Fransa çirkli pulları yumaq üçün Ermənistanı "camaşırxana"ya çevirmək istəyir

 

 

Fransanın Azərbaycana qarşı olduqca qərəzli ikili standartlara əsaslanan siyasəti çox eybəcər şəkildə davam etməkdədir. Ölkələrarası münasibətlərdə gərginlik son günlərdə Fransanın günahı ucbatından daha da artıb. Görünən odur ki, Makron İkinci Qarabağ müharibəsində, eləcə 2023-cü il 19-20 sentyabrda Azərbaycanın həyata keçirdiyi lokal antiterror əməliyyatlarında erməni terrorçu rejimin tarixin zibilliyinə atılmasını hələ həzm edə bilmir.

Bakı-Paris münasibətlərindəki son gərginliyin səbəblərindən biri Fransa Senatının Azərbaycan əleyhinə növbəti dəfə qətnamə qəbul etməsi oldu. Senat üzvləri həyasızcasına Azərbaycanı "Qarabağa hərbi təcavüz etməkdə", ermənilərə qarşı "etnik təmizləmə" həyata keçirməkdə ittiham etdilər.  Azərbaycanın bu həyasızlığa uydurmaya qarşı haqlı cavabı özünü çox gözlətmədi. Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat yaydı. Bəyanatda Fransa Senatının qətnaməsini qərəzli, birtərəfli əsassız adlandırdı.

Gün kimi aydındır ki, Fransanın regional məsələlərə yanaşması tamamilə ermənipərəst xarakter daşıyır. Uzun müddətdir Fransa dəridən-qabıqdan çıxaraq hansı yolla olursa olsun Azərbaycana təsir göstərməyə çalışır. Amma məqsədinə heç cürə nail ola bilmir heç vaxt da olmayacaq. Çünki Azərbaycanın iqtisadi siyasi gücü, beynəlxalq nüfuzu gündən-günə artmaqdadır. Getdikcə ölkəmizin dünyada mövqeləri möhkəmlənir, söz sahibinə çevrilir.

Fransa prezidentinin erməni sevgisi isə bitib-tükənmir. Makron Ermənistanla bağlı qarşıdan gələn tarixi qərarlardan da bəhs edib. Yəni Fransanın aktiv anti-Azərbaycan mövqeyi müəyyən hərbi-siyasi mülahizələr ambisiyalarla diktə olunur. Deməli, burada Ermənistan yalnız bir alətdir. Fransa silahlı qüvvələrinin şəxsi heyəti qarşısında çıxış edən Makron bunları deyib:  "Bu il böyük bir millət olaraq üzərimizə düşən öhdəliklərlə üzləşəcəyik. Təfərrüatı açıqlamayacağam. Ancaq Balkanları, Ermənistanı qeyd edə bilərəm - hansı ki, diqqət mərkəzimizdədir, xüsusilə bizim mövqeyimizi gücləndirən tarixi qərarlar verən Ermənistana münasibətdə..."

Fransa prezidentinin bu sərsəm sözləri hətta düşmən ölkə olan Ermənistanda da təəccüblə qarşılanıb. Erməni analitik Ruben Marqaryan deyib ki, Makron Fransa hərbçiləri qarşısında çıxış edərkən digər məsələlərlə yanaşı, böyük bir xalqın üzərinə düşən vəzifələrdən, Fransanın rolunun gücləndirilməsindən tarixi qərarların qəbulundan, xüsusən Ermənistanla bağlı danışıb. Deyib ki, İrəvan-Paris əlaqələrinin güclü yaxşı kökləri var. Ermənistanın Fransaya onun xalqına qarşı həmişə isti münasibəti olub. Paris bizim üçün Mişel Leqran, Şarl Aznavur, Fransa müqavimətinin qəhrəmanı Misak Manuçyan digərləridir. Amma bu gün Makron Ermənistanda "mövqeyi gücləndirmək"dən, İrəvanla bağlı "tarixi qərar"lardan danışanda onun demək istədiyini daha dəqiq bilmək istərdim. Çünki Ermənistan üçün "mövqeyini gücləndirməyin" "tarixi qərar"ların müsbət nəticələri hələ görünmür. Fransanın Ermənistanla bağlı tarixi qərarlarından danışarkən Makron ilə fəxr edir? Gəlin faktlarla danışaq. Fransanın 2020-ci ildə müharibəni dayandırmaq cəhdləri nəticə vermədi. Paris 2023-cü ildə Azərbaycanın "artsaxa qarşı təcavüzünü" dayandıra bilmədi. Parisin "tarixi qərarları" üstəlik, onların Ermənistan üçün müsbət nəticələri nədən ibarətdir? Saxta müşahidəçilərdən? Fransız futbolçu Nikolas Anelkanın Ermənistanda futbol akademiyası açmaq niyyətindən?.."

