Rus-tatar
qadın məktəbinin
tanınmış pedaqoqu
Azərbaycanın təhsil
tarixində müəyyən
rolu və xidmətləri olmuş qadın pedaqoqlardan biri
də Leyla xanım Rustəm bəy qızı Sultanovadır.
Qeyd edək ki, L.Sultanova Qarabağın qubernatoru təyin edilmiş Xosrov bəy Sultanovun qardaşı
- Rüstəm bəyin
qızıdır.
Arxiv materialları
əsasında məlum
olmuşdur ki, Leyla xanım Rustəm bəy qızı Sultanova 13 oktyabr 1895-ci ildə doğulmuşdur, bəy qızıdır, müsəlman
məzhəbinə mənsubdur.
O, təhsilini Bakı
Müqəddəs Nina qadın
məktəbində almışdır.
Leyla xanım həmin tədris ocağının tam kursunu bitirdikdən sonra xüsusi olaraq rus dilini
öyrənməkdən ötrü
1913-cü ilin sentyabrında
elə orada təhsilini davam etdirmiş və məktəbin tədris proqramını müvəffəqiyyətlə
yerinə yetirmişdir.
Leyla xanım həmin dövrün müəyyən edilmiş
qaydalarına uyğun
olaraq Xalq Maarif Nazirliyinin 1874-cü il avqustun
31-də təsdiq edilmiş
əsasnaməsi ilə
ev müəllimi adına layiq görülmüşdür.
Görkəmli maarifçi
qız pedaqoji fəaliyyətlə məşğul
olmaqdan ötrü
1916-cı il yanvarın 29-da Bakı Şəhər Duması nəzdindəki Məktəb
Komissiyasının sədrinə
ərizə ilə müraciət etmişdir.
Cavab məktubunda bildirilmişdir ki, Leyla xanım Sultanova yanvarın 30-dan etibarən I rus-tatar məktəbinin işə
çıxmayan müəllimi
Hənifə xanım
Məlikovanı əvəz
etmək üçün
həmin tədris ocağına təyin olunur.
Yeri gəlmişkən
qeyd edək ki, I rus-tatar qadın məktəbinin müdiri
olmuş Hənifə
xanım Məlikova
1872-ci ildə Tiflisdə
Müqəddəs Nina qız
gimnasiyasını bitirmişdir.
O, həyatının müəyyən dövrlərində
Həsən bəy Zərdabinin "Cəmiyyəti-Xeyriyyə"
qurumunda tərbiyəçi,
Aleksandr "rus-müsəlman"
qadın məktəbində (1901-1909) və Bakı şəhəri I qadın "rus-müsəlman" məktəbində
müdir vəzifəsində
işləmişdir.
Hənifə xanım
Məlikova həmçinin
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
(1918-1920-ci illər) I qadın
türk məktəbinin
müdiri olmuşdur.
O, sovet dövründə də
pedaqoji fəaliyyətini
davam etdirmişdir.
1935-ci ildə " Əkinçi"
qəzetinin 50 illik yubileyi münasibətilə
" Həsən bəy
Məlikov-Zərdabinin bioqrafiyası"
adlı əsərini
yazmışdır.
Məktəb Komissiyasının
sədri 9 sentyabr
1916-cı ildə Leyla
xanım Sultanovaya yeni
bir məktub göndərərək ondan
xahiş edirdi ki, "sentyabrın 3-dən
etibarən müvəqqəti
olaraq Persidskaya (indiki Murtuza Muxtarov) küçəsində
Nəsrulla Ağa Əlizadənin evində yerləşmiş ikinci qadın rus-tatar məktəbində mövcud
olan boş müəllim vəzifəsini
tutsun". Arxiv sənədləri təsdiq
edir ki, Leyla xanım zamanın tələbi
ilə Bakıda müxtəlif qadın məktəblərində pedaqoji
fəaliyyət göstərmişdir.
L.Sultanova Məktəb
Komissiyasının qərarı
ilə 5 sentyabr
1916-cı ildə 2-ci şəhər
rus-tatar qadın məktəbində ştatda
olan müəllim vəzifəsinə təyin
olunmuşdur. 1919-cu ilin
oktyabrında müsəlman
qızların 3-cü ali-ibtidai məktəbinə köçürülmüşdür.
Yeri gəlmişkən
qeyd edək ki, 1919-cu ildə Bakı şəhəri
II rus-tatar qadın ibtidai məktəbi 2-ci qadın türk məktəbi kimi fəaliyyət göstərmişdir.
Bu da çox
güman cümhuriyyət
hökumətinin ölkədə
həyata keçirdiyi
məktəblərin milliləşdirilməsi
siyasəti ilə bağlı idi. Tarixi mənbələr təsdiq edir ki, Leyla xanım Sultanova Azərbaycanda sovet hakimiyyəti qurulanadək pedaqoji fəaliyyətlə məşğul
olmuşdur. Lakin təəssüflər olsun
ki, sonrakı illər üzrə Leyla xanımın fəaliyyəti haqqında
heç bir məlumat əldə etmək mümkün olmamışdır.
1920-ci ilin aprelində
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1950-ci illərin əvvəllərinə qədər
Azərbaycan SSR-də
qanlı repressiyalar həyata keçirilməyə
başlanmışdı. Həmin
repressiyalar Azərbaycanın
ali dövlət rəhbərləri, ruhanilər,
ziyalılar və varlı kəndlilərlə
yanaşı, bütün
Azərbaycan əhalisini
əhatə edirdi. Repressiyalara əks-inqilabi fəaliyyətdə, casusluqda,
antisovet təbliğatının
aparılmasında şübhəli
bilinən insanların
güllələnməsi, həbs
edilməsi, əmək
düşərgələrinə göndərilməsi və
insanların SSRİ-nin
digər bölgələrinə
deportasiyaları da daxil idi.
XX əsrin
20-50-ci illərində Azərbaycan qadınlarına qarşı repressiyalara məruz qalanlardan biri kimi Leyla xanım Sultanova da qeyd edilməlidir.
Şəlalə Məmmədovanın
"Anaların fəryadı"
kitabında Leyla xanım Sultanovanın Azərbaycan Fövqəladə Komissiyasının Xüsusi Şöbəsi tərəfindən müsavatçılıqda təqsirli bilinərək
44 nömrəli orderlə
11 iyun 1921-ci ildə həbs edildiyi göstərilir.
Dövrünün tanınmış
qadın pedaqoqu Leyla xanım Sultanovanın maarifçilik fəaliyyəti
unudulmur, xatirəsi isə daim ehtiramla
yad edilir.
Rafiq SƏFƏROV,
Milli Arxiv İdarəsinin
baş məsləhətçisi
Azərbaycan.-2024.-
25 yanvar, ¹ 15.- S.10.