AŞPA Azərbaycana
qarşı məkrli
ssenaridə rol alıb
"Avropa Şurası
Parlament Assambleyasının
(AŞPA) ölkəmizə qarşı qərəzli
davranışı ilk
belə hadisə deyil. Azərbaycan 2001-ci ildə bu quruma
üzv olduğundan bəri daim ermənipərəst münasibətlə
üz-üzə qalıb.
Son hadisələr də sübut edir ki, bu
təşkilatdan ədalətli
davranış gözləməkdə
yanılmışıq. AŞPA-nın Azərbaycanı insan hüquqlarının
pozulmasına görə
günahlandırması riyakarlığın
son həddidir. Əslində isə demokratiyadan və insan haqlarından ağızdolusu danışan
bu təşkilat elə özü bütün bu dəyərlərdən məhrumdur".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, Avropa Şurasına
üzv olduğumuz 23 il ərzində keçirilən iclaslarda,
qəbul edilən qərarlarda Ermənistanın
işğalçı siyasətini
pisləyən bir cümlə də səslənməyib. Bu azmış kimi, indi Azərbaycanı hədəfə alır, bizə qara yaxmağa çalışırlar.
Belə olan halda Azərbaycan nümayəndə heyətinin
korrupsiyalaşmış, islamofob
düşüncəli qüvvələrlə
dolmuş bir təşkilatda fəaliyyətini
dayandırması məntiqlidir.
Deputat qeyd edib ki, AŞPA heç zaman ölkəmizin ərazi bütövlüyünün, vətəndaşlarımızın
Ermənistan tərəfindən
pozulmuş hüquqlarının
bərpasının müdafiəsinə
qalxmayıb. Müsahibimizin
sözlərinə görə,
Azərbaycanın dünya
birliyi tərəfindən
tanınan ərazilərinin
20 faizi Ermənistan tərəfindən işğal
olunsa da, AŞPA hələ indiyə qədər İrəvan əleyhinə bir dənə də olsun sənəd qəbul etməyib. Əksinə, separatçıları
daim himayə edib. AŞPA-da məsələlərə ikili
standartlardan yanaşıldığını
vurğulayan deputat əlavə edib ki, halbuki bir
quruma üzv olan iki ölkədən
birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının
səs hüququ əlindən alınmalıydı.
"AŞPA bunun əvəzində
2023-cü il oktyabrın
23-də "Dağlıq Qarabağda
humanitar vəziyyət"
adlı qətnamə
qəbul edib. Həmin qətnamənin
23-cü bəndində Azərbaycan
açıq-aşkar təhdid
edilib, 19-20 sentyabrda baş tutan lokal xarakterli anti-terror tədbirlərini
hərbi əməliyyatlar
kimi qiymətləndirib
və Azərbaycan nümayəndə heyətinin
etimadnaməsinin 2024-cü ilin
ilk iclasında tanınmayacağı ilə
bağlı hədə
göstərib. AŞPA Azərbaycana
qarşı məkrli
ssenaridə rol alıb və ittihamlarımız əsassız
deyil. Ona görə də nümayəndə heyətimizin
AŞPA ilə əməkdaşlığı
və bu təşkilatda iştirakını
qeyri-müəyyən formada
dayandırması düzgün
qərardır", - deyə
A.Hüseynov söyləyib.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
26 yanvar, № 16.- S.9.