Son 20 ildə ölkədə
71 yeni elektrik stansiyası istifadəyə
verilib
Ölkəmizdə energetika
sektorunun inkişafı
prioritet təşkil edən sahələrdən
biridir. Bunun nəticəsidir ki, yaxın keçmişdə
elektrik enerjisi qıtlığı yaşayan
Azərbaycanın artıq
bütün şəhər
və kəndləri nura boyanıb. Biz hətta dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edir və onun
Avropaya da ixracını planlaşdırırıq.
Hazırda bütün
dünyada bərpaolunan
enerji mənbələrindən
istifadəyə xüsusi
diqqət yönəldilib.
Azərbaycanda da bu sahədə ardıcıl iş aparılır və artıq bir neçə layihə uğurla həyata keçirilir. Bununla belə, ənənəvi
enerji də unudulmur.
İnfrastruktur layihələrinin
icrası olaraq son dövrdə ölkənin ümumi elektrik enerjisi sisteminə daxil olan yeni elektrik
stansiyaları tikilərək
istifadəyə verilib,
mövcud yarımstansiyalar
yenidən qurulub və yeniləri inşa edilib. Hazırda ölkədə
ümumi gücü 8
min MVt olan
93 elektrik stansiyası
mövcuddur. Son 20 ildə Azərbaycanda ümumi gücü 4 min MVt olan
71 yeni elektrik stansiyası istismara verilib.
Bu enerji obyektlərinin hər biri özünəməxsus
mühüm əhəmiyyət
daşıyır. Məsələn,
2020-ci il iyulun 25-də
Mingəçevir şəhərində
"Azərbaycan" İES-in əsaslı yenidənqurmadan sonra açılışı həyata
keçirildi. Bu, ölkənin energetika sistemində görülən
nəhəng işləri
aydın xarakterizə
edən bir hadisədir.
Təkcə bir
faktı xatırlatmaq
kifayətdir ki, Azərbaycanda
2022-ci il fevralın
8-13-də - 6 gün ərzində
7 mühüm əhəmiyyətli
elektrik enerjisi obyekti istifadəyə verilib. Şübhəsiz ki, cəmi 6 gündə enerji sahəsində belə bir uğur tək-tək
ölkələrdə, həm
də nadir hallarda qazanıla bilər.
Yenidən qurulan enerji obyektlərindən biri dövlətlərarası
strateji əhəmiyyətə
malik 330/220/110/10 kilovoltluq
"Yaşma" qovşaq
yarımstansiyasıdır. Bu enerji obyekti
"Sumqayıt", "Qobu",
"Xaçmaz" elektrik
stansiyaları ilə birbaşa, "Azərbaycan"
İstilik- Elektrik Stansiyası və "Cənub" Elektrik Stansiyası ilə "Abşeron" yarımstansiyası
vasitəsilə əlaqələndirildiyindən
üzərinə çox
mühüm strateji funksiya götürür.
Eləcə də
iki enerji obyektindən ibarət
"Qobu" Enerji Qovşağı - yükötürmə
gücü 1000 meqavat
olan 330/220/110 kilovoltluq
"Qobu" yarımstansiyası
və 385 meqavatlıq
"Qobu" Elektrik Stansiyası mühüm funksiyaya malikdir.
2020-ci ilin avqustunda
təməli qoyulan bu enerji qurğuları
rekord müddətdə
tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik-elektrik stansiyasını
xarici institutlar deyil, "Azərenerji"
ASC-nin Layihə-Axtarış
Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Qeyd edək ki, burada tikilən
yarımstansiya Bakıda
inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.
"Qobu" Enerji
Qovşağı ölkəmizdə,
xüsusilə Bakıda
və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə
artan tələbatı
ödəmək, paytaxtın
və yarımadanın
regionlardakı elektrik
stansiyalarından asılılığını
azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını
və etibarlılığını
maksimum səviyyəyə
çatdırmaq, texniki
itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma
endirmək baxımından
olduqca əhəmiyyətlidir.
Bakıda və Abşeron yarımadasında
tənzimləyici generasiya
gücü funksiyasını
üzərinə götürərək
500 kilovoltluq "Abşeron"
yarımstansiyasının əvəzedicisi
funksiyasını daşımaq,
paytaxtın 330 kilovoltluq
dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər onun önəmini daha da artırır.
