Hədəf
Azərbaycanın bütövlüyü,
suverenliyi və Qarabağdır
Tarixinin ən qüdrətli Azərbaycanı
bu gün dünyada tam müstəqil siyasət yürüdən ölkə,
etibarlı tərəfdaş
kimi qəbul olunur. Bu amil
son 20 ildə ölkənin beynəlxalq
nüfuzunun getdikcə
daha da yüksəlməsini,
geosiyasi və geoiqtisadi əlaqələrinin
şaxələnməsini şərtləndirib.
Məhz xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb,
həssas bölgəsində,
yəni Qərblə Şərqin kəsişməsində,
sivilizasiyaların qovuşma
məkanında, strateji
yanaşmalarda isə qlobal siyasi-iqtisadi maraqların kəsişmə
nöqtəsində yerləşən
Azərbaycan üçün
həm ötən dövrlərdə, həm
də bu gün müstəsna əhəmiyyətə malikdir.
Belə ki, ölkəmiz milli maraqlarını, regionda aparıcı dövlət
statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin
siyasi iqtisadi-mədəni
məkanları ilə
qarşılıqlı faydalı
münasibətlər qurur,
beynəlxalq əməkdaşlığı,
bərabərhüquqlu tərəfdaşlıq
əlaqələrini genişləndirir.
Bütün bunların
sayəsində Azərbaycanın
siyasi və iqtisadi potensialı getdikcə artır, beynəlxalq siyasət səhnəsində nüfuzu
və mövqeyi daha da möhkəmlənir.
Müstəqil siyasət,
beynəlxalq təşkilatlarla
əməkdaşlıq
Müstəqil xarici
siyasət Azərbaycan
dövlətçiliyini müntəzəm
şəkildə möhkəmləndirib
inkişaf etdirməyə
və milli mənafeləri qorumağa
yönəldilib. Ən
əsası, Azərbaycan
öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin
suverenliyi və ərazi bütövlüyünə
hörmət, daxili işlərə müdaxilə
edilməməsi əsasında
qurub.
Bu prinsipləri
rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən
çıxış edərək,
Azərbaycanın xarici
siyasəti respublikanın
müstəqilliyinə, suverenliyinə,
ərazi bütövlüyünə
və milli təhlükəsizliyinə təhdidlərin
və risklərin aradan qaldırılması
kimi həyati əhəmiyyətli başlıca
məqsədə xidmət
edir. Regional səviyyədə
bölgədə əmin-amanlığın
və sabitliyin bərqərar edilməsi,
nəhəng nəqliyyat-tranzit,
əməkdaşlıq layihələrinin
gerçəkləşdirilməsi kimi strateji məqsədlərə
nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Qloballaşan müasir
dünyada Azərbaycan
xalqının maraqlarının
daha səmərəli
müdafiəsi naminə
ölkə iqtisadiyyatının
inkişafı üçün
müxtəlif layihələrə
xarici sərmayələrin
cəlb edilməsi də xarici siyasətdə müstəsna
əhəmiyyət kəsb
edir. Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan qonşusu
olan və olmayan digər dövlətlərlə müxtəlif
sahələrdə həm
ikitərəfli, həm
də çoxtərəfli
əsasda bərabər
və qarşılıqlı
faydalı münasibətlərin
qurub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.
Bütün bunlarla
yanaşı, Azərbaycan
müstəqil dövlət
kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən
Birləşmiş Millətlər
Təşkilatı, Avropada
Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı,
Avropa Şurası, İslam Əməkdaşlıq
Təşkilatı, Müstəqil
Dövlətlər Birliyi
və çoxlu sayda digər təşkilata üzv olub. Azərbaycan həmçinin NATO və
Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı inkişaf etdirib. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan milli maraqlarını gerçəkləşdirib.