Rusiyalı hərbi ekspert Aleksey Xlopotov Fransanın Ermənistanı fəlakətə sürüklədiyini qeyd edir: "Fransa sisteminin özünəməxsus kiçik xüsusiyyətləri var. Ümumiyyətlə, xatırlatmaq istərdim ki, Fransa gah NATO-ya daxil olur, gah da NATO-dan çıxırdı. Amma ümumilikdə Fransanın təlim standartları NATO-dan çox da fərqlənmir. Lakin bu, Ermənistan ordusunun döyüş qabiliyyətinə təsir edə biləcək real hərəkətlərdən daha çox, Fransa və Ermənistanın siyasi, nümayişkaranə addımlarıdır… Bütün Qərb diplomatiyası hər iki ayağından topaldır. Bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Lakin fransızlar müəyyən mənfəət əldə etməkdən ötrü Ermənistanı Avropa pullarını yumaq üçün "camaşırxana"ya çevirmək məqsədilə oraya girməyə çalışdılar. Nəticədə onların Bakı ilə arası dəydi…"

Fransanın Azərbaycana göstərdiyi qərəzli münasibət heç bir məntiqə sığmır. Bu ölkənin rəsmiləri ancaq erməni diasporunun dili ilə danışırlar, erməni cildinə girərək reallıqdan uzaq olan sözlər deyirlər, uydurma fikirlər səsləndirirlər. Amma gərək Paris belə bir yanlış yolla getməyəydi. Çünki Azərbaycan Fransaya qarşı uzun illər ərzində bir dəfə də olsun ədalətsizlik etməyib, qeyri-adekvat münasibət göstərməyib, iki dövlət arasında hansısa gərginliyə səbəb olacaq addım atmayıb. Amma bunun əvəzində Fransa erməni fətvası ilə Azərbaycana qarşı qərəzli mövqe tutub, özünü dünyada gözdən salıb. Fransa həssas olan bütün qırmızı xətləri keçib. Özü də çox namərdcəsinə, qərəzli şəkildə. Fransa da, onun senatı da, senatorları da, qətnamələri də ölkəmiz üçün heç kim və heç nədir! Senatın qəbul etdiyi qətnamələri oxuyanda adamı gülmək tutur. Deyəsən, fransız deputatlar yavaş-yavaş parlamentlərini sirkə çevirirlər, özlərini də kloun kimi aparırlar. Rəsmi Bakı Fransanın siyasətini ermənipərəst hesab edir və bu ölkəni Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır.

Azərbaycan heç bir dövlətlə münasibətlərinin, ələlxüsus iqtisadi münasibətlərin pozulmasını istəmir, o cümlədən də Fransa ilə. Lakin münasibətlərin hazırkı mərhələyə qədəm qoyması Bakının yox, birbaşa Parisin təqsiri və kobud səhvidir. Fransa yaxşı-yaxşı fikirləşib, Azərbaycana qarşı qərəzli, ikiüzlü, saxta siyasət yürütdüyünü anlasın və nə qədər gec deyil buraxdığı səhvləri düzəltsin. Çünki zaman Azərbaycanın xeyrinə, Fransanınsa ziyanına işləyir.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 27 yanvar, № 17.- S.5.