"Dəmir yumruğ"u AŞPA da hiss etdi
Qərbin
ermənipərəst dairələrinin riyakarlıqları qətiyyətlə
cavablandırılır
Azərbaycan
özünün qətiyyətli, müstəqil siyasəti
olan dövlətdir və heç bir xarici təzyiq, təhdid,
yaxud diktə ona təsir edə və ya öz yolundan döndərə
bilməz. Azərbaycan nümayəndə heyətinin Avropa
Şurası Parlament Assambleyası ilə əməkdaşlığı
və təşkilatda iştirakını qeyri-müəyyən
müddətə dayandırması da ilk növbədə
dövlətimizin qətiyyətli siyasətindən xəbər
verir. Bu addım göstərdi
ki, istənilən riyakarlığın qarşısında
Azərbaycan layiqli adekvat cavab verməyi bacaran dövlətdir.
Bütün məkrli
addımlar bir-biri ilə əlaqəlidir
Ümumiyyətlə,
AŞPA-da Azərbaycana qarşı edilən ədalətsizliyə
bu qurumun ölkəmizlə bağlı iddiaları
prizmasından baxılmalı deyil. Bu təşkilatın
respublikamızla bağlı indiyədək
hazırladığı bütün hesabatların yalnız və
yalnız qərəzli, böhtan dolu yalanlardan ibarət
olduğu ötən 23 ildə dəfələrlə öz təsdiqini
tapıb. Azərbaycana qarşı "siyasi məhbus",
korrupsiya ittihamları irəli sürən AŞPA bununla
bağlı bir fakt belə ortaya qoya bilməyib. Bu qurumun
dövlət orqanlarının məlumatlarına deyil, antiazərbaycançı
qrupların əlaltıları olan ünsürlərin
uydurmalarına əsaslanaraq hazırladığı hesabatlar
da ölkəmizə qarşı iftiradan başqa bir şey
olmayıb. Azərbaycanı insan hüquqlarını pozmaqda
ittiham etmək isə gülünc doğurmaqla yanaşı,
həm də bütün dəyərləri itirmək deməkdir.
Bu mənada
AŞPA-nın "insan hüquqları" adı altında
Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq
etməməsi və onun səsvermə hüququnu məhdudlaşdırması
riyakar bəhanədən başqa bir şey deyil. O cümlədən
prezident seçkilərini izləməyə AŞPA-nın dəvət
olunmaması da bəhanədir. Çünki Azərbaycanın
AŞPA-nı seçkilərə dəvət etməsi kimi
öhdəliyi yoxdur. Əsas seçki izləyən institut
olan ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosudur ki, onun da təmsilçiləri
seçkiləri müşayiət edəcəklər.
Bu addımı
ilə AŞPA Vətən müharibəsindəki qələbəmizə
və Qarabağda erməni separatizminə son qoyulmasına
görə sadəcə Azərbaycandan erməni lobbisinin
sifarişi ilə qisas almaq istəyir. Nəzər yetirsək görərik
ki, AŞPA-nın bu çirkin addımı Fransa
senatının Azərbaycana qarşı qətnamə qəbul
etməsi, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə ali nümayəndəsi
Cozef Borelin Azərbaycana
qarşı çıxışı ilə bir vaxta təsadüf
edir. AŞPA-nın bu qərəzi ölkəmizə
qarşı erməni lobbisinin sifarişi ilə başlanmış
"səlib yürüşü"nün tərkib hissəsidir. Azərbaycana
qarşı müxtəlif siyasi mərkəzlərdə
atılan bütün məkrli addımların hamısı
bir-biri ilə əlaqəlidir.
Ötən ilin oktyabrında "Dağlıq
Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul
edərək lokal xarakterli antiterror əməliyyatlarını
hərbi əməliyyatlar kimi qiymətləndirərək
açıq-aşkar Azərbaycanı təhdid etmişdi. Azərbaycanın
bu quruma üzv olduğu 2001-ci ildən sonra ərazilərimizin
işğalına, 1 milyon azərbaycanlının
qaçqın və məcburi köçkün düşməsinə
görə bircə dəfə də olsun Ermənistanı sərt
şəkildə tənqid etməyən AŞPA-nın indi Azərbaycana
qarşı bu cür davranması bu təşkilatın erməni
lobbisinin alətinə çevrildiyini göstərir.
Antiazərbaycançı
planlar alt-üst edilib
Azərbaycan
öz gücü ilə torpaqlarını işğaldan azad
edib, ərazi bütövlüyünün bərpasına nail
olub. Beləliklə, Azərbaycan həm də öz ərazilərində
beynəlxalq hüququn norma və prinsiplərini, BMT qətnamələrinin
icrasını təmin edib. Məntiqi baxımdan baş verənlər
beynəlxalq təşkilatlar tərəfindən də təqdir
edilməlidir və olduqca qürurvericidir ki, ötən
dövrdə beynəlxalq ictimaiyyət Azərbaycanın qələbəsini
və regionda yaranmış yeni reallıqları qəbul edib.
