"Zərifə Əliyeva" gəmisi dünyanın ən böyük gölünün
ən müasir yük bərəsidir
Diqqət!
Bütün heyət
üzvləri mövqelərə!
Yoxlamaları tamamlayın!
Arxa kəndirləri
yığın!
Dəmir yolu körpüsünü qaldırın!
Ön kəndirləri
alın!
Hərəkətə başlayırıq...
Teleqrafların hər
ikisi 20 irəli!
Körpünü keçdik,
kanala giriş...
Sükan 5 sağa,
kurs 200 dərəcə...
Yolumuz açıq,
səfərimiz uğurlu
olsun...
...Dünyanın ən
böyük gölünün
nəhəng gəmi-bərəsi,
mərhum akademik Zərifə xanım Əliyevanın adını
daşıyan gəmimiz
Ələt Beynəlxalq
Dəniz Ticarəti Limanından Qazaxıstanın
Kurık limanına doğru növbəti səfərinə çıxır...
Gəmi ilə
uzaq səyahətimiz başlayır. Qarşıda
mavi Xəzərdə
Kurık limanınadək
dənizçilərin təbirincə
desək, 250 mil, yəni 463 kilometrlik yolumuz var.
Bərə ay işığının dənizin
sinəsində açdığı
qızılı rəngli
çığırla yavaş-yavaş
Xəzərin dərinliklərinə
doğru hərəkət
edir. Kənardan baxan insana elə
gəlir ki, nəhəng gəmi sadəcə aram-aram sahildən uzaqlaşır.
Əslində isə hər şey göründüyü kimi
deyil...
Gəmi
limandan təhlükəsiz
ərazilərə çıxana
qədər bir çox müxtəlif manevrləri yerinə yetirir. Öncə dayazlıqda süni qazılmış dərin
kanalla yalnız onun üçün ayrılmış marşrut
xətti ilə hərəkət edir, ardınca "təhlükəli
rayonlar"dan (su altında kiçik və iri təpəciklər,
batmış gəmilər,
onların qalıqları
olan ərazilər) dəqiqliklə keçib,
digər gəmilərlə
arasındakı məsafə
fərqini saxlamaqla təhlükəsiz sulara çıxır. Bütün
bu proseslər isə gəmi kapitanının verdiyi komanda və tapşırıqlar əsasında
reallaşır.
Asan görünsə
də, bu bir o qədər çətin və məsuliyyət, dəqiqlik
tələb edən prosesdir. Əgər limandan təhlükəsiz
sulara çıxış
təxminən 7 saat çəkirsə, təsəvvür
edin ki, gəmi hansı çətin prosedurlardan keçir.
Azərbaycanın istehsal
etdiyi ilk "Ro-Pax" tipli gəmi-bərə
Gəminin "beyin
mərkəzi" - kapitan
körpüsündəyik. Bura komandaların verildiyi məkandır. Bütün avadanlıq müasir texnologiyalar əsasında qurulub.
Kənarda dayanıb
həm naviqasiya sistemlərinin necə işləməsini, həm
də kapitanın verdiyi qərarların matroslar tərəfindən
necə yerinə yetirilməsini müşahidə
edirik. Mərkəzdə
kapitan, onun baş köməkçisi,
eləcə də kapitanın növbə köməkçiləri və
komandaları icra edən matroslar çalışır.
Yəqin ki, çoxlarınız ya canlı, ya da bədii və
sənədli flimlərdə
əvvəlki dövrlərin
gəmilərinin kapitan
körpüsünü görmüsünüz.
Orada diqqəti ilk çəkən şturval (gəminin dairəvi böyük sükanı) olurdu. Artıq yeni əsrin modern gəmisində həmin şturval gözə dəymir. Əvvəlki gəmilərdə iki əl ilə idarə edilən şturvalı, indi cəmi 3 barmaqla hərəkət etdirilə
bilən kiçik avtomat mühərrik əvəzləyir. Gəminin
bütün naviqasiya sistemi elektronlaşdırılıb.
Onların hər biri müxtəlif funksiyanı yerinə yetirir.
