Heydər Əliyev Mərkəzində
gürcü rəssam Lado Qudiaşvilinin sərgisi
açılıb
AZƏRTAC xəbər
verir ki, sərgi Heydər Əliyev Mərkəzinin təşəbbüsü,
Gürcüstanın Azərbaycandakı səfirliyi və Gürcüstandakı Lado
Qudiaşvili Fondunun dəstəyi ilə təşkil olunub.
Tədbirdən əvvəl
Lado Qudiaşvili Fondunun nümayəndəsi, rəssamın nəticəsi
Elizabed Lordkipanidze jurnalistlərə müsahibəsində
bildirib ki, fərdi sərgidə rəssamın Paris
dövründən həyatının sonunadək
yaratdığı əsərlər təqdim olunub. Burada, həmçinin
onun qrafika və rəsm əsərləri nümayiş
etdirilir.
Rəssamın nəticəsi
Heydər Əliyev Mərkəzi və Lado Qudiaşvili Fondu
arasında əməkdaşlığın böyük əhəmiyyət
kəsb etdiyini, babasının Azərbaycan xalqı ilə
xüsusi münasibətləri olduğunu diqqətə
çatdırıb. O, sərginin belə yüksək səviyyədə
təşkil olunmasına görə Heydər Əliyev Mərkəzinə
minnətdarlığını bildirib.
Qeyd edilib ki, boya,
qrafik sənət və səhnə tərtibatı üzrə
əfsanəvi incəsənət xadiminin əsərləri
Azərbaycanda ilk dəfə nümayiş etdirilir.
Tədbirdə
çıxış edən Heydər Əliyev Mərkəzinin
direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə
bir neçə xüsusi məqamları qonaqların diqqətinə
çatdırıb: "Sərgidə nümayiş olunan əsərlər
məhz Lado Qudiaşvilinin ailəsinin şəxsi mülkiyyətindəndir.
Biz bu əsərlər üzərində uzun müddətdir
çalışırıq. Burada fırça
ustasının seçilmiş rəsmləri çəkdiyi
janrlar üzrə fərqləndirilib. Sərgidə, həmçinin
Lado Qudiaşvilinin həyatının bütün dövrlərindən
müxtəlif əsərlər toplusu yer almaqdadır".
F.Novruzov sərginin
ərsəyə gəlməsinə görə Lado
Qudiaşvili Fonduna və Gürcüstanın Azərbaycandakı
səfirliyinə təşəkkürünü ifadə
edib.
Gürcüstanın
Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə
arasında hər zaman dostluq, qardaşlıq münasibətlərin
olduğunu qeyd edib: “Bizim əlaqələrimiz həm siyasi, həm
iqtisadi sahələrdə uğurla inkişaf edir, humanitar, mədəni
əlaqələri xüsusi qeyd etmək istərdim". Səfir
bildirib ki, Azərbaycanın və Gürcüstanın Baş
nazirlərinin iştirakı ilə Tbilisidə Heydər
Əliyev adına Azərbaycan Dram Teatrının təməli
qoyulub. "Bu yaxınlarda Gəncə şəhərində
görkəmli gürcü şairi Nikoloz Barataşvilinin xatirə
lövhəsi açılıb. Həmçinin Qax rayonunun
Əlibəyli kəndinin Gürcü Dövlət Dram
Teatrına görkəmli gürcü yazıçısı
İlya Çavçavadzenin adı verilib", - deyə
Z.Pataradze əlavə edib. Diplomat sərginin üç ay
davam edəcəyini, ziyarətçilərin bu sərgidən
zövq alacaqlarını vurğulayıb: "Lado
Qudiaşvilin əsərlərində məhz gürcü
ruhu, gürcü ənənələri və gürcü
qonaqpərvərliyi öz əksini tapıb". Zurab Pataradze
sərginin təşkilində Lado Qudiaşvili Fonduna,
Gürcüstanın Dövlət Muzeyinə, Heydər
Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə
minnətdarlığını ifadə edib.
Azərbaycan Rəssamlar
İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov
Lado Qudiaşvilinin yaradıcılığından söhbət
açaraq deyib ki, Lado çox kiçik yaşlardan rəsm
çəkməyə başlayıb, onun sənəti indiyədək
hamını heyran edir.
Lado Qudiaşvili
Fondunun təsisçisi Anna Meliva Azərbaycan dövlətinə
və bu sərgidə əməyi keçən hər kəsə
təşəkkürünü bildirib.
Sonra qonaqlar sərgi
ilə tanış olublar.
Bakı
Xoreoqrafiya Akademiyasının məzunları qonaqlara
gürcü rəqsini təqdim ediblər.
Qeyd edək ki,
Bakı sərgisindəki əsərlərin bir çoxu diqqət
çəkir. İlk növbədə, Qudiaşvilinin qrafik
işlərini qeyd etmək lazımdır. Bunların
sırasında səhnə üzü görməyən
baletin kostyumları üçün çəkilmiş eskizlər
də var. Balet tamaşası baş tutmasa da, eskizlər
rəssamın ölməz xatirəsi kimi qorunub
saxlanılır. Lado Qudiaşvilinin ilk sərgisi 19
yaşında olarkən Tbilisidə baş tutub və bununla da
gənc rəssam Gürcüstanın bədii dairələrində
geniş tanınmağa başlayıb. Əsərləri ilə
dillərdə dastana dönən Qudiaşvili ilk sərgisinin
təşkilindən dərhal sonra Tbilisinin mədəni həyatında
rol alıb.
Əfsanəvi gürcü rəssam Niko Pirosmani Lado
Qudiaşvilinin kumiri olub. O, bir neçə dəfə rəsm
əsərlərində Niko Pirosmani obrazına müraciət
edib. Rəssam Avropada da şöhrət qazanıb. O,
xüsusilə beş il yaşadığı Parisin incəsənət
aləmində yaxşı tanınıb, Avropanın bir
sıra şəhərlərində, həmçinin
Nyu-Yorkda keçirilmiş sərgiləri ilə incəsənətsevərlərin
rəğbətini qazanıb.
Lado Qudiaşvilinin dünyaca məşhur incəsənət
xadimləri Mark Şaqal, Pablo Pikasso, Vladimir Mayakovski, Sergey
Yesenin ilə ünsiyyəti yaratdığı əsərlərə
özünəməxsus iz qoyub. Lado özünü
reallığı fərdi yanaşma üsulu ilə təsvir
edən bir rəssam, eyni zamanda personajlarının
simasında emosiyaların sonsuz çeşidini ustalıqla
canlandıran diqqətli bir müşahidəçi və
psixoloq kimi təsdiq edir.
Lado Qudiaşvili 1980-ci ildə vəfat edib. O, bədii
dünyagörüşü və seçilən üsluba
malik rəssam, gürcü modernizminin və Tbilisi avanqard hərəkatının
banilərindən biri sayılır.
Rəssamın Heydər Əliyev Mərkəzindəki
sərgisini aprelin 24-dək izləmək mümkün olacaq.
Azərbaycan.-2024.-
26 yanvar, № 16.- S.7.