1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan Azərbaycan həyata keçirdiyi ardıcıl
siyasət nəticəsində
2001-ci ildə Avropa Şurasına qəbul edilib, Avropa Birliyi, NATO və başqa təşkilatlarla
sıx əlaqələr
yaradıb, bu qurumlar çərçivəsində
qarşılıqlı faydalı
münasibətlərin inkişaf
etdirilməsi üçün
fəal xarici siyasət həyata keçirib. Çox mühüm coğrafi-strateji
məkanda yerləşən
Azərbaycan malik olduğu mövqedən həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi
üçün hərtərəfli
şərait yaradıb,
milli mənafelərinin
və təhlükəsizliyinin
təmin olunması istiqamətində zəruri
tədbirlər reallaşdırıb.
Bəs Azərbaycana
olan münasibət?!
Azərbaycan daim
öz milli maraqlarını, müstəqil
və balanslaşdırılmış
xarici siyasət prinsiplərini əsas tutaraq ölkəmizi region dövlətlərinin
inkişafı, ortaq mənafelərin ödənilməsi
üçün sülh
və əməkdaşlıq
məkanına çevirməyə
nail olub, beynəlxalq münasibətlərdə
hüquq bərabərliyinə
söykənən əməkdaşlıq
modellərinə üstünlük
verib. Ölkəmizin yürütdüyü xarici
siyasət strategiyası
ilk növbədə region və Qərb ölkələri
ilə sağlam münasibətlərin inkişafını,
bütün dövlətlər
və koalisiyalarla qarşılıqlı faydalı
əməkdaşlıq qurulmasını
nəzərdə tutur.
Çoxvektorlu xarici siyasət kursunu reallaşdıran Azərbaycan
bununla özünü
müəyyən təhdidlərdən
xeyli dərəcədə
qorumağa, ölkədə
sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri
ilə bərabərhüquqlu
tərəfdaşlıq münasibətləri
qurmağa nail olub.
Beynəlxalq təşkilatlarla
əməkdaşlığa gəlincə isə deyə bilərik ki, Azərbaycan üzv olduğu qurumlarla hər zaman səmərəli iş modelinə üstünlük verib. Ölkəmizin üzərinə
düşən vəzifələri,
öhdəlikləri necə
yerinə yetirməsi həmin qurumların bütün sənədlərində
əksini tapıb.
Bəs son 31 ildə bəzi beynəlxalq təssisatlar Azərbaycanın xoş niyyətli təşəbbüslərinə,
səmərəli əmakdaşlığına
qarşı adekvat cavab verdilərmi?!
İlk olaraq başlayaq BMT-dən...
Yarandığı gündən
dünyada münaqişə
və mübahisəli
məsələlərin dinc
yolla tənzimlənməsində
aparıcı rola malik olan bu
təşkilatın qəbul
etdiyi istənilən qətnamə və qərarın icrası dərhal həyata keçirilir. Buna Təhlükəsizlik Şurasının
Liviyaya dair çıxardığı qətnamənin
mürəkkəbi qurumamış
Fransa qırıcı
təyyarələrinin səmaya
qalxması, paytaxt Tripolinin bombardman edilməsi və digər faktları misal gətirmək olar. Nədənsə, keçmiş Dağlıq
Qarabağ probleminə
yanaşmada BMT Təhlükəsizlik
Şurasına üzv
dövlətlərdən, o cümlədən Fransadan,
ABŞ-dən bu çevikliyi müşahidə
edə bilmədik.