Təqdirəlayiq haldır
ki, sözügedən
6 gün ərzində
açılan yeni enerji obyektlərinin üçü işğaldan
azad edilmiş ərazidə, biri isə onun qonşuluğunda
yerləşir.
İşğaldan azad
edilmiş ərazilərdən
söz düşmüşkən:
təkcə 2023-cü ildə
Qarabağ və Şərqi Zəngəzurda
"Azərenerji" tərəfindən
12 yarımstansiya və
su- elektrik stansiyası istifadəyə
verilib. Bunlardan biri 330 kilovoltluq "Cəbrayıl"
qovşaq yarımstansiyasıdır.
Həmçinin "yaşıl
enerji" strategiyasına
uyğun olaraq il ərzində Kəlbəcər rayonunda
"Çıraq-1", "Çıraq-2", "Qamışlı", "Soyuqbulaq"
və "Meydan",
eləcə də Laçın rayonunda
"Mişni" və
"Alxaslı" kiçik
su-elektrik stansiyaları
yenidən qurularaq istismara buraxılıb.
Laçında
yeni tikilən 110 kilovoltluq "Qorçu"
yarımstansiyasının və
"Laçın" şəhər
qovşaq yarımstansiyasının
açılışı həyata keçirilib. Bununla yanaşı, Zəngilanda yeni tikilən 10,5 meqavat gücündə "Cahangirbəyli"
su-elektrik stansiyası
açılıb. Dekabr
ayında 110 kilovoltluq
"Ağdam" qovşaq
yarımstansiyasının açılışı
həyata keçirilib.
Ən yaddaqalan hadisələrindən biri
isə 19-20 sentyabr lokal xarakterli antiterror tədbirlərindən
sonra Xankəndi və digər ərazilərin Azərbaycanın
enerji sisteminə qoşulması olub.
İşğaldan azad
edilmiş ərazilərdə
il ərzində "Azərenerji"nin 9 elektrik
stansiyasının tikintisinə
başlanılıb. Bununla
yanaşı, hazırda
Qarabağ və Şərqi Zəngəzurda
ekoloji cəhətdən
təmiz "yaşıl
enerji" istehsal edəcək 3 su-elektrik stansiyasının tikintisi
davam edir. Artıq bir neçə stansiyanın
tikintisi başa çatdırılıb. Bütövlükdə
2024-cü ildə işğaldan
azad edilmiş ərazilərdə 12 stansiyanın
istismara verilməsi nəzərdə tutulub.
Ölkənin tikilməkdə
olan ən böyük enerji obyekti isə Mingəçevirdədir. Hazırda
bu şəhərdə
yerləşən "Azərbaycan"
İstilik-Elektrik Stansiyasının
ərazisində müstəqillik
dövründə tikilən
ən böyük elektrik stansiyasının inşası davam edir. 1280 meqavatlıq yeni elektrik stansiyasının
təməli cari ilin fevral ayında
qoyulub. "Azərenerji"
ASC-nin məlumatına
görə, tikinti işlərini Azərbaycanın
ixtisaslaşmış yerli
şirkətləri həyata
keçirir. Stansiyanın
tikintisinə İtalyanın
"AFRY" məsləhətçi şirkəti və İspaniyanın "İDOM" layihələndirmə şirkəti
nəzarət edir.
İşlər qrafiki
qabaqlayır. Yeni elektrik stansiyası və "Azərbaycan"
İES-in mövcud 7 və 8-ci bloklarının
əlaqələndirilməsi nəticəsində ümumi
güc 1880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq.
Başqa sözlə,
yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş
qaz utilizasiya yolu ilə suyu
buxara çevirəcək
və "Azərbaycan"
İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə
qaz işlədilmədən
enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində
ildə 800 milyon kubmetr qaza qənaət
olunacaq.
Yeni elekrik stansiya və yarımstansiyalarının tikilməsi
əlavə generasiya güclərinin yaradılması,
enerjiyə artan tələbatın qarşılanması,
ixrac imkanlarının
artırılması, elektrik
enerjisinin istehsalında
təbii qaza qənaət edilməsi və ölkədə yeni iş yerlərinin
açılması baxımından
xüsusi əhəmiyyətə
malikdir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
30 yanvar, № 19.- S.8.