Gəminin kapitanı
ömrünün 30 ilini
mavi sularda keçirən Əbuzar Həsənovdur. O, gəminin
"təhlükəli rayondan"dan
təhlükəsiz keçidi
üçün matroslara
komandalarını çatdırır.
Yeri gəlmişkən,
Bakı Gəmiqayırma
Zavodunda inşa olunan "Zərifə Əliyeva" gəmi-bərəsi
Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci il aprelin 28-də istismara verilib. Dəniz Nəqliyyatı Donanmasına
məxsus bu gəmi-bərəyə Zərifə
Əliyevanın adının
verilməsi Azərbaycan
dənizçilərinin görkəmli
alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik
Zərifə Əliyevanın
xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir.
Yəni bu gəmi Azərbaycanın özünün istehsal etdiyi ilk "Ro-Pax" tipli gəmi-bərədir. "Ro-Pax"
tipli gəmilər həm sərnişin, həm də təkərli yüklərin
(dəmir yolu sisternləri, avtomobillər,
digər göyərtə
yükləri) daşınmasını
həyata keçirir.
Daimi
heyəti 30 nəfərdən
ibarət 5 mərtəbəli
unikal bərənin uzunluğu 154 metr, eni 17,7 metr, bortunun hündürlüyü
7,5 metr, suya oturumu isə 4,5 metrdir. 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və
ya 46 yarımvaqon, həmçinin 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir. Sürəti 14 uzl (yəni saatda 14 dəniz mili) olan gəmidə yük lifti, helikopter meydançası,
dalğalı havada gəminin stabilləşdirilməsi
sistemi, dartıcı lokomotivlər mövcuddur.
Nadir dizayna malik gəmi yüksək texniki göstəricilərinə görə
fərqlənir. Ən
müasir naviqasiya sistemi ilə təchiz edilmiş gəmi yükgötürmə
qabiliyyətinə (4950 ton)
görə hazırda
Xəzərdə mövcud
bərələrdən böyükdür.
3 ay suda, 3 ay quruda
Gəmi Neft Daşlarını keçib
açıq dənizə
çıxır. Kapitan
yenə iş başındadır. Amma təhlükəsiz sularda
olduğumuz üçün
kapitan söhbətləşməyə
də vaxt ayırır.
Kapitan Əbuzar
Həsənov indiyədək
Azərbaycanın müxtəlif
təyinatlı gəmilərində
çalışıb - matrosluqdan
tutmuş kapitan vəzifəsinədək işləyib.
55 illik ömrünün
30 ilini mavi sularda xidmətə fəda edib. İşinin vurğunu, həm də peşəkarıdır. O deyir
ki, Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin
(indiki Azərbaycan Dövlət Dəniz Akademiyası - ADDA) məzunudur:
"Bu günədək
ölkəmizin müxtəlif
gəmilərində xidmət
etmişəm. İşimi,
peşəmi sevirəm
və hər gün daha həvəslə
çalışıram. 3 ay dənizdə, 3 ay quruda oluruq.
Açığını deyim, gəmidən ayrıldıqdan sonra qurudakı həyata çətinliklə adaptasiya
oluram. Gəmiyə dönəndə sanki həyata yenidən qayıdıram. Uşaq vaxtından dənizə çox marağım vardı. Matros kimi fəaliyyətə başlayanda arzuma çatmışdım. Bu
gün Azərbaycanın
özünün istehsal
etdiyi nəhəng gəminin kapitanıyam. İndi məsuliyyətim daha böyükdür. Çünki gəminin heyətinin, daşınan
yüklərin məsuliyyəti
üzərimdədir. Həm
də mən Azərbaycan xalqının
mərhəmət, şəfqət
ünvanı kimi qəbul etdiyi mərhum akademikimiz Zərifə xanım Əliyevanın adını
daşıyan gəminin
kapitanıyam. Bu, həm şərəf, qürur, həm də böyük məsuliyyətli işdir.
Onu da deyim ki, bütün
gəmilərimizin şəxsi
heyətinin fəaliyyəti,
sosial-psixoloji durumu hər zaman diqqətdə saxlanılır.