Təhlükəsizlik Şurasının keçmiş
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə
dair qəbul etdiyi 822, 853, 874, 884 saylı
qətnamələrin tam
27 il kağız üzərində qalması
Azərbaycana olan soyuq münasibətin, ikili standartların real göstəricisi idi. Bu qətnamələrdə
Azərbaycan Respublikasının
Dağlıq Qarabağ
və digər ərazilərinin Ermənistan
silahlı qüvvələri
tərəfindən işğalı
faktı bir daha təsbit olunmuşdu. Təşkilat
respublikamızın ərazi
toxunulmazlığını bir daha önə
çəkmiş, hərbi
əməliyyatlara son
qoyulmasını və
erməni qoşunlarının
işğal olunmuş
Azərbaycan ərazilərindən
qeyd-şərtsiz və
dərhal çıxarılmasını
tələb edirdi. Lakin nə Ermənistana
qarşı bir tədbir görüldü,
nə də hansısa sanksiya tətbiq edildi. Ermənistandan BMT qətnamələrinin
tələblərini özxoşuna
yerinə yetirməsini
gözləmək və
ona qarşı məcburetmə tədbirləri
görməmək əlbəttə
ki, BMT-nin nüfuzuna ciddi zərbə vurdu. Azərbaycan 27 il bu təşkilatdan ədalət tələb etsə də, heç nə dəyişmədi.
Münaqişənin həllinin nizamlanması istiqamətində yaradılan
ATƏT-in Minsk qrupu da tam
26 il Ermənistanın
maraqlarına xidmət
edən addımlar atdı. Regiona yalnız turist kimi səfər edən həmsədrlər
münaqişənin həlli
istiqamətində doğru
yol göstərə bilmədilər. Müvafiq
mandata sahib olan Minsk qrupu
münaqişənin həllində
heç bir rol oynamayaraq, əksinə, müxtəlif
vasitələrlə prosesin
uzadılmasına səbəb
oldu. Beynəlxalq təşkilatın bu cür yanaşması Ermənistanı işğalçılıq
siyasətini davam etdirməyə sövq etdi. Bu ölkə
məhz cəzasızlıq
mühitindən yararlanaraq
artıq məhv olmuş, tarixin arxivinə gömülmüş
status-kvonu saxlamaqla istəyinə nail olurdu. Hətta istədiyi vaxt ölkədəki daxili ixtişaşları yatırmaq
üçün keçmiş
cəbhə xəttində
atəşkəsi pozaraq
Azərbaycanı təxribata
çəkirdi. Layiqli
cavabını aldıqda
isə siyasi şantaja əl atıb Azərbaycanı şərləməyə başlayırdı.
"Xristian klubu"na
çevrilmiş Avropa
təşkilatları da
hər zamankı kimi işğalçı
ölkənin müdafiəsini
şərtləndirən bəyanatlar
verirdilər.
Həmin təşkilatlardan
biri də Avropa Şurası idi.
Ümumiyyətlə, Azərbaycan 2001-ci ildən
üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda
öz milli qanunvericiliyinin yüksək
beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində tədbirlər
görüb. Belə ki, Azərbaycan milli qanunvericiliklərin demokratikləşdirilməsinə yardım göstərən
AŞ-ın Venesiya Komissiyası ilə sıx əlaqələr qurub, Avropa Şurasının
başlıca sənədi
sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının
Qorunması üzrə
Konvensiyası və onun protokollarını
2001-ci il yanvarın
25-də imzalayıb, 2002-ci il aprelin 15-də isə onları ratifikasiya edib.
Azərbaycan Avropa
Şurasına üzv
olanda başlıca məqsədimiz və istəyimiz o idi ki, bu təşkilat
ölkəmizin haqq işini müdafiə edərək, Ermənistanın
işğalçı dövlət
olduğunu dünyaya bəyan etsin. Amma bununla bağlı
nə zaman məsələ qaldırılırdısa,
Ermənistana qarşı
hər hansısa qərar, sanksiya qəbul olunmadı.
Lakin sonunda haqq-ədalət yerini tapdı. Tarixinin ən qüdrətli Azərbaycanı
BMT-nin qəbul etdiyi həmin qətnamələrin icrasını
öz hərbi gücü ilə həyata keçirdi. Tarixi Zəfər ədaləti bərpa edərək Azərbaycanın
gücünü-qüdrətini bir daha dünyaya
göstərdi.