Bu
reallıqları qəbul etmək istəməyən qərəzli
siyasi dairələrin başında isə Fransa durur və bu
ölkə Vətən müharibəsindən sonrakı
davranışları ilə sübut elədi ki,
keçmiş Minsk qrupunun həmsədri olduğu illərdə,
əslində, Ermənistanın işğal siyasətinə
dəstək verməklə məşğul olub. Fransanın
Ermənistana işğal etdiyi Azərbaycan ərazilərində
döyüş mövqelərini gücləndirmək
üçün mühəndis-istehkam dəstəyi göstərdiyi
də məlumdur. Son 3 ildə
Paris ermənidən daha çox ermənilik edərək Azərbaycana
qarşı məkrli əməllərlə məşğuldur.
Qürurla deyə bilərik ki, Azərbaycan Fransanın bu
riyakarlığının qarşısını BMT kimi
mötəbər platformada qətiyyətlə alıb.
Üstəlik, Azərbaycan Fransanın müstəmləkəçilik
siyasətini qlobal müstəvidə qətiyyətlə
ifşa edib. Bunun nəticəsi kimi həm də Fransanın
müstəmləkəsi altında olan ərazilərdə
xalqların öz müstəqillikləri uğrunda mübarizələri
daha geniş vüsət alıb.
Azərbaycanla
mübarizədə heç nəyə nail ola bilməyən
Fransa onu da gözəl anlayır ki, qanunvericilik orqanlarında
qəbul edilən qətnamələri də heç bir
hüquqi dəyəri olmayan kağız
parçalarıdır. Bu səbəbdən təsir dairəsinin
olduğu və erməni lobbisinin əlində alətə
çevrilən AŞPA-nın, eləcə də Avropa
İttifaqı rəsmilərinin dəstəyi ilə məkrli
siyasətini həyata keçirməyə cəhd edir.
2001-ci ildə
Avropa Şurasına üzv olandan sonrakı dövrün təcrübəsi
göstərir ki, ermənipərəst, islamofob qüvvələr
bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi
istifadə ediblər. Reallıq odur ki, onun parlament
assambleyası bu illər ərzində bir dəfə də
olsun Azərbaycana qarşı xoş niyyətdən irəli
gələn münasibət göstərməyib.
Onu da qeyd edək
ki, 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən
ölkəmizin suveren ərazilərində, Ermənistan ilə
sərhəddə, Laçın-Xankəndi yolunun
başlanğıcında sərhəd-buraxılış məntəqəsi
qurulandan sonra AŞPA dəfələrlə Azərbaycandan həmin
sərhəd-buraxılış məntəqəsinin ləğv
edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan
ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri
üçün canlı qüvvə, silah-sursat, mina, eləcə
də digər hərbi təyinatlı vasitələrin
daşınmasının qarşısının
alınmamasını tələb edib, lakin istəyinə nail
ola bilməyib. Bu tələbin özü AŞPA-nın əsl
niyyətini ifşa edən həqiqətdir.
Bundan sonra Azərbaycan
tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə
əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla təzyiq
formasını dəyişmək qərarı verib.
Torpaqlarımız işğal altında olduğu dövrdə
AŞPA heç vaxt həmin ərazilərlə
maraqlanmayıb, ora məruzəçi göndərmək istəməyib.
Amma antiazərbaycançı fəaliyyətinin növbəti
göstəricisi kimi 2023-cü ildə 3 dəfə ölkəmizə
müraciət edərək Laçın yoluna məruzəçi
göndərmək istədiyini bildirib. Aydındır ki,
AŞPA bununla ermənilərin "blokadada
yaşadıqları"nı göstərmək və
uydurma faktlar əsasında saxta hesabat hazırlamaq niyyətində
olub. Lakin bu antiazərbaycançı niyyətlərin
reallaşmasına Azərbaycan dövləti haqlı olaraq
imkan verməyib.
Bu gün Qərb
siyasi dairələrinin Azərbaycana qarşı
hücumlarının əsas səbəbi ölkəmizin
öz ərazi bütövlüyünü və suverenliyini bərpa
etməsi və torpaqlarımızda ikinci erməni dövlətinin
yaradılması planlarının alt-üst olmasıdır. O
cümlədən Avropa Parlamenti kimi AŞPA da Azərbaycanın
müstəqil və qətiyyətli siyasətini həzm edə
bilmir. Azərbaycan isə qətiyyətli siyasəti ilə bu
təşkilatların, habelə Fransa kimi dövlətlərin
həm layiqli cavabını verir, həm də onların
riyakarlıqlarını qlobal səviyyədə ifşa edir.
Azərbaycanın AŞPA ilə əməkdaşlığı
və təşkilatda iştirakını qeyri-müəyyən
müddətə dayandırması ilə bu qurum da "dəmir
yumruğ"u hiss etdi.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.4.