İkili standartlar
siyasəti Avropa üçün normaya çevrilib
Azərbaycanın Qarabağı
erməni işğalından
azad etdikdən sonra Qərbin siyasi təzyiqləri ilə üzləşməsi
müasir dünyada ikili standartlar siyasətinin geniş tətbiq olunduğunu açıq şəkildə
ortaya çıxarır.
Avropa Şurasının
(AŞ) Azərbaycana qarşı
tətbiq etdiyi ikili standartlar təsadüfi xarakter daşımır. Məsələnin
mahiyyəti ondan ibarətdir ki, Avropa strukturları dünyanın
müxtəlif bölgələrində,
o cümlədən Cənubi
Qafqazda münaqişəli
vəziyyətin davam etməsində və bununla da regiona müdaxilə edib qlobal siyasətdə
dominant rolunda qalmaqda maraqlıdırlar. Bu tezisi
sübuta yetirmək üçün 1994-cü ildə
Qarabağ münaqişəsinin
həll olunması üçün yaradılan
ATƏT-in Minsk qrupunun fəaliyyətini,
daha doğrusu, fəaliyyətsizliyini göstərmək
olar. BMT-nin Qarabağın Azərbaycana
məxsus olduğunu rəsmi sənədlərlə
təsdiqləməsinə baxmayaraq, qurum ötən 30 ildə münaqişənin həlli
üçün heç
bir müsbət addım atmadı.
Rusiya Federasiya
Şurasının Beynəlxalq
əlaqələr komitəsinin
sərdi Sergey Çekov
mətbuata açıqlamasında
bildirib ki, Avropa Şurası üçün
ikili standartlar siyasəti normadır. Bu qurum yeni üzvlər cəlb edərək genişlənsə də,
heç bir dövlətin milli maraqlarını
nəzərə almır
və yalnız özünün korporativ maraqlarından çıxış
edir.
Azərbaycanın torpaqlarını
işğaldan azad etməsindən sonra Avropa Şurasının bu cür qeyri-adekvat
mövqeyi hansı siyasi məntiqə sığır? Dünyada
sülhün, sabitliyin,
demokratiyanın və
bu kimi digər
dəyərlərin carçısı
olan Avropa Şurası Cənubi Qafqazda davamlı sabitliyin bərpasından niyə narahatdır? Ermənistanı silahlandırmaq
görəsən hansı
məqsədlərə xidmət
edir? Paradoksal hal ondan ibarətdir
ki, rəsmi İrəvan
işğal faktını
qəbul edərək
Azərbaycanla müəyyən
məsələlərdə razılığa getmək
niyyətindədir. Lakin Avropa
Şurası Azərbaycanı
ittiham etməkdə davam edir.
Hazırda Ermənistan
parlamentində yeni konstitusiyanın
qəbul edilməsi məsələsi müzakirə
olunur. Konstitusiya layihəsində nəzərdə
tutulub ki, “genosid” və “Qarabağ” ifadələri işlədilməsin.
Lakin Avropa Şurası
erməni xalqının
hüquqları uğrunda
“mübarizəsi”ni davam
etdirir. Bütün bunlar onu deməyə
əsas verir ki, Avropa Şurası regionda qeyri-sabit vəziyyətin illər boyu davam etməsinə
çalışır.