Azərbaycan Silahlı
Qüvvələri BMT Təhlükəsizlik
Şurasının, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin 30 ilə
yaxın müddətdə
həll edə bilmədiyi, bəlkə də etmək istəmədiyi bir problemi kökündən həll etdi. Sözügedən hadisə
BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verdi.
2023-cü ilin sentyabrında isə Azərbaycan öz ərazilərində
bütün beynəlxalq
normalara uyğun
antiterror tədbirləri həyata
keçirməklə suverenliyini,
ərazi bütövlüyünü
tam təmin edərək
Qarabağdakı qondarma
terrorçu rejimi və 200 illik erməni avantürasını
məhv edib, "böyük Ermənisan"
xülyasının üstündən
xətt çəkdi.
Cənubi Qafqazda
yeni reallıqlar yarandı
və Ermənistanla sülh müqaviləsinin
imzalanması istiqamətində
danışıqlar başlanıldı.
Amma bütün bunlar
regionda marağı olan bəzi qüvvələrə sərf
etmədiyi üçün
yenə də təxribatlara start verildi.
Son bir ildə baş verən proseslər də göstərir ki, başda
Fransa olmaqla, bəzi Qərb ölkələri
və təşkilatları
iki ölkə arasında sülh müqaviləsinin bağlanmasının
qəti əleyhinədirlər.
Məqsədləri yenidən
bölgədə yeni "qan
çanağı" yaratmaqdır.
"Xristian klubları"nın
yeni "səlib yürüşü"
2023-cü il aprelin 23-də Azərbaycan
tərəfindən ölkəmizin
suveren ərazilərində,
Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi
yolunun başlanğıcında
sərhəd-buraxılış məntəqəsi qurulandan
sonra isə Qərb təsisatları, habelə AŞPA dəfələrlə
Azərbaycandan həmin
sərhəd-buraxılış məntəqəsinin ləğv
edilməsini, dolayısı
ilə Ermənistandan
Azərbaycan ərazisindəki
qeyri-qanuni erməni silahlı dəstələri
üçün canlı
qüvvə, silah-sursat,
mina, eləcə də
digər hərbi təyinatlı vasitələrin
daşınmasının qarşısının
alınmamasını tələb
edirdi.
Amma Azərbaycan tərəfinin
təzyiq qarşısında
geri çəkilməyəcəyinə
əmin olan AŞPA rəhbərliyi məzmunu
saxlamaqla formanı dəyişmək qərarı
verdi. 2023-cü ildə
AŞPA 3 dəfə ölkəmizə
müraciət edərək
Laçın yoluna nümayəndə göndərmək
istədiyini bildirdi.
Lakin bu qurumun ermənilərin "blokadada
yaşadıqları"nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına
xidmət edəcək
sözügedən absurd niyyətlərinin
reallaşmasına Azərbaycan
imkan vermədi. Yəni AŞPA missiyalarının
Azərbaycana səfər
cəhdləri yalnız
erməni məsələsi
ilə bağlı olub və təşkilatın
prioritet istiqamətini
"ermənilərin hüquqları"
təşkil edib. Bu təşkilat digər məsələlərlə bağlı
deyil, məhz ermənilərin müdafiəsinə
yönəlik "Laçın
dəhlizinin blokadaya alınması"nı qınayan,
eləcə də
"Azərbaycan Ordusunun
ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın
bütün erməni
əhalisinin ərazini
tərk etməsi ilə nəticələnən
hərbi əməliyyatı"nı
pisləyən qətnamələr
qəbul etdi.
Amma Ermənistan rəhbərliyi
bir dəfə də olsun açıqlama
verib bu prosesi "etnik təmizləmə" adlandırmadı.
Hətta rəsmi İrəvan antiterror tədbirləri
zamanı sadə ermənilərə qarşı
zorakılıq hallarının
qeydə alınmadığını
bildirdi. Yəni Azərbaycan hərbi əməliyyatların dinc
əhaliyə zərər
vurulmadan necə aparılmalı olduğunu
bütün dünyaya
nümayiş etdirdi.
