AŞPA-nın
qərəzli və ədalətsiz qərarının
heç bir hüquqi əsası yoxdur
Avropa Şurası
Parlament Assambleyasının
(AŞPA) Azərbaycan ilə
bağlı qərarı
qərəzli, ədalətsiz,
anti-Azərbaycan və
anti-Türkiyə məqsədi
daşıyan, heç
bir hüquqi əsası olmayan qərardır.
Bu sözləri
Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanov
AZƏRTAC-a müsahibəsində deyib.
AŞPA-nın
bu qərarının Azərbaycana təzyiq göstərmək
məqsədilə qəbul edildiyini vurğulayan
A.Süleymanov bildirib: “Azərbaycan torpaqları 30 ildən
çox işğal altında idi. Bu
illər ərzində
bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkün
ağır, dözülməz
şəraitdə yaşayıb.
AŞPA bütün bu
ağrı-acılara göz
yumaraq, yalnız kağız üzərində
bir-iki qərar qəbul etməklə kifayətləndi. Azərbaycan
isə heç bir kənar kömək, yardım olmadan öz torpaqlarını işğaldan
azad etdi və hazırda həmin ərazilərdə
geniş quruculuq işləri həyata keçirir. Artıq keçmiş məcburi köçkünlər doğma
yurd-yuvalarına qayıdırlar.
Təbii ki, Fransa və digər imperialist dövlətlərin əlində
vasitə olan AŞPA və bu kimi
təşkilatlar bunu həzm edə bilmirlər. Ona görə də Azərbaycana qarşı qərəzli mövqedə
dayanır, ədalətsiz,
anti-Azərbaycan qərarlar
qəbul edirlər”.
Siyasətçi diqqətə
çatdırıb ki,
AŞPA və Avropanın
digər institutları
güclü Azərbaycanı
qəbul etmək istəmirlər. Onlar, eyni zamanda, Azərbaycan-Türkiyə
qardaşlığını da qəbul edə
bilmirlər. Yaxşı
başa düşürlər
ki, güclü Azərbaycan ilə güclü Türkiyənin
birliyi regionda yeni dövrün, reallığın əsasını
qoyub. Bu da onları ciddi narahat edir.
Ona görə də tərəflərdən
birinə - Azərbaycana
təzyiq göstərməklə
bu dostluğa zərbə vurmağa çalışırlar. Amma
onlar heç nəyə nail ola bilməyəcəklər.
Çünki Azərbaycan
regionun ən güclü dövlətidir
və Cənubi Qafqazın siyasətində
mühüm rol oynayır.
“Dünyada və
regionda sabitliyin pozulmasına xidmət edən bu qüvvələr
istəklərinə çata
bilməyəcəklər. Çünki güclü
Azərbaycan torpaqlarını
işğaldan azad etdiyi kimi, dünyada
da mövqelərini möhkəmlədəcək və
əsl söz sahibinə çevriləcək”,
– deyə A.Süleymanov
vurğulayıb.
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.5.