Azərbaycan heykəltaraşlıq
sənətinin tarixi qədimdir. Dəqiq deyil ilk heykəllər
ölkəmizin hansı
guşələrində yaradılıb,
müəllifləri kim
olub. Ancaq bu sənətin qədimliyini müxtəlif
ərazilərimizdə arxeoloji
qazıntılar nəticəsində
aşkarlanan və eramızdan əvvələ
aid edilən nadir heykəl nümunələri təsdiqləyir.
Həmin heykəltaraşlıq
əsərləri Azərbaycanda
əkinçilik və
maldarlıqla məşğul
olan tayfaların mədəniyyəti, incəsənəti,
dünyagörüşü barədə zəngin məlumatlar verir.
Əsrlər keçdikcə,
dünyanın digər
qədim sivilizasiya məskənləri kimi, Azərbaycanda da heykəltaraşlıq sənəti
inkişaf edib, üslubu, hazırlanma texnologiyası təkmilləşib.
Bu gün ölkəmizdə heykəltaraşlıq
incəsənətin əhəmiyyətli
sahələrindən sayılır.
Geniş küçə
və meydanlarımıza
xüsusi yaraşıq
və məna verən heykəllərin əksəriyyəti yüksək
sənətkarlıq nümunələridir.
Həmin heykəltaraşlıq
əsərlərinin bir
çoxu həm də ölkəmizin tarixində iz qoymuş, xalqımızın
tərəqqisində misilsiz
xidmətlər göstərmiş
şəxsiyyətlərə ehtiramımızın ifadəsidir.
Ötən əsrin
20-ci illərindən küçə
və meydanları bəzəyən heykəllərin
arasında Azərbaycanın
görkəmli şəxsiyyətlərinin
obrazları geniş yer tutmağa başladı. Belə abidələrin ilki - şair Mirzə Ələkbər Sabirin abidəsi Bakıda 1922-ci ildə qoyuldu. 1930-cu ildə yazıçı-dramaturq
Mirzə Fətəli
Axundzadənin heykəli
paytaxtımızda əbədi
qərar tutdu. Adı Azərbaycan tarixinin şərəfli səhifələrini bəzəyən
Nizami Gəncəvi, Məhəmməd Füzuli,
İmaddədin Nəsimi,
Üzeyir bəy Hacıbəyli, Həsən
bəy Zərdabi və başqalarının
heykəlləri də
müxtəlif illərdə
Bakının meydanlarında,
küçələrində ucaldıldı. Bu istiqamətdə işlər
uğurla davam edir.
Son illər yaradılan heykəltaraşlıq
əsərlərindən biri
Hacı Zeynalabdin Tağıyevin heykəlidir.
Azərbaycan xalqının
təəssübkeş, xeyirxah,
maarifpərvər övladı,
ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsinin
ucaldılması haqqında
2020-ci il martın 11-də
dövlət başçısı
tərəfindən sərəncam
imzalandı. Heykəlin
hazırlanması ilə
bağlı Heydər
Əliyev Fondu, Mədəniyyət Nazirliyi
və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən
heykəltaraşlıq müsabiqəsi
keçirildi. Müsabiqəyə
20-dən çox layihə
təqdim edildi. Onların arasından heykaltaraş, Xalq rəssamı Xanlar Əhmədovun layihəsi
seçildi.
"İçərişəhər"
metro stansiyasının
qarşısında ucaldılan
heykəlin açılış
mərasimi 2022-ci il yanvarın 18-də keçirildi.
Mərasimdə qeyd edildi: "Tağıyevin
abidəsinin məhz bu yerdə yerləşməsinin
böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına,
ümumiyyətlə, Azərbaycanın
inkişafına böyük
töhfələr vermişdir".
Qeyd edək ki, müəllifi heykəltaraş Xanlar Əhmədov olan heykəl bürüncdəndir.
Abidənin önündə
Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Həmçinin
Heydər Əliyev Fondu tərəfindən qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə
inteqrasiyasına dəstək
məqsədilə lövhədə
əks olunan məlumatlar Brayl əlifbası ilə də təqdim edilib.
Dünyaşöhrətli azərbaycanlı müğənni
və bəstəkar Müslüm Maqomayevin abidəsi də Bakı şəhərinin
ən gözəl yerlərindən birində
- Dənizkənarı Milli
Parkdadır.
2020-ci ildə Azərbaycan
musiqi mədəniyyəti
xəzinəsinin zənginləşdirilməsinə
dəyərli töhfələr
vermiş görkəmli
sənətkar, məşhur
opera və estrada müğənnisi,
SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi
ilə bağlı sərəncam imzalanmışdı.
2022-ci il avqustun
17-də Bakının Dənizkənarı
Milli Parkında ucaldılan Müslüm Maqomayevin abidəsinin açılışı oldu.
Həmin gün Azərbaycan xalqının
böyük oğlu Müslüm Maqomayevin anadan olmasının 80 illiyi idi.
Açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti
və birinci xanım Mehriban Əliyeva, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da iştirak etdilər.
Bu gün Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə
fəxr edir: "Çünki o, həm böyük müğənni,
həm də böyük bəstəkar
idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu
gün də Müslüm Maqomayevin ifasında səslənən
mahnılar hər birimizi duyğulandırır".
Abidənin müəllifi
heykəltaraş, Xalq
rəssamı Ömər
Eldarovdur.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.10.