Azərbaycan həm də COP29-a hazırlaşır
Məlumdur ki, BMT-nin
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransı (COP) dünyanın
ən mötəbər
beynəlxalq qurumlarından biridir
və ölkələrin
təmsilçiliyi baxımından
BMT Baş Assambleyasından heç də geri qalmır. O səbəbdən
COP-un sessiyalarına ənənəvi olaraq hər il bir
ölkə başçılıq edir.
Bu ilin
noyabrında isə Azərbaycan bu mötəbər tədbirin
ev sahibi olacaq. COP29-un yüksək səviyyədə
keçirilməsi üçün Azərbaycan artıq
hazırlıqlara başlayıb. Yeri gəlmişkən qeyd
edək ki, COP29 ölkəmizdə elan olunmuş
"Yaşıl dünya naminə həmrəylik ili"ndə
keçiriləcək. Bununla Azərbaycan yaxın bir neçə
onilliyə hesablanmış "yaşıl siyasəti"ni
nümayiş etdirmək üçün əlverişli imkan
qazanacaq. Ona görə də deyə bilərik ki, COP29-a
evsahibliyi Azərbaycanın ekologiya sahəsində
qazandığı uğurların dünyaya
çatdırılması baxımından əlverişli bir
fürsətdir. Çünki "yaşıl enerji"
növlərinin yaradılması və onun dünya
bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin
prioritet istiqamətidir.
Xəbər
verildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun
Tərəflər Görüşünün 19-cu
sessiyasının və Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin
ilk iclası keçirilib. İclası Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,
Təşkilat Komitəsinin sədri Samir Nuriyev açaraq,
ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi
inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf
mühit və yaşıl artım ölkəsi" kimi
müəyyən edildiyini bildirib.
Xatırladaq ki,
"Təmiz ətraf mühit və yaşıl artım
ölkəsi" prioritetində qarşıya qoyulmuş
tapşırıqların icrası məqsədi ilə son
illər iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş
siyasi, iqtisadi və qanunvericilik islahatları həyata
keçirilir. Bu məqsədlə hazırlanmış qanun
layihəsində biznes subyektləri ilə fikir mübadiləsinin
aparılması üçün ictimai müzakirələr nəzərdə
tutulur. "Yaşıl enerji" sahəsində dövlət
tərəfindən son zamanlar reallaşmış layihələr
hesabına enerji səmərəliyi və alternativ enerji mənbələrindən
istifadə göstəriciləri artıb. Bu məsələlərə
də toxunan Samir Nuriyev Azərbaycanın 2030-cu ilə qədər
istixana qazlarının miqdarının 35 faiz
azaldılması öhdəliyini
götürdüyünü, işğaldan azad edilmiş
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının, habelə Naxçıvan Muxtar
Respublikasının "yaşıl enerji" zonası elan
edildiyini xatırladıb. Bildirib ki, "Yaşıl dünya
naminə həmrəylik ili"nin elan olunması ölkəmizin ətraf mühitin mühafizəsi
sahəsində
apardığı məqsədyönlü və
ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğundan xəbər
verir.
Sudan səmərəli
istifadə, təkrar emal, bu sahələrdə innovativ
texnologiyaların tətbiqi, ətraf mühitə buraxılan
zərərli qazların udulması və sağlam ekoloji
mühitin yaradılması məqsədi ilə həyata
keçirilən yaşıllaşdırma işləri,
işğaldan azad edilmiş ərazilərin "yaşıl
enerji" zonasına çevrilməsi istiqamətində
görülən tədbirlər bütövlükdə COP29-un Azərbaycanda
keçirilməsinə zəmin yaradan amillərdəndir. Azərbaycanın
bərpaolunan enerji mənbələrindən geniş istifadə
etmək planları ölkəmizin müasirləşdirilməsi
strategiyasına tam uyğundur. Enerji mənbələrinin bu
şəkildə şaxələndirilməsi ilə daha
davamlı və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı
təcrübələrinə nail olmaq mümkündür.
Bununla yanaşı, Qarabağın "sıfır netto
emissiya" prinsipləri əsasında yenidən qurulması
layihəsi və su idarəçiliyində "yaşıl
enerji"dən istifadə etməklə Azərbaycan regionun
inkişafına liderlik edə bilər. Çünki bizim
suvarma üçün günəş və külək
enerjisindən istifadə etmək, ənənəvi enerji mənbələrindən
asılılığımızı minimuma endirmək, ətraf
mühitə təsiri azaltmaqda dünyada qabaqcıl olmaq
imkanımız var.
Qeyd edək ki,
bununla bağlı BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası
özünün nəzərdə tutulan milli səviyyədə
müəyyən olunmuş töhfələrində qlobal
iqlim dəyişmələrinin qarşısının
alınması təşəbbüslərinə dəstək
kimi 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə
istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində
35 faiz azalmanı hədəf kimi
götürmüşdür. Bu barədə də də
danışan Samir Nuriyev Azərbaycanın ətraf mühitin
qorunması və qlobal iqlim dəyişmələri sahəsində
beynəlxalq səyləri daim dəstəklədiyini və bu
prosesə töhfələr verdiyini vurğulayıb.
Administrasiya rəhbərinin fikirlərinə əsasən
deyə bilərik ki, Azərbaycanda iqlim dəyişmələrinə
qarşı həyata keçirilən fəaliyyətin beynəlxalq
aləmdə təqdir edilməsi, dünyada irimiqyaslı və
mötəbər tədbirlərdən biri hesab olunan COP29-un Bakıda keçirilməsi ölkəmizə
beynəlxalq səviyyədə olan hörmət və
etimadın daha bir göstəricisidir.
Züleyxa
ƏLİYEVA,
Azərbaycan.-2024.-
30 yanvar, № 19.- S.11.