Qərbin seçimi

 

 

Şər, şantaj, yalan

 

 

 

Fransız siyasilərinin inadla Azərbaycan əleyhinə atılıb-düşmələri artıq diplomatiyadan daha çox "Can can" adlı  qədim fransız rəqsinin dingildəmələrinə bənzəyir. Bu rəqsi fransız qızları elə şən oynayırlar ki, paltarlarının ətəkləri millənib göylərə qalxır. Fransızların ölkəmizə qarşı irəli sürdiyü saysız tələblər, tətbiq etmək istədikləri qadağalar sanki bu rəqsin müxtəlif versiyalarda nümayişidir.

Görəsən, bu hoqqadır fransızlar çıxarırlar? Hardasan ay, Məstəli şah, bəlkə gələsən, bu Parisi bir xışmalayıb-xışlayıb yerinə otuzdurasan. Çünki Paris qıy vurub demokratiya zurnasını püləyəndə erməni faşizminə tumar verir. Fransızlar tullanıb irəli düşmək istəsələr , sürüşüb elə hey dala gedirlər. Əlinizə bir çubuq alıb, bizə "diplomatiya dərsi" verən Parisin gönünü yüngülvari çırpın. Görəcəksiniz ki, altdan faşist pırtlayıb çıxır.

Maraqlısı odur ki, bu kor erməni sevdasının daha dərin kökləri mövcuddur. Bunun üçün bir qədər Fransa tarixində eşələnmək lazımdır. Məlum olacaq ki, əslində, Parisin bu çabalarının diplomatiyaya, beynəlxalq hüquqa bir dəxli var. Düzdür, fransızlar bizə "diplomatiya dərsi" verməkdən yana dəridən-qabıqdan çıxırlar. Amma biz qələbəni siyasi diplomatik müstəvidə ədalətin bərpası hesabına qazanmışıq.  Bu baxımdan bizim qələbəmiz , qazandığımız diplomatik uğurlar da böyük əhəmiyyət kəsb edir.

Fransada beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər, onları təsadüfi adamlar - populistlər, demaqoqlar əvəz etdilər. 44 günlük müharibə ərzində hətta Fransa Prezidenti Azərbaycana dəfələrlə zəng edib təsir göstərməyə çalışdı, sərt anti-Azərbaycan mövqeyi sərgilədi. Bunlar azmış kimi, Fransa xarici siyasətində demokratik dəyərləri yox, erməni faşizmini dəstəkləməyə üstünlük verdi. Bununla beynəlxalq münasibətlərdə irəli getmək istəyən Fransa keçmişə iməklədi.

Ən heyrətamizi isə odur ki, bu gün erməni işğalçılarını dəstəkləyən Fransa İkinci Dünya müharibəsində özü işğala məruz qalmışdı. Bundan sonra  bu "ütülü" ölkənin müasir dünyanın demokratik dəyərlərindən daha çox faşist ambisiyalarını körükləməyi qəribə deyilmi?! Yaxud fransızların Əlcəzairdə böyük əraziləri zəhərləyən nüvə sınaqlarını, mina terrorunu yadınıza salın. Həmin terrordan Əlcəzairdə insanlar indi həlak olurlar.

Əslində, bunu da təsadüfi hesab etmək olmaz. Qayıdaq yenə İkinci Dünya müharibəsi dövrünə. Fransızlar o zaman demək olar döyüşmədən 43 günün içində faşist Almaniyasına təslim oldular Hitlerlə əməkdaşlığa başladılar. Bundan sonra faşistlər fransız şəhərlərinin küçələrində sərbəst gəzişir, yeyib-içir, geninə-boluna əylənirdilər. Ardınca olsa yaxşıdır - 1940-cı ilin oktyabrında Fransada abverə - alman kəşfiyyat xidmətinə ştatdankənar əməkdaşların qəbulu dayandırılır. Çünki  artıq qəbul edilən 32 mindən yuxarı satqın bütün fransanı şəbəkə kimi tam bürümüşdü. 1944-cü ildə yaradılan "Şarleman" SS diviziyasına isə 7000 fransız daxil olmuş onların əksəriyyəti 1945-ci il aprelin sonunda Berlində Reyxstaqı müdafiə edərkən  qırılmışdır. Bu da hələ hamısı deyil. 1943-cü ildə fransız könüllülərindən ibarət SS tipli silahlı dəstələr yaradılır onlar almanlarla birlikdə yəhudilərin qırılmasında yaxından iştirak edirlər. Beləliklə, ən sadə hesablamalara görə, üçüncü reyxin tərəfində agent, satqın, milis, gestapo vermaxt qismində 322 min fransız qulluq etmişdir. Bundan başqa, Parisdə 9000 fransız polisi yəhudilərin üzə çıxarılıb güllələnməsində iştirakçı olmuşdur.

Bütün bunlardan sonra fransızların demokratiya ilə faşizm arasındakı seçimlərində ikinciyə üstünlük vermələri adama qəribə gəlmir.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2024.- 26 yanvar, № 16.- S.9.