Görkəmli
yazıçı, böyük
alim və pedaqoq Mir Cəlal
Paşayevin “Füzuli
sənətkarlığı” əsərinin alman dilində nəşrinin təqdimatı olub
Yanvarın 26-da Azərbaycan
Milli Kitabxanasında görkəmli yazıçı
və ədəbiyyatşünas-alim
Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında
“Bibliotheca Academica” – şərqşünaslıq sahəsində
seçilmiş nəşrlər
seriyasında çap
olunan “Füzuli sənətkarlığı” kitabının
təqdimat mərasimi
keçirilib. Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim
Mixael Raynhard Hess tərəfindən alman dilinə
tərcümə olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi
və Milli Kitabxananın
birgə təşkilatçılığı
ilə reallaşan təqdimat mərasimində
ADA Universitetinin rektoru
professor Hafiz Paşayev, kitabın tərcüməçisi, Almaniyanın
Giesen Universitetinin dosenti,
şərqşünas-alim Mixael Raynhard Hess, mədəniyyət naziri
Adil Kərimli, tanınmış
elm və mədəniyyət
xadimləri iştirak
ediblər.
Milli Kitabxananın direktoru
professor Kərim Tahirov istedadlı və orijinal yaradıcılıq üslubu
olan Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına yeni nəfəs
gətirdiyini, çağdaş
Azərbaycan tarixində
ədəbiyyatşünas-nəzəriyyəçi
alim kimi də müstəsna və özünəməxsus yer
tutduğunu söyləyib.
Qeyd edib ki, Mir Cəlal Paşayev 1940-cı ildə
“Füzulinin poetik xüsusiyyətləri” əsərinə
görə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı
monoqrafiyasını nəşr
etdirib, əsər sonralar latın qrafikası ilə 1994,
2007, 2018-ci illərdə təkrar
nəşr olunub.
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) prezidenti
akademik İsa Həbibbəyli
Azərbaycan ədəbiyyatının
əsas yaradıcılarından
biri olan Mir Cəlal Paşayevin həm böyük alim, həm böyük pedaqoq, həm də böyük yazıçı kimi zəngin və çoxcəhətli fəaliyyətindən
danışıb, Füzuli
yaradıcılığının əsərdəki geniş
təhlil ustalığı
haqqında ətraflı
bəhs edib.
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun
direktoru akademik
Gövhər Baxşəliyeva dünən
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
tərəfindən dahi
Azərbaycan şairi
Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın
imzalanması ilə bugünkü tədbirin üst-üstə düşməsini
əlamətdar hadisə
hesab edib, Füzuli yaradıcılığının
ideya-mövzu və bədii-estetik cəhətlərinin
dərindən araşdırıldığı
bu əsərin Füzuli irsinin fərqli istiqamətlərdən
öyrənilməsində mühüm önəm daşıdığını söyləyib.
AMEA-nın Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli günün simvolik olduğunu vurğulayaraq,
elm yolunda ona işıq tutan, yol göstərən müəllimi Mir Cəlal
Paşayevin “Füzuli
sənətkarlığı” əsərinin elmi əhəmiyyətinə, qiymətli
cəhətlərinə toxunaraq,
XX əsr dünya Füzulişünaslığında Mir Cəlal müəllimin öz kürsüsü, öz yeri olduğunu
bildirib. Füzuli dühasını dərindən
açan bu əsərlə onun Füzulişünaslığın daşlı-kəsəkli yollarında
Füzuli adına layiq əsər yaratdığını vurğulayıb.
AMEA-nın müxbir üzvü, BDU-nun professoru
Təhsin Mütəllimov
Mir Cəlal müəllimin
əsərlərini bizlər
üçün misilsiz
yadigar adlandırıb,
onun Füzulini dərindən bildiyini,
buna görə də
Füzulinin yaradıcılığını
gözəl şəkildə
açdığını söyləyib. Mir Cəlal
Paşayevin həm tədqiqatçı, həm
ustad-müəllim, həm
də yazıçı
kimi məktəb yaratdığını diqqətə
çatdırıb.
AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun şöbə
müdiri, Əməkdar
elm xadimi, professor Qəzənfər
Paşayev Mir Cəlal Paşayevin
fitri istedada malik olduğunu, kitabın həmçinin İraqda
da çap olunacağını
qeyd edib.
Xarici İşlər
Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev kitabın Almaniya və bir çox
Avropa ölkələrində
sürətlə yayıldığını,
artıq bir çox universitet kitabxanalarının kataloqlarına
daxil edildiyini, biblioqrafiyalara salındığını
söyləyib, tərcüməçi-tədqiqatçıya
Azərbaycan mədəniyyəti
və ədəbiyyatının
təbliğindəki xidmətlərinə
görə təşəkkürünü
bildirib.
Kitabın tərcüməçisi,
Almaniyanın Giesen Universitetinin
dosenti, şərqşünas-alim
Mixael Raynhard Hess kitaba yazdığı “Giriş sözü”ndə
həm Füzuli, həm də Mir Cəlal dövrünün
ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilindən
danışaraq, Füzuli
dühasına Mir Cəlal
Paşayevin bu əsəri vasitəsilə
daha rahat daxil ola bildiyimizi vurğulayıb. Füzuli
və Mir Cəlal yaradıcılığının əksi olan bu əsərdə sənətlə elmin kəsişdiyini söyləyib,
kitabın ərsəyə
gəlməsinə görə
onun təşəbbüskarı
olan hörmətli
Hafiz Paşayevə və
tədbirin təşkilinə
görə Mədəniyyət
Nazirliyinə və
Milli Kitabxanaya minnətdarlığını
bildirib, Füzulinin “Yetməzmi” adlı qəzəlini səsləndirib.
Sonda Mir Cəlal Paşayevin oğlu, ADA Universitetinin rektoru professor Hafiz Paşayev əsərin
yazılma tarixi haqqında Mir Cəlal müəllimin xatirələrindən
danışıb, kitabın
tərcüməçisi Mixael
Raynhard Hessə, tədbirin təşkilatçılarına
və bütün qonaqlara təşəkkürünü
bildirib.
Sonda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, ədəbiyyatşünas-alim,
professor Mir Cəlal Paşayev haqqında Milli Kitabxananın
hazırladığı Elektron
məlumat bazasının
təqdimatı olub.
Azərbaycan.-2024.-
27 yanvar, ¹ 17.- S.12.