AŞPA-da
qəbul olunmuş qərar əsassızdır
və böhtandır
Ədalət prinsiplərinə zidd addımlar atmaq Avropa Şurasını nüfuzdan salır
"Azərbaycan bir
sıra Avropa təsisatlarının ikili
standartları ilə üzləşir. Avropa Şurası Parlament Assambleyasının ölkəmizlə
bağlı qəbul etdiyi qərar da bunun göstəricisidir.
Əslində, Azərbaycan
üzv olduğu beynəlxalq təşkilatlarla
fəal əməkdaşlıq
siyasəti həyata keçirir, hər zaman onlarla əlaqələri
yüksək səviyyədə
qurmağa üstünlük
verib. Bu baxımdan, AŞPA da istisna deyil".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin Beynəlxalq
münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. O bildirib ki, təşkilat
öz fəaliyyətində
Avropa dəyərlərinə
deyil, müəyyən
dairələrin maraqlarına
üstünlük verir.
AŞPA-da qəbul olunmuş qərarın heç bir əsası yoxdur. Həqiqəti əks etdirməyən iddialara görə, guya Azərbaycan təşkilat
qarşısında götürdüyü
öhdəliklərini yerinə
yetirmir, təşkilatla
əməkdaşlıq xəttinə
sadiq deyil. Buna səbəb olaraq da bildirirlər
ki, 2023-cü il aprelin 23-də Azərbaycan
Laçın-Xankəndi yolunun
başlanğıcında sərhəd-buraxılış
məntəqəsi qurulandan
sonra Qərb təsisatları, habelə
AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv
edilməsini tələb
edib. Əslində isə Azərbaycan dövləti həm Vətən müharibəsində,
həm də ötən ilin 19-20 sentyabr tarixlərində keçirdiyi lokal antiterror tədbirləri sayəsində ərazi bütövlüyünü, suverenliyini
tam təmin etdiyi halda AŞPA Azərbaycanın Qarabağdakı
antiterror tədbirlərini
pisləyən qərəzli
qətnamə qəbul
edib. Bu cür sənədlərin
qəbulu AŞPA-nın
timsalında bəzi beynəlxalq təşkilatların
siyasi məsələlərə
selektiv yanaşmasının
və işğalçı
dövləti dəstəkləməsinin
əyani sübutudur.
Deputat qeyd edib ki, 44 günlük
müharibədəki qələbə
bir çox Avropa dövlətləri,
siyasi dairələr üçün gözlənilməz
olub, onlar və yeni reallığı
bu günə qədər qəbul edə bilmirlər. "Nəzərə almaq lazımdır ki, AŞPA-da Azərbaycanın əleyhinə səs verən ölkələr
regionumuzdan çox uzaqdadır və bölgənin problemlərini,
reallıqlarını anlamırlar.
2023-cü ilin sentyabrından
sonra bölgədə
vəziyyət yenə
də dəyişdi, lakin bu da
Avropadakı məlum dairələrin təfəkkürünü
dəyişmədi. Əslində,
AŞPA-nın mövqeyi
əvvəlki vəziyyətin
geri qaytarılmasını
nəzərdə tutur,
Azərbaycana qarşı
tamamilə əsassız
və absurd tələblər irəli
sürür. Bu da qəbulolunmazdır",
- deyə o əlavə
edib.
Sevinc Fətəliyeva
deyib ki, AŞPA ilə böhranın əsasında bu gərginliyin səbəbkarı kimi
bəzi Qərb dövlətlərinin Azərbaycana
olan qərəzli münasibəti dayanır.
Fransa bu prosesdə xüsusilə
"fəal"dır. Fransızlar
və onlarla eyni mövqedən çıxış edən
alman deputatlar bu məsələdə fəallıq göstərir
və başqa ölkələrdən olan
həmkarlarına təsir
edirlər. Avropa Şurasını həqiqətən
insan hüquqları narahat edirsə, niyə 30 il ərzində Azərbaycan
torpaqlarının Ermənistan
tərəfindən işğalına
səssiz qalırdı,
bir milyon qaçqın, köçkünümüzün
vəziyyətindən narahat
olmurdu? Nə üçün Azərbaycan
ərazilərini işğaldan
azad etdikdən sonra Ermənistan tərəfindən viran edilmiş torpaqlarımıza
səfər etmək üçün müraciət
etmədilər? Bütün
bunlar göstərir ki, onları beynəlxalq hüquq, insan haqları və ədalət maraqlandırmır. Bu kimi təşkilatlar yalnız və yalnız müəyyən
dairələrin tapşırıqlarını
yerinə yetirərək
belə bir mövqedə dayanırlar.
S.Fətəliyeva vurğulayıb
ki, bu amillərin
fonunda AŞPA-nın Azərbaycana qarşı məlum mövqeyinin heç bir əsası yoxdur: "Demokratik inkişaf yolu seçmiş, öz ərazi bütövlüyünü və
suverenliyini bərpa etmiş Azərbaycana qarşı qərəzli
addımların və
irəli sürülən
ittihamların heç
bir əsası yoxdur. Bütün bunlar birbaşa ikili standartların, erməni təəssübkeşliyinin
ifadəsidir. Lakin Azərbaycan güclü dövlətdir, heç kim bizimlə təhdid dilində danışa bilməz. Beynəlxalq hüquqa və ədalət prinsiplərinə zidd qərarlar vermək ilk növbədə Avropa Şurasının ziyanınadır".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
30 yanvar, № 19.- S.5.