Həqiqət
qarşısında isterikaya
düşən Fransa
"Fransa-Azərbaycan münasibətlərini siyasi-hüquqi
aspektdən təhlil edərkən aydın görünür ki, əgər Fransa beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərə hörmətlə yanaşsaydı,
siyasi əlaqələrin
gərginləşməsi və
hətta hazırkı
səviyyədə zədələnməsi
üçün heç
bir zəmin qalmazdı. Yəni Bakı və Paris arasında mövcud gərginliyin təməlində
məhz Fransanın beynəlxalq hüquqa və ümumbəşəri
dəyərlərə zidd,
qeyri-adekvat mövqeyi dayanır. Real əsaslara söykənməyən bu
situasiyadan ən çox zərər çəkən isə elə Fransa özüdür".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, dövlətlərarası
münasibətlər bir
qayda olaraq hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipləri əsasında qurulmalıdır:
"Münasibətlərin inkişafı isə, adətən, iqtisadi və ticari əsaslara söykənir,
mədəni-humanitar əsaslarla
möhkəmlənir. Dövlətlər
arasında fikir ayrılığı, fərqli
siyasi maraqların toqquşması yaşandıqda
belə, ölkələr
bir qayda olaraq gərginliyin ticari və humanitar əlaqələri
zədələməməsinə çalışır. