Təlatümlərdə keçən ömür

 

 

Aktrisalığa doğulduğu Sarevo kəndində teatr həvəskarlarının hazırladıqları tamaşalarda rol almaqla başlayan Mərziyyə Yusif qızı Davudova ilk dəfə Həştərxanda geniş tamaşaçı qarşısına çıxıb. "Birinci teatr" adlı pyesdə oynadığı Ərəfə rolu ona uğur qazandırıb.

O zaman Həştərxanda qastrolda olan Hüseyn Ərəblinski aktrisanın səhnə hərəkətlərini, aktrisa-tamaşaçı tandemini bəyənib onu Bakıya dəvət edib. On altı yaşında anasını itirən Mərziyyə 1919-cu ildə Bakıya gəlib Birləşmiş Dövlət Teatrosunun nəzdində fəaliyyət göstərən kollektivdə aktrisa kimi fəaliyyətə başlayıb.

Mərziyə Yusif qızı Davudova 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olub. Kəndlərindəki dördillik "Darültəhsil"də oxuduqdan sonra "İqbal" rus-tatar məktəbində təhsil alıb.

18 yaşlı gənc aktrisanın ən böyük arzusu Hüseyn Ərəblinski ilə səhnədə tərəf-müqabili olmaq idi. 1919-cu ildə Ərəblinski öldürüldüyü üçün Mərziyyə Davudova arzusunu reallaşdıra bilməsə , dövrünün ən güclü səhnə ustalarından biri Abbas Mirzə Şərifzadə ilə dəfələrlə eyni səhnəni paylaşmalı olur. Aralarında yaranan xoş münasibət iki böyük teatr xadiminin ailə qurması ilə tamamlanır. Bu evlilikdən onların Firəngiz adında bir qızları dünyaya gəlir.

Parlaq istedadı ilə özünü təsdiq etməyi bacaran Mərziyyə Davudova qısa bir zamanda Akademik Milli Dram Teatrının aparıcı aktrisalarından birinə çevrilir. Onun səhnə məharətini yüksək qiymətləndirən Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır. Aktrisa səhnədəki əhvali-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

O dövrün mətbuatında aktrisanın "Sevil" pyesində Sevil rolunu məharətlə ifa etməsi haqqında onlarca məqalə dərc olunub. Yazılanlara görə, tamaşaya baxmağa gələn çadralı qadınlar elə tamaşa salonundaca çadraları ilə əbədi olaraq vidalaşırmışlar. Müxtəlif zamanlarda Tiflis Azərbaycan Dram Teatrında Bakı Türk İşçi Teatrında çalışan Mərziyyə Davudova fəaliyyətinin əsas hissəsini Akademik Milli Dram Teatrının səhnəsində keçirib.

Milli Dram Teatrın səhnəsində "Maqbet", "İblis", "Otello", "Sevil" kimi tamaşalarda özünəməxsus rollar ifa edən aktrisa "Hacı Qara", "Bir ailə", "Bakının işıqları" filmlərinə çəkilib. "Bəxtiyar" filmində Bəxtiyarın anası Gülbadam rolunu ifa edib.

 Abbas Mirzə Şərifzadə ilə tərəf-müqabili olduğu "İblis" tamaşası ilə böyük uğura imza atan aktrisanın səhnə həyatı uğurlu alınsa da, ailə həyatı uğursuz olur.

1936-cı ildə Xalq artisti adını alan Mərziyyə Davudova 1956-1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində çalışır. Aktrisa eyni zamanda Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərir.

Görkəmli Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus dünya ədəbiyyatı incilərinin rəngarəng obrazlarına səhnə həyatı verən aktrisanın gənc aktyor nəslinin yetişməsində xidmətləri inkarolunmazdır.

1937-ci ilin repressiyası zamanı aktrisanın həyat yoldaşı Ülvi həbs olunaraq güllələnir. Deyilənə görə, o illərin qorxusu ömrünün sonuna kimi Mərziyyə Davudovanı tərk etməyib. Uzun sürən xərçəng xəstəliyindən əziyyət çəkən M.Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində vəfat edib.

Aktrisanın həyatında sevincli, fərəhli günlərin sayı az olmayıb. "Azərbaycan SSR Xalq artisti", "SSRİ Xalq artisti" kimi yüksək fəxri adlara layiq görülən M.Davudova həm "Stalin" mükafatı, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif edilib.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 25 yanvar, № 15.- S.10.