Türkiyənin “Ulusal” televiziya kanalının siyasi şərhçisi
Yakub Aslan bildirib ki, Avropanın
bir sıra dövlətləri insan hüquqları və demokratiya anlayışlarını
təzyiq alətinə
çevirərək bu
və ya digər dövlətə
qarşı istifadə
edir. Halbuki pensiya və miqrasiya ilə əlaqədar islahatlara etiraz edən “sarı jiletlilər”in Fransada keçirdikləri
aksiyalar zamanı rəsmi Paris demokratiyadan necə sui-istifadə etdiyini bütün dünyaya göstərdi. Bundan başqa, ötən aylarda Fransa polisinin mühacir gəncləri qətlə
yetirdikdən sonra ölkədə baş qaldıran kütləvi aksiyaların polis tərəfindən
xüsusi qəddarlıqla
yatırıldığını da gördük. Fransa və Avropanın digər
siyasi strukturları hər zaman müsəlman ölkələrinə
qarşı qeyri-konstruktiv mövqedə dayanıb. Məsələn,
Türkiyənin Avropa İttifaqına (Aİ) üzv kimi qəbul
edilməməsini göstərmək olar. Siyasi və iqtisadi
inkişafına görə Türkiyədən dəfələrlə
zəif olan ölkələr Aİ-yə tamhüquqlu üzv
kimi qəbul edilib. Hətta 1960-cı ildə yaradılan və
dünyanın bir çox ölkələri tərəfindən
müstəqil dövlət kimi tanınmayan Kipr də
2004-cü ildə Aİ-yə üzv qəbul olundu. Lakin
Türkiyənin iqtisadi, siyasi və demokratiya sahələrində
böyük uğurlar qazanmasına baxmayaraq, 50 il aparılan
danışıqlar nəticəsiz qaldı və rəsmi
Ankaranın İttifaqa üzv qəbul edilmədi.
Bu gün Avropa mətbuatı
insan hüquqları, demokratiya mövzularına tez-tez toxunur və
dünyanın üçüncü ölkələrinə
necə yaşamağı öyrətməyə
çalışır. Lakin Avropanın hər hansı bir
dövlətinin törətdiyi qanlı hadisələr barədə
heç nə yazılmır. Qərbin demokratiya gətirdiyi
Suriya, İraq, Liviya, Əfqanıstan və başqa dövlətlərin
vəziyyəti göz qabağındadır. Demokratiya adı
altında hərbi müdaxiləyə məruz qalan bu dövlətlərin
iqtisadiyyatı və siyasi quruluşu dağıdıldı, əhalisi
qaçqın düşdü, sərvətləri isə
talan edilir.
Müasir
dünyada yeni iqtisadi modellərin tətbiq edildiyi halda, Qərb
müstəmləkəçilik siyasəti yürütməyə
üstünlük verir ki, bu da təsadüfi xarakter
daşımır. Müstəmləkəçilik tarixən
Avropa siyasətinin ana xətti olub. Azsaylı xalqları
istismar etmək, təsir altına saldığı ölkələrin
təbii sərvətlərini talayıb varlanmaq Avropada ənənəvi
iqtisadi model kimi qəbul edilib. Əslində, Avropa
Şurasının rəsmi İrəvanın qeyri-konstruktiv və
sülhdən qaçan siyasətini dəstəkləməsi,
Azərbaycanın əleyhinə fəaliyyət göstərməsi
heç də ermənilərə olan sevgidən irəli gəlmir.
“Qoca qitə”ni Ermənistanı təsir altında saxlamaq,
iqtisadi fayda əldə etmək, müstəqil siyasət
yürüdən qonşularına İrəvan vasitəsilə
təzyiq etmək daha çox maraqlandırır. Lakin
müasir dünyada bu siyasi xəttin uğurla nəticələnəcəyi
mümkün görünmür.
Azərbaycan
dövləti siyasi iradə nümayiş etdirərək
Avropa Şurasının 30 ildə yarada bilmədiyi
sülhü 2020-ci ildə 44 gün ərzində yaratdı.
Bu gün bölgədə yeni siyasi reallıqlar yaradan Azərbaycan
sülh, əməkdaşlıq və inkişaf istiqamətlərində
irəli doğru addımlar atır. Xalqın və dövlətin
maraqlarına uyğun olaraq reallaşdırılan bu siyasətin
qarşısını heç bir qüvvə ala bilməz.
Azərbaycan.-2024.-
26 yanvar, ¹ 16.- S.9.