Bizlərə istənilən
zaman hər cür dəstək göstərilir. Bu da bizi təbii
ki, ruhlandırır və daha yaxşı,
daha məsuliyyətli
işləməyimiz üçün
stimul yaradır".
Kapitan deyir ki, əvvəlki gəmilərlə müasir
gəmilər arasında
çox böyük fərq var. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin
sifarişi ilə istehsal edilən "Ro-Pax" tipli iki gəmi - "Zərifə Əliyeva"
və "Azərbaycan"
bərələri tam
müasir standartlara uyğun elektron naviqasiya sistemləri ilə təchiz olunublar. Gəmidə bütün cihazlar elektronlaşdırılıb. Burada
ən mühüm olan Gerokompas (gəminin təyin olunmuş hərəkət
kursunu göstərən
cihazdır), GPS (bərənin
bütün koordinatlarının
yazıldığı sistemdir),
Naftex (gəmiyə gələn hava haqqında məlumatı qəbul edir), Ballast sistemi (gəminin tarazlığını
təmin edir), Exalot (gəminin sualtı hissəsindən
dənizin dibinə qədər olan məsafəni göstərən
avadanlıqdır), eləcə
də Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi olan QDFƏRS var. Yəni bu sistemin
köməyi ilə gəmi hər hansısa bir qəza və ya fəlakətə uğrayanda digər gəmilərə məlumatı
ötürmək olur.
GPS sistemi ilə
gəmiyə Bakıdan
nəzarət edilir. Yəni gəmi Xəzərin harasında olur olsun hərəkəti,
manevri Bakıdan izlənilir.
QDFƏRS ilə dünyanın
bütün sularında
olan gəmilərlə
rabitə əlaqəsi
yaratmaq mümkündür.
Gəmi beynəlxalq dərəcəli A1, A2, A3 kateqoriyalı
bərədir. Yəni
Şimal Buzlu okeandan (bu okeanda
üzən gəmilər
A4 kateqoriyalıdır) başqa
istənilən su sahəsində üzmək
qabiliyyətinə malikdir.
Gəminin təyyarələrdə
olduğu kimi, "qara qutusu" var. Bütün məlumatlar, komandalar, alınan telefonoqrammalar, yəni yazılı göndərilən və
qəbul edilən, şifahi səsləndirilən
bütün komandalar qeydə alınır.
Əgər buradakı
elektron avadanlıqlarda
hansısa problem yaranarsa, kapitan dərhal təhlükəsiz
idarəetmə otağına
keçərək gəmini
oradan da idarə edə bilər.
Kapitan körpüsündə
gəminin idarə edilməsi üçün
3 sükan var. Onların biri mərkəzdə - əsas
sükan, digərləri
isə köməkçi
sükan kimi sağ və sol bortlarda quraşdırılıb.
Gəmi limana hansı istiqamət üzrə yan alırsa, kapitan həmin bortda dayanıb komanda verir.
25 metrlik lift, ayrı kayutalar, gündə 4 dəfə qidalanma
Gəminin yüklənməsi,
boşaldılması, göyərtə
komandasının iş
prosesinə, onların
və digər sərnişinlərin qidalanmasına,
eləcə də digər məsələlərə
kapitan köməkçisi
nəzarət edir. Biz də gəminin
"beyin mərkəzi"ndə
digər məsuliyyətli
şəxs olan kapitanın böyük köməkçisi
- Elnur Yaftumovla söhbətləşirik.
41 yaşlı dənizçi
Azərbaycan Dövlət
Dəniz Akademiyasının
məzunudur. 1999-cu ildən
mavi sulardadır. 25 illik dənizçilik təcrübəsinə sahib
olan kapitanın böyük köməkçisi
öncə gəminin
yüklənmə və
boşaldılma prosesindən
söz açır. Gəmi limana çatan kimi göyərtə komandası
vəzifəsini yerinə
yetirməyə başlayır.
Gəminin yüklənib,
boşaldılması təxminən
6-8 saat çəkir.
Əsas vaxt aparan sənədlərin düzgün yoxlanma prosesidir.
