Bir ildən artıqdır ki, ölkəmizin ictimai-siyasi
həyatında diqqətçəkən
fəaliyyəti ilə
gündəmdə olan
Qərbi Azərbaycan İcmasının Gənclər
Birliyi dədə-baba
yurdlarından zorla qovulan qaçqınların
beynəlxalq qanunlar çərçivəsində pozulmuş hüquqlarının
bərpasına çalışır.
Tərəqqipərvər insanlar tərəfindən
rəğbətlə qarşılanan
bu məsələdə Qərbi
Azərbaycan ellərini
görməyənlər də
görənlər qədər
o yerlərə getmək,
hətta o səfalı
diyarda yaşamaq istəyindədirlər. Çünki
hər kəs, xüsusən də müasir Azərbaycan gəncləri inanırlar
ki, dövlət başçısının qətiyyəti
sayəsində günlərin
birində soydaşlarımız
əzəli yurdlarına
qayıdacaqlar. Bunu həm də bizi Qərbi Azərbaycana addım-addım
yaxınlaşdıran hadisələr,
keçirilən tədbirlər,
dünyanın nüfuzlu
beynəlxalq təşkilatlarına
ünvanlanan bəyanatlar,
müraciətlər də
deməyə əsas verir.
Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən
"Qərbi Azərbaycanın
etnomədəni mühitinə
səyahət" adlı
tədbirdə icmanın
Gənclər Birliyinin
üzvləri xüsusi
fəallıq göstərdilər.
Birliyin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov deyir ki, Qərbi
Azərbaycan ərazisinin
əzəli və yerli sakinlərinin Azərbaycan türkləri
olmağına baxmayaraq,
imperiya tərəfindən
ora köçürülən
ermənilər XX əsrin
əvvəllərindən başlayaraq
soydaşlarımızı öz doğma yurdlarından didərgin salmaq üçün özlərinin məkrli niyyətlərini həyata
keçiriblər. Mərkəz
(Moskva) ermənilərin
maraqlarına uyğun
olaraq 1948-1953-cü illərdə
Qərbi Azərbaycandan
(Ermənistan SSR) 150 mindən
artıq azərbaycanlını,
o cümlədən 1988-1994-cü illərdə çoxlu sayda soydaşlarımızı
doğma ata-baba yurdlarından zorla çıxarmış və
onlar qaçqın kimi Azərbaycanın bölgələrində məskunlaşmışlar.
Ermənilərin Azərbaycan
türklərinə qarşı
müxtəlif illərdə
törətdiyi zorakı
hərəkətlərin, xüsusilə
azərbaycanlıların öz
doğma yurdlarından
zorla qovulmasının
əsl qiyməti Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir.
Azərbaycanlıların Qərbi
Azərbaycandan zorla köçürülməsi dövrünü
araşdırıb, tarixi
həqiqətləri üzə
çıxarmaq üçün
Ulu Öndər
"1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR ərazisindəki tarixi
etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında"
1997-ci ildə fərman
imzalamışdı. Ermənilərin
zorakı hərəkətlərinə
dövlət səviyyəsində
qiymət verən, Azərbaycanın itirilmiş
torpaqlarının sülh
yolu ilə qaytarılması üçün
öz səylərini
əsirgəməyən Heydər
Əliyev demişdi:
"Xalqımız daim
bilməlidr ki, bizim tarixi torpaqlarımız
hansılar olubdur. Hansılar nə vaxt əlimizdən gedibdir, niyə görə əlimizdən
gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır.
Biz qaytara bilməsək, gələcək
nəsillər bunları
qaytaracaqlar".
Bu məqsəd
üçün tədbirlər
davam etdirilir. Elə ölkə ziyalılarının, millət
vəkillərinin, dövlət
rəsmilərinin, paytaxt
sakinlərinin, habelə
turistlərin də böyük maraqla qatıldığı "Qərbi
Azərbaycanın etno-mədəni
mühitinə səyahət"
adlı tədbir də buna xidmət
edirdi. Qərbi Azərbaycana məxsus milli geyim və
mətbəx stendi, məişət əşyaları,
tarixi abidələrin
3D maketləri nümayiş
olunurdu. Bu tanıtma ilə Heydər Əliyev parkında sanki bir el bayramı
yaşanırdı. Bir
tərəfdə Qərbi
Azərbaycana aid eksponatların sərgiləndiyi
köşk, o biri tərəfdə həmin
ellərə aid şirniyyat növlərindən
ibarət süfrələr,
başqa bir tərəfdə Qərbi
Azərbaycanın daş
yaddaşını əks
etdirən maketlər təqdim olunurdu. Hər kəsin üzündə sevinc, həyəcan vardı, adama elə gəlirdi ki, tədbir sona çatan kimi insanları maşınlara
yığıb öz
yurdlarına aparacaqlar.
Bakı Milli Geyim Evinin gənc
əməkdaşları ziyarətçilərə
xatırlatdılar ki,
sərgilənən bu
geyimlər XVIII əsr
Zəngəzur bölgəsi,
Naxçıvan və
İrəvan xanlığının
geyim nümunələridir
və xan ailəsinin ziyafət geyimlərini tərənnüm
edir...
Parkın digər
tərəfində qurulan
köşkdə Qərbi
Azərbaycanın Pəmbək
mahalının Arcut kəndinə aid qədim məişət əşyaları nümayiş
etdirilirdi. Burada ixtisasca tarix müəllimi olan Arcut sakini Səyyad
Rəfiyevin illərlə
topladığı və
məşəqqətlə Azərbaycana gətirdiyi eksponatlar sərgilənirdi.
Səyyad Rəfiyev bildirdi ki, 45 il tarix müəllimi
işləyib, gənclik
illərini Pəmbək
mahalnın Arcut kəndində keçirib.
"Ora Quqark deyirdilər, amma əsl adı Qarakilsədir. Bilirsiz ki, bütün toponimlər və digər adlar ermənilər tərəfindən
saxtalaşdırılıb. Sizin burada gördüyünüz
məişət əşyalarının
hamısı Arcut sakinlərindən toplanıb.
Mən özüm
1980-ci ildə Arcutda Tarix-diyarşünaslıq muzeyi
yaratmışam. O vaxt
bu muzey haqda erməni mətbuatı da yazıb, qəzetləri saxlayıram. Ermənistanda
keçirilən Müəllimlərin
V Qurultayında iştirak
və çıxış
etmişəm, "Sovet
Ermənistanı" qəzetində
dərc olunub. Muzey 1980-ci ildən kənddə fəaliyyət göstərib.
Bu, çox böyük irsdir və sevinirəm ki, bunları vaxtında toplaya bilmişəm. Rəhbərlik
etdiyim Tarix diyarşünaslıq muzeyində
iki minə qədər eksponat var".
Bakıda ilk dəfə olaraq belə bir tədbirin
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilməsinin rəmzi
mənası var. Ümummilli Lider inanırdı ki, nə vaxtsa ədalət bərpa olunacaq və qərbi azərbaycanlılar
öz yurdlarına qayıda biləcəklər.
Görünən odur
ki, Qərbi Azərbaycanın etno-mədəni
həyatı gənclərdə
böyük duyğular
oyadır. Onlarda əminlik yaranıb ki, nə zamansa
belə bir tədbir Qərbi Azərbaycan ellərində
də keçiriləcək.
Rəhman SALMANLI,
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.15.