Azərbaycanın Qarabağ
bölgəsində Ermənistan
silahlı qüvvələrinin
tör-töküntülərinə qarşı
həyata keçirdiyi
23 saatlıq antiterror tədbirlərindən
dərhal sonra ölkəmiz Qarabağın
erməni sakinlərinin
Azərbaycan dövlətinə
reinteqrasiyası üçün
portal yaratdı. Qarabağ
bölgəsində yaşamaq
istəyən erməni
sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü
şəkildə portala
müraciət etdilər.
Bütün proseslər
qanunvericilik çərçivəsində
həyata keçirildi
və bu gün də davam etməkdədir.
Lakin Fransa başda olmaqla regionda sülhün bərqərar olunmaması
üçün bütün
yollara əl atan bəzi Qərb dövlətləri
və təşkilatları
Azərbaycana qarşı
yeni hücum taktikası
həyata keçirməyə
başlayıblar. Diqqətçəkən
vacib məqam ondan ibarətdir ki, son zamanlar Azərbaycan əleyhinə Avropadan qaynaqlanan hadisələr ardıcıl, zəncirvari
proses kimi baş verir. Yəni Azərbaycana qarşı çox ciddi, mürəkkəb və məkrli proseslər gedir. Əlbəttə ki,
bütün bunların
haradan qaynaqlandığı
məlumdur.
Öncə yanvarın
17-də, Fransa Senatı Azərbaycanın
ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi hərbi əməliyyatı
pisləyən, Ermənistana
hərbi dəstəyə,
Azərbaycana qarşı
sanksiyalara çağıran
qətnamə qəbul
etdi. Bu mənasız sənədin erməni lobbisinin təhriki ilə atıldığı
heç kimdə şübhə doğurmur.
Həmçinin sübut
edir ki, Fransa hökuməti
və parlamenti orada yaşayan ermənilərin əlində
bir oyuncağa çevrilib. İstədikləri
qərarı qəbul
etdirir, bu ölkəni istədikləri
yanlış yola yönəldirlər. Qəribəsi
odur ki, senatorlar hələ də Azərbaycanın regionda
real güc sahibi olduğunu anlamırlar. Anlamırlar ki, Azərbaycandan
icazə almadan regiona girmək olmaz, çünki hər cəhətdən burada böyük söz sahibi odur, iştirakı olmadan heç bir layihə ərsəyə gələ
bilməz.
Daha sonra Avropa İttifaqının
(Aİ) Xarici Əlaqələr
və Təhlükəsizlik
Siyasəti üzrə
ali nümayəndəsi,
Aİ Komissiyasının vitse-prezidenti
Cozep Borel ölkəmizi əsassız
ittiham etməyə başladı və nəhayət, AŞPA-nın
son oyunu belə təsəvvür
yaratdı ki, Avropada Azərbaycana qarşı sanki "səlib yürüşü"nə
çıxmaq qərarı
verilib.
AŞPA nəhayət ki, 2024-cü ilin başlanğıcında Fransa
və Almaniya kimi dövlətlərin əlində alətə çevrildiyini rəsmən
təsdiqlədi. Çünki
Azərbaycanın separatizmin
kökünü kəsməsindən,
işğalı aradan
qaldırmasından, ölkənin
bütün ərazisində
dövlət suverenliyini
təmin etməsindən,
yurdundan qovulmuş bir milyondan artıq
insanın hüquqlarının
bərpasından narahatlıq
keçirərək əl-ayağa
düşən bu təşkilat növbəti
dəfə Azərbaycanın
səsini dondurmaq kimi mənasız və çirkin təşəbbüslə çıxış
etdi. Burada mövcud olan dözülməz irqçilik,
azərbaycanofobiya və
islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti
AŞPA ilə əməkdaşlığı
və təşkilatda
haqlı olaraq iştirakını qeyri-müəyyən
müddətə dayandırmaq
qərarına gəldi.
Bu, nümayəndə
heyətinin deyil, bütün Azərbaycanın
qərarı idi. Nümayəndə heyətimiz
"Dünyada heç
kim Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz", - deyərək
AŞPA-da iştirakını
dayandırdı.
Müəyyən qrupların
eqoist maraqlarına xidmət edən AŞPA və Azərbaycanın haqq yolu
Əslində, bunun
eyni ssenarinin davamı olduğu hər kəsə aydındır. Çünki
AŞPA Azərbaycan nümayəndə
heyətinin etimadnamələrinin
mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən,
guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək
seçkiləri müşayiət
etməyə dəvət
edilməməsi, ölkədə
"siyasi məhbus"ların
olması ilə əlaqələndirsə də,
əsas səbəbin
Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməməsi, Ermənistana
hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.
Yəni səbəb
heç də bu ideyanın "müəllifi", Almaniyadan
olan deputat Frank Şvabenin iddia etdiyi kimi, Azərbaycanın
AŞPA müşahidəçilərini
fevralın 7-də keçiriləcək
növbədənkənar prezident
seçkilərini izləməyə
dəvət etməməsi
və guya qurumun missiyasını Laçın nəzarət-buraxılış
məntəqəsinə buraxmaması
ilə bağlı deyil, tamamilə başqadır. Əsas səbəb Azərbaycanın
son illərdə bir-birinin ardınca möhtəşəm qlobal
və regional əhəmiyyətli uğurlar
əldə etməsi,
nəhəng qlobal layihələr reallaşdırması,
dünyanın 5 güc
mərkəzini birləşdirən
BMT Təhlükəsizlik Şurası
kimi nüfuzlu bir qurumun 30 ildə həll edə bilmədiyini Azərbaycanın yerinə
yetirməsidir. Bütün
bunlar 2020-ci ilin noyabrından indiyədək
Qərbin, xüsusilə
Fransanın, Almaniyanın,
Avropa İttifaqının,
onların ideoloji və qanunverici ruporu rolunu oynayan
AŞPA-ya sanki dərd olub.
Azərbaycan qüdrətlənir,
söz və güc mərkəzinə
çevrilir və beynəlxalq nüfuzu getdikcə yüksəlir.
Fransa, Almaniya, AŞPA
kimi ağa qara deyən üzdəniraq "demokratları"
qəzəbləndirən də
elə budur!
AŞPA-nın ölkəmizə
qarşı qərəzli
mövqeyi, nümayəndə
heyətimizin haqlı
qərarı ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının İcraiyyə
Komitəsinin qəbul
etdiyi bəyanatda da qeyd edildiyi
kimi, baş verənlər bu təşkilatın Fransa və Almaniya kimi dövlətlərin xudbin maraqları üzərində qurulduğunu,
onların əlində
siyasi təzyiq alətinə çevrildiyini
bir daha təsdiqləyir. Bu Qərb təsisatı Azərbaycana münasibətdə
daha riyakar və ikiüzlü mövqe nümayiş etdirir. Regionun hərtərəfli inkişafına
geniş imkanlar açan Azərbaycanı
hədəf almaq, onun sülh səylərinə süni
əngəllər yaratmaq
bu qurumun məkrli və hiyləgər planlarından
xəbər verir. Aydın görünür
ki, Azərbaycanın gündən-günə inkişafı,
artan iqtisadi qüdrəti, tam müstəqil siyasət həyata keçirməsi
dünyanın bəzi
dövlətlərini, o cümlədən
Fransa və Almaniyanı çox narahat edir. Məhz
bu ölkələrin
canfəşanlığı və diktəsi ilə hərəkət edən AŞPA anti-Azərbaycan,
islamofobiya siyasətini
həyata keçirir,
ikili standartların tətbiqində baş rolda çıxış
edir. Azərbaycana mane olmaq üçün
isə müxtəlif
çirkin vasitələrlə,
xüsusən regional və beynəlxalq təşkilatların əli
ilə Azərbaycanın
daxili işlərinə
qarışmağa cəhdlər
edilir, haqq işinə kölgə salmağa çalışılır,
qərəz və böhtan dolu qərarlar qəbul olunur. Bu, erməni
lobbisindən qidalanan azərbaycanofobiya və islamofobiya təfəkkürlü
avropalı deputatların
korrupsiya və rüşvətxor əməllərinin
təzahürüdür. Bu
cür qərarlarla, əslində, qurumun əsl mahiyyəti ortaya çıxır, dünya ictimaiyyətinin gözündən düşür.
Bir sözlə,
bütün bunlar onu deməyə əsas verir ki, hədəf Azərbaycanın bütövlüyü,
suverenliyi və Qarabağdır!
Bu səbəbdən
də Azərbaycan nümayəndə heyətinin
AŞPA ilə əməkdaşlığı
və təşkilatda
iştirakını qeyri-müəyyən
müddətə dayandırmaq
qərarını ölkə
ictimaiyyəti düzgün
hesab edir və alqışlayır.
Hər kəs açıq-aşkar görür
ki, AŞPA insan haqlarının müdafiəçisi
adı altında gizlənərək "xristian
klubu" və diaspor təşkilatı kimi fəaliyyət göstərir, öz funksiyalarını bir kənara qoyaraq müəyyən qrupların
eqoist maraqlarına xidmət edir. Həm də dünyada artıq AŞPA
xarakterli təşkilatlara
yer qalmadığı,
zamanın tələblərinə
cavab vermədiyi üçün bu qurumla əməkdaşlıq
əhəmiyyətsizdir və
vaxt itkisindən başqa bir şey deyil.
AŞPA-nın ölkəmizə
bu cılız davranışı heç
nəyi dəyişməyəcək.
Çünki Azərbaycan
güclü dövlətdir,
regionun lideri, dünya, o cümlədən
Avropa üçün
son dərəcə əhəmiyyətli və
faydalı ölkə
kimi əlaqələrini,
imkanlarını gündən-günə
genişləndirməkdədir. Heç bir dövlət və ya təşkilat ölkəmizlə hədə
və təhdid dili ilə danışa
bilməz. Agah olsunlar ki, Azərbaycan
öz müstəqil və suveren siyasətini bundan sonra da uğurla
davam etdirəcək. Ölkəmizə qarşı
Avropada başladılan
bu sistemli fəaliyyətə baxmayaraq,
Azərbaycan siyasətində
və mövqeyində
hər hansı dəyişiklik etmək fikrində deyil. Azərbaycanın siyasəti
isə, ilk növbədə, ölkənin
milli maraqlarına və beynəlxalq hüququn normalarına əsaslanır.
Həm AŞPA-ya,
həm də Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurasına və Fransa, Almaniya kimi ölkələrə
məlum olsun ki, istəsələr də, istəməsələr
də Azərbaycanın
bölgəyə gətirdiyi
yeni reallıqları qəbul etməyə məcbur olacaqlar. Azərbaycan haqq və ədalətə söykənən tam müstəqil siyasət həyata keçirir. Onların Azərbaycan əleyhinə səsləndirdikləri
boş fikirlərin, irəli sürdükləri
yersiz təşəbbüslərin,
qəbul etdikləri mənasız qərarların
heç bir nəticəsi olmayacaq.
AŞPA və digər
eyni mövqedə olan təşkilatlar və dövlətlər Azərbaycanın regional və qlobal əhəmiyyətini dərk
etməlidirlər. Anlamalıdırlar
ki, Azərbaycan onlara daha çox
lazımdır.
Səttar MÖHBALIYEV,
Milli Məclisin
deputatı, Azərbaycan
Həmkarlar İttifaqları
Konfederasiyasının sədri
Azərbaycan.-2024.-
30 yanvar, № 19.- S.4.