Yüklərin aşağı
göyərtəyə endirilməsi
üçün uzunluğu
25 metr, qaldırma
ağırlığı 188 ton olan liftdən
istifadə edilir. Lift bir dəfəyə
2 cüt təkərli
yükü/TİR götürə
bilir. Aşağı
göyərtəyə 16, yuxarı
göyərtəyə isə
46 vaqon yerləşir.
Budəfəki səfərdə
gəminin yükü
36 TIR, 9 minik avtomobili,
12 ədəd göyərtə
yükü, 2 ədəd
qoşqudan ibarətdir.
Yükün ümumi həcmi 1118 tondur.
Gəmidə heyət
üzvlərindən əlavə
39 sərnişin də
var. Hər bir heyət üzvü üçün
bir nəfərlik ayrıca kayuta mövcuddur. 100 nəfər
sərnişin üçün
isə 2 və 4 çaypayılı otaqlar
var. Heyət üzvlərinin asudə vaxt keçirməsi və idmanla məşğul olmaları
üçün otaqlar
da mövcuddur. Bundan başqa, gəmidə həkim, müayinə otaqları, pilot otağı, heyət və sərnişinlər üçün
ayrıca yeməkxanalar
var.
Gün ərzində
həm heyətə, həm də sərnişinlərə 4 dəfə
yemək verilir. Kapitan köməkçisi
deyir ki, gəmi səfərə çıxarkən 10 günlük
ərzaq tədarükü
görülür. Çünki küləkdən
asılı olaraq səfər
7-10 gün də çəkə bilir.
Zərifə Əliyeva
guşəsi, helikopter
meydanı, xilasedici qayıqlar
Gəmidə 44 günlük
Vətən müharibəsindəki
şanlı qələbəmizi
əks etdirən Zəfər guşəsi və akademik Zərifə xanım Əliyevanın elmi axtarışlarını, qazandığı
uğurları, insanlara
xeyirxah münasibəti,
bir sözlə, fədakarlıqla dolu həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb. Guşədə
akademik M.İ.Averbax adına mükafatın ilk qadın laureatı olan Zərifə Əliyeva haqqında foto və video məlumatlar,
kitablar toplanıb. Sərnişinlər hər
iki guşəni maraqla izləyirlər.
Göyərtəyə çıxırıq. Burada
bir neçə xilasedici qayıq və helikopter meydanı mövcuddur. Əgər təsadüfən
heyət üzvlərindən
kimsə xəsarət
alarsa və ya sərnişinlərdən
zədələnən, qəflətən
halı pisləşən
olarsa, dərhal ona ilkin tibbi
yardım göstərilir.
Əgər xəstənin
vəziyyəti ağır
olarsa, kapitan bu barədə baş idarəyə məlumat verir və helikopter yardıma gəlir. Xilasedici qayıqlar, sallar isə gəmidəki bütün
şəxsi heyyəti
təxliyə etmək
imkanlarına malikdir. Gəmi tam sərnişinlə dolu olarsa, heyət
üzvləri ilə birlikdə bərədə
130 nəfər olur.
"Təxliyə xilasedici
salı" adlandırılan
2 qayığın isə
hər biri 101 nəfər tutur. Bu, həm də onun üçündür
ki, gəmi hər hansısa qəzaya uğramış
başqa bir bərənin, tankerin də şəxsi heyətinin təxliyəsinə
yardım edə bilsin. Bundan əlavə, gəmidə hər biri 12 nəfər tutan 2 ədəd kiçik "Təxliyə
xilasedici salı" mövcuddur. Bundan əlavə, gəmidə 2 ədəd
sürətli kiçik
xilasedici qayıq da var.
Kapitan körpüsünə
geri dönürük.
Əbuzar Həsənov
bu illər ərzində mavi sularda rastlaşdığı
ən maraqlı və həyəcanlı anlardan danışır...
(Ardı var)
Rəşad
BAXŞƏLİYEV,
Bakı-Qazaxıstan-Bakı
Azərbaycan.-2024.-
30 yanvar, ¹ 19.- S.10.