Bakı
bir gözəllik tablosuna bənzəyir
Bakı insan zəkası ilə təbiətin yaratdığı
bir gözəllik harmoniyasıdır... Bu şəhərin ecazkar dəniz panoraması, füsunkar təbiəti bütün zamanlarda səyyahları, turistləri
təəccübləndirməyi bacarıb. Bir görəni bir könüldən min könülə özünə
valeh edib.
Qədimliyin və
müasirliyin vəhdət
şəhəri olan Bakı həm də sevgi və
səmimiyyət şəhəridir.
Bu şəhərdə
insanların üzündən
nur, gözündən
təbəssüm, ürəyindən
hərarət süzülür.
Avropa və Şərq memarlığının
ən gözəl inciləri sayıla biləcək qədər yaraşıqlı
binalarını görən
turistlər Bakını
möcüzələr adasına
bənzədirlər... Paytaxtımızı
əvvəllər görüb,
sonradan bir də görənlər gündən-günə gözəlləşən
bu şəhərdə
möcüzə baş
verdiyini zənn edirlər. Bu bir həqiqətdir ki, insanların xoş güzəranını,
rahatlığını və
qayğısız həyat
tərzini təmin etmək məqsədilə
şəhərin gözəlliyinə
gözəllik qatan, yeni memarlıq abidələrinin vaxtaşırı
tikilib sakinlərin istifadəsinə verilməsinə
artıq bakılılar
vərdiş ediblər.
Bu gün Bakı yaşıllıqlar
adasına bənzəyir
desək, mübaliğə
olmaz. Bütün bu işlər dövlətin vətəndaşlara
olan qayğısı,
qəbul olunmuş xüsusi dövlət proqramı ilə planlı surətdə həyata keçirilir. Dövlətimizin Azərbaycanın
sosial inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyanın nəticəsi
olaraq Bakının dünyanın ən baxımlı, gözəl
şəhərlərindən birinə çevrilməsi
istiqamətində görülən
işlərin miqyası
ilbəil daha da artır.
Vaxtilə 3,5 kilometr
olan tarixi bulvarımızın uzunluğu
indi 16 kilometrə çatıb və hər yer abadlaşıb,
gözəlləşib. Bu,
dünya miqyasında nadir istirahət və gəzinti zonasıdır. Yeni yollar, parklar, xiyabanlar salınır. Bakı bu gün
parklar, bağlar şəhəridir.
Hazırda paytaxtın
bütün rayonlarında
yaşıllaşdırma, abadlıq-quruculuq işləri
aparılır. Qeyd etməliyik ki, bu həm də
təməli Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan gözəl
tarixi ənənənin
davamıdır. Tarixə
nəzər salsaq, görərik ki 1970-ci ilədək Bakı şəhərində cəmi
3 min hektara qədər yaşıllıq
sahəsi mövcud olub. Ulu Öndər
Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illərdə Bakıda yaşıllıqların
sahəsi 17 min hektara qədər artıb. Bu dövrdə ətraf mühitin mühafizəsi,
təbii sərvətlərdən
səmərəli istifadə
olunmasına dair 8 qanun qəbul edilib, hökumət səviyyəsində 30-dan artıq
qərar verilib.
Son illər paytaxtda və regionlarda yaşıllaşdırma,
abadlaşdırma, parksalma
işlərinə nəzər
salsaq, qarşımızda
geniş bir panorama açılar. Suraxanıda, Sabunçuda,
Pirallahı, Nizami, Binəqədi,
Səbail rayonlarında
görülən işlər
şəhər mənzərəsini
gözəlləşdirərək onun əsrarəngiz görünüşünə yeni rəng qatıb. Bakı və ətraf qəsəbələrdə 70-dən çox yeni mədəniyyət və
istirahət parkı salınıb. 100-dən çox
park əsaslı təmir olunub. Dənizkənarı Milli
Park, Filarmoniya bağı,
Fəvvarələr meydanı,
Zabitlər parkı, Sahil bağı, Xaqani bağı, Səməd Vurğun bağı, Zorge parkı, "Koala
Park" əyləncə mərkəzi,
Dədə Qorqud parkı, Qış parkı, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan çoxsaylı
parklar, akademik Zərifə Əliyeva adına park, paytaxtın Xətai rayonunda salınan "Gənclik", Səbail rayonundakı "Çəmbərəkənd"
parkları, Yasamal rayonu ərazisində salınmış "Yeni
Yasamal" parkı ölkədə həyata
keçirilən sosial-iqtisadi
inkişaf strategiyasının
tərkib hissəsi olmaqla paytaxtımızın
estetik görünüşünü
daha da artırır.
Artıq insanlar
istirahət günlərini
qayğısız, şən
keçirmək üçün
vaxt itirib uzaqlarda təbii mənzərə, gözəl,
səfalı yerlər
görmək üçün
Bakıdan kənarda yerlər axtarmırlar. Elə şəhərin mərkəzində, yaşadıqları
evlərin yaxınlığında
istirahətlərini təşkil
etmək üçün
yaradılan şəraitdən
məmnunluqla istifadə
edirlər.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.7.