Milli
Məclisin sədri Sahibə Qafarova Avropa Şurasına
üzv dövlətlərin parlament sədrlərinə məktub
ünvanlayıb
Yanvarın
26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa
Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan
nümayəndə heyətinin AŞPA-nın qış
sessiyası zamanı üzləşdiyi əsassız
ittihamlar barədə Avropa Şurasına üzv dövlətlərin
parlament sədrlərinə məktub ünvanlayıb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda Azərbaycan
Respublikası ilə Avropa Şurası arasında əlaqələrin
mahiyyətinə toxunulur. Qeyd edilir ki, Azərbaycan
Respublikası 2001-ci ildə ölkədə insan
hüquqlarını və qanunun aliliyini daha yaxşı təbliğ
etmək və müdafiə etmək niyyəti ilə Avropa
Şurasına üzv olmuşdur. Ölkəmizin fundamental
insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi
üçün yaradılmış bu qurumla dialoq və əməkdaşlıq
vasitəsilə üzərinə götürdüyü
öhdəlikləri vicdanla yerinə yetirmək istiqamətində
göstərdiyi səylər diqqətə
çatdırılır.
Diqqətə
çatdırılır ki, bu müddət ərzində
ölkəmizin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalı faktına, bu ərazilərdə aparılan
etnik təmizləmə siyasətinə, yüz minlərlə
azərbaycanlı qaçqın və məcbur
köçkünün pozulmuş hüquqlarına Avropa
Şurasının biganə qalmayacağına dair gözləntiləri
puç olmuşdur. Azərbaycan hər zaman regionumuzda
davamlı sülhə nail olmaq üçün Avropa
Şurası və onun qurumlarının köməyi və dəstəyi
ilə ədalətin siyasi mülahizələrə qələbə
çalaraq üstün olacağına ümid edib. Məhz Azərbaycan
öz ərazilərinin 30 ilə yaxın davam edən
işğalına baxmayaraq, münaqişənin sülh yolu
ilə həlli prosesində iştirak etməyə davam etməklə
bu istiqamətdə səylərini əsirgəməyib, eyni
zamanda, Avropa Şurası qarşısında
götürdüyü öhdəliklərin yerinə yetirilməsinə
böyük əhəmiyyət verib.
Məktubda
bildirilir ki, bu gün təcavüzkarla qurbana münasibətdə
süni tarazlığın mövcud olduğu Avropa
Şurasında fundamental dəyərlərin tənəzzülü
təəssüf doğurur. Eyni zamanda, azərbaycanlıların
etnik təmizləmə siyasətinin qurbanı olması,
onların əsas hüquqlarının pozulması faktına
qurum çərçivəsində uzun illər ərzində
göz yumulub, bu məsələ ilə bağlı Azərbaycanla
müxtəlif səviyyələrdə əsaslı dialoqdan
yayınılıb.
Qeyd olunur ki,
bu yanaşmaya rəğmən, Azərbaycan hər zaman Avropa
Şurası Parlament Assambleyasının bir sıra üzvləri
və müxtəlif qruplaşmalardan gələn qərəzli
və əsassız təzyiqlərə qarşı
mübarizə aparıb. Məktubda Azərbaycanın öz ərazi
bütövlüyünü və suverenliyini bərpa etdikdən
sonra bu dəfə də parlament nümayəndə heyətimizin
AŞPA-dakı səlahiyyətlərinin “əsaslı” səbəblərdən
mübahisələndirilməsi kimi növbəti riyakar
kampaniya ilə üzləşdiyi bildirilir. Vurğulanır
ki, göstərilən səbəblər həqiqəti əks
etdirmir, heç bir əsası yoxdur.
Eyni zamanda,
bildirilir ki, bu addım Azərbaycanın Avropa Şurası və
onun qurumları ilə indiyə qədər həyata
keçirdiyi əməkdaşlığa, habelə son
razılaşmalara da kölgə salır. Ölkəmiz Avropa
Şurasına üzv olduğu vaxtdan qurumun 65-ə yaxın
sazişinə qoşulmuş, insan hüquqlarının bərabər
şərtlərlə daha səmərəli müdafiəsi
üçün milli qanunvericiliyini Avropa Şurasının
standartlarına uyğunlaşdırmışdır. Azərbaycan
təşkilatın qurumları ilə sıx əməkdaşlıq
edir. Məktubda bundan başqa, ölkəmizin Avropa
Şurası ilə insan alverinə və məişət
zorakılığına qarşı mübarizə, habelə
uşaqların müdafiəsi sahələrində də əməkdaşlığı
qeyd olunub. Azərbaycanın Avropa Şurası ilə İslam
Əməkdaşlıq Təşkilatı arasında mədəniyyətlərarası
dialoqun təşviqi üzrə Bakı Prosesi kimi tanınan
ilk əməkdaşlıq platformasının təşəbbüskarı
olduğu bildirilib.
Məktubda nəzərə
çatdırılır ki, parlament nümayəndə heyətimizin
səlahiyyətlərinin Azərbaycanın qurumla əməkdaşlığı
çərçivəsində, Avropa Şurasının
insan hüquqları üzrə komissarının və
Baş katibinin ölkəmizə yüksək səviyyəli
səfərlərinin, eləcə də milli azlıqların
müdafiəsi üzrə Çərçivə
Konvensiyasının məşvərət komitəsi ilə
davam edən əməkdaşlığı fonunda mübahisələndirilməsi
faktı iddianın əsassız, siyasi motivli və qərəz
xarakterli olduğunun sübutudur. AŞPA üzvləri tərəfindən
Azərbaycana qarşı irəli sürülən ittihamlar
digər beynəlxalq qurumların, əsasən də bu
yaxınlarda Azərbaycana səfər etmiş Avropa
Şurasının təmsilçilərinin birbaşa
müşahidələrini və gəldikləri nəticələri
əks etdirmir.
Vurğulanır
ki, qeyd olunan faktları və AŞPA-nın bəzi üzvlərinin
mövqeyini nəzərdən keçirdikdən sonra biz bu
addımı qətiyyətlə rədd edirik. Azərbaycana
qarşı qeyd olunan son dərəcə məsuliyyətsiz
davranışa etiraz olaraq Azərbaycan Respublikası Milli Məclisinin
Parlament Assambleyasında iştirakını dayandırmaqdan
başqa çarəsi qalmamışdır. Bu akt
bütövlükdə Azərbaycana qarşı qərəzli
və ikili standartların açıq təzahürüdür,
eyni zamanda, Assambleyanın və bütövlükdə
Şuranın nüfuzuna ciddi zərbədir.
Bu münasibət
Azərbaycan nümayəndə heyətinin AŞPA ilə
qarşılıqlı əməkdaşlığını
qeyri-mümkün edir və bununla da müxtəlif ölkələrdən
olan parlamentarilər arasında dialoq platforması kimi xidmət
etmək üçün nəzərdə tutulan bu orqanın
əsas məqsəd və məramını pozur. Təəssüf
ki, bu vəziyyət Avropa Şurasının bölgəmizlə
əlaqəli məsələlərdən, o cümlədən
təşkilatın mandatı ilə birbaşa bağlı
olan fəaliyyətlərdən daha da təcrid olunmasına səbəb
olacaq.
Məktubun
sonunda bildirilir ki, AŞPA-da müxtəlif mexanizmlərdən
siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə
yönəlmiş belə tendensiya onun qərəzsizliyini və
inklüzivliyini təhdid edir və belə davam edəcəyi
təqdirdə Avropa Şurasının bütün fəaliyyətinin
tam siyasiləşməsi və qütbləşməsi ilə
nəticələnəcək.
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.3.