqləşmiş yekunudur.
Deyilənə görə,
lap uzaq keçmişdə buradakı
yüksəkliklərdə Uc adında bir şəhər olubmuş. Elə Xucbala da bu
ucalıqlarda qərar
tutan qədim şəhərin qalıqlarından
biridir.
Biz uşaq olanda - ötən əsrin 60-cı illərində
tarix elmləri doktoru Cabbar Xəlilov uzun illər kəndimizdə arxeoloji qazıntılar aparmış, heç kimə bələd olmayan keçmişin sirlərini üzə çıxarmışdır. Hər
yay bu qazıntıları
aparmağa Bakıdan arxeoloqlar və hətta BDU-nun tələbələri gələrdilər.
O vaxtlar qısa geyinmək dəbdə idi. Şəhər qızları da "mini" geyimləri ilə kəndimizin küçələrini "fəth"
etmək istəyirdilər.
Kənd qeyzlənmişdi.
Böyüklər bizi
necə qızışdırdılarsa,
bir axşam boy verən gicitkənlərdən iri
süpürgələr bağlayıb,
cumduq qızların üstünə, vur ki vurasan. Qonaqların
haray-qışqırıqları kəndi basdı.
Day ondan sonra bir də Cabbar
müəllimin tələbələrindən
heç kim qısa ətəkdə kəndə çıxmağa
cürət etmədi.
Yumorsuz, zarafatsız
ötüşməyən kəndimiz həm də Azərbaycanın zəngin keçmişə
malik olan unikal kəndlərindəndir.
Azərbaycanın yaşadıqları
bütün müsibətlər
və faciələr onun da başına
eyni dəqiqliklə gəlirdi. Rusiya işğalından tutmuş
sürgünə, erməni
qırğınlarından İkinci Dünya müharibəsinə kimi...
XIX əsrdə Rusiya
ərazilərimizə soxulanda
kəndimiz də işğal edildi. Bir qədər sonra kəndimizin ən yaxşı torpaqlarına Rusiyadan malakanlar sürgün edildi. Onlar donuz
saxlayıb Qusardakı
hərbi hissəyə
satırdılar. 50-60 il
əvvəl qocalar xatırlayırdılar ki,
donuzlar kəndin bağ-bağatına girər,
həyət-bacaları murdar
edərdilər. Ancaq yerli camaatın aramsız şikayətlərinə
Quba qəzasından kimsə məhəl qoymazdı. Bu minvalla illər keçirdi. Bir dəfə isə necə olursa çarın vergiyığan
məmurunu bu kənddə vurub öldürürlər. Qətli
kimin törətdiyini
hamı bilsə də, heç kim onu satmır.
Bu səbəbdən qatil tapılmadığı
üçün birbaşa
imperatorun əmri ilə bütün kəndi Muğanın ilanmələyən çöllərinə
sürgün edirlər.
Keçən əsrin
60-cı illərində 80 yaşlı
nənəm Aybala xatırlayardı ki, adamlar sürgünə razı oldular, amma pristavın vergiyığanını kimin
öldürdüyünü sirr kimi saxladılar.
Nənəm mənim
üçün dünyanın
ən gözəl qadınlarından biri idi. Qocalıqdan əlləri quruyub qaxac olmuşdu. Ən çox sevdiyim nənəmin yanında oturub onun dərisi qurumuş əllərinin üstündəki damarlarla
necə aram-aram ürəyinin qanı qovmasını izləmək
idi. Nənəmin əllərinə, üzünün
damarlarına sanki uzaq keçmişin cod izləri hopmuşdu.
Nənəm danışardı
ki, Muğanın ilanmələyən susuz çöllərində bulaq
suyuna alışan dağ adamları kəpənək kimi qırılırdılar. Bir
ev tikirdilərsə, hər yurd yerinə
qəbiristanlıqda 5-10 məzar
qazırdılar.
Kəndimizin ağsaqqalları,
ağbirçəkləri xatırlayardılar ki, rus çarının oğlu olanda camaat ona məktub
yazıb gözaydınlığı
verərək rica etdi ki, onları
əfv edib kəndlərinə qayıtmağa
icazə versin. Məktublarına çar
qol çəkir, amma adamlara kəndlərinə
15 kilometrdən yaxına
köçməyi qadağan
edir.
Sürgündən qayıdanlar
kəndin 15 kilometrliyində
Aşağıxuc tərəfdə
yurd salsalar da, kəndlərinə qatılmaları üçün ruslardan
əl çəkmirlər.
İmkan düşən
kimi pul yığıb evləri satın alırdılar. Ruslara deyirdilər ki, yüz il
qalsa da sizə xeyir-dua verməyəcəyik, bu kəndi lənətlənmişik.
Birinci Dünya
müharibəsi başlayanda
rusların bir qismi səfərbərliyə
alındı. Qalanları
da tədricən başqa bir malakan kəndinə köçüb getdilər.
Kəndimizin mərkəzində
o vaxt rusların tikdiyi kilsə indi də qalır.
Allahın evidir deyə heç kim onun bir
çöpünə toxunmağı
ağlına belə gətirməyib.
Azərbaycanda kənd
yolları əsasən
əyri-üyrü, dolanbacdır.
Amma Xucbalanın küçələri çox
geniş və düzdür. Rusların bir əsr əvvəl
saldığı geniş
küçələr bu
gün də olduğu kimi qalır. Kənd iki dəfə böyüsə də, görkəmini, demək olar, zərrə qədər dəyişməyib.
Kəndin mərkəzindən
keçən asfalt yol da əvvəllər
olduğu kimi, "Elçi yolu" adlanır. Xucbalanın dörd tərəfi indi yenə də bağlarla əhatə olunub.
Kəndimizlə Digah
arasında "Qanlı
dərə" deyilən
yer isə erməni-türk müharibəsinin
yadigarıdır. Orada
azərbaycanlılarla ləzgilər
birləşib ermənilərə
qarşı döyüşüblər,
qan su yerinə
axıb.
Sonralar sovet hakimiyyəti quruldu, kəndimizdə sovxoz yaradıldı. "Sovxoz"
deyiləni biz belə sayardıq ki, sanki dədəmizin,
babamızın halal malıdır. Amma sovxoz bağında təkcə bizim 5-10 alma ağacımız var idi. Kimsə
onları dərib apara bilməzdi. Qoyun-quzunu da imkan düşən kimi vururduq sovxoz
bağına ki, mal-qara tox olsun,
cəmdəyinə ət
yığsın.
Kəndimizin Qonaq
dayı adlı briqadiri vardı. Bağa mal-qaranı vuranda qeyzlənərdi, amma atamla dost
olduğundan dərinə
də getməzdi. Uzağı qışqırardı:
"Ayə!!! Gəlin
xeyratınızı çıxarın
bağdan! Viran qoyduz dövlətin mülkünü". Zəhmli
səsi olsa da, mərhəmətli idi, zarafatı başa düşürdü.
Deyirdim ki, vallah, Qonaq dayı,
bizim qoyunlar budaqları yemir, elə çərgələrin
arasındakı alağı
gəmirirlər, vəssalam.
Anındaca cavabını
alardım. "Adə,
köpəkoğlu, deyirsən
ki, mənim başım xarabdır? Mən bağları alaq etmək üçün niyə 20-30
fəhlə saxlayıram,
niyə camaata maaş verirəm ki? Elə gəlib
dədənin qoyunlarını
vuraram cərgə arası alağa... Pulum da cibimdə
qalar".
Bir sözlə,
sovxoz çox qəribə bir qurum idi. Kimsə
kimsədən inciməzdi.
Hərə evinə dartıb aparmağa nə isə tapırdı. Yəni sovxozu elə dədəmizin malı sayırdıq. Kim haradan tuturdusa, oradan da qapırdı.
Şah oğurluqların
zamanı isə payızda gələrdi. Hamı doluşardı meyvə bağlarına, gecə-gündüz daşıyıb
aparardılar evlərinə.
Heç kimin ağlına gəlməzdi
ki, oğurluq yaxşı iş deyil, hamımız halal sayırdıq, elə bilirdik sovxoz bizimdir.
Azərbaycan müstəqilliyini
bərpa edəndən
sonra torpaqlar özəlləşdirildi və
insanlar mülk və əmlak sahibinə çevrildilər.
Amma əkib-becərməkdən
yadırğamışdılar. Meyvə ağacları da qocalıb əldən düşmüşdü.
Kim diribaş idi özünü oda-közə vurub bağ salırdı. Fərsizlərsə torpaqlarını
su qiymətinə satırdılar. İndi tamam fərqlidir, hamı mülk sahibi, mülkədardır.
Kimin hünəri nədir ki, kiminsə bağına girib oğurluq etsin. Yeddi arxa
dönəninə od vurarlar!
Kəndimizin ətrafında
hektarlarla yeni bağlar salınıb. Cavanlarımız becərməyi
də öyrəniblər,
qulluq etməyi də. Hamı bilir ki, ağac
əkib bağ salmaq övlad böyütmək kimi çətin işdir.
1990-cı illərdən üzü
bəri kəndimizdə
aqrar sektorun siması dəyişib. Kənd camaatı əlinin qabarına güvənir. Bir hektar bağı olan da var,
10-20 hektar da... Kəndimizi yeni intensiv meyvə bağları üzük qaşı kimi mühasirəyə alıb.
Day oğurluqla baş
girləyən yoxdur. Hamı əziyyət çəkir, alın təri ilə məhsul yetişdirir. Elə bağ var 10 min manata
başa gəlir, elə bağlar da var 20-30 min manatdan çox
xərc aparır.
Özəlləşmədən
sonra insanlar torpağa daha dərindən bağlanıblar.
Hamı əldən-ayaqdan gedir ki, ruzisi bol olsun.
Bağların bərəkəti artdıqca kəndin
siması da dəyişir. Demək olar ki, hamı ikimərtəbəli
ev tikir. Vaxt vardı, kənddə hamamın nə olduğunu
bilən yox idi. Suyu qızdırar, bağda tiyan qoyub çimərdilər.
İndi isə hamı evi elə tikir ki, içində
hamamı da var, sanitar qovşağı da. 30 il əvvəl
bibim Bakıda bizə gələndə dəli oldu ki, siz adam
deyilsiz, evin içində tualetmi olar. Zəmanə dəyişib,
indi bibimin kənddəki evinin hər iki mərtəbəsində
hamam, tualet var.
Kəndimizin
qocaları da, cavanları da öyünüləsi
adamlardır. 50-yə yaxın gənc sonuncu Qarabaş
döyüşündə cəngavər kimi
döyüşüb. Ölümün üstünə qəhrəman
kimi şığıyıblar. Onlar başımızın
tacıdırlar. Qocaların da öz yeri var. Bayram kişi
vardı. İşi-peşəsi çölləri gəzmək,
kim xəstələnərsə ona dərman hazırlamaq idi.
Kimini porsuqla müalicə edirdi, kimini quşlarla, kimini də
bitkilərlə. Amma heç vaxt heç kimdən pul istəməzdi,
nə versəydilər ona da qane olurdu. Kəndin
mamaçası isə Sayad xala idi. 50 ildən yuxarı əlində
nə bir uşaq öldü, nə də ki bir qadın.
İndi kəndimiz
uzaqdan yeni qəsəbəyə oxşayır. Ümumi mənzərəsi
də gözəldir. Kəndarası yollara daş
tökülüb, mərkəzi yola isə çoxdan asfalt
çəkilib. Kəndimizdə 60-cı illərdə o
dövr üçün müasir məktəb tikilmişdi.
Onu da söküb bu yaxınlarda yerində təzəsini
inşa ediblər. Xucbalada oxuyanlar həmişə çox
olub. Bu gün də kəndimizdən Azərbaycanın və
xarici ölkələrin ali məktəblərində təhsil
alanlar var.
Bizi məktəbə
aparanda valideynlərimiz
müəllimə deyirdilər
ki, əti sənin, sümüyü
mənim. Bu isə o demək idi ki, oxumasan,
mütləq kötəklənəcəksən.
İndi də hamı çalışır
ki, uşaqlarına savad versin. Bilirlər
ki, hətta yaxşı bağban olmaq istəyənə belə, bilik lazımdır. Bir sözlə, ölkəmiz
güclənib inkişaf
etdikcə kəndimiz də böyüyür, abadlaşır.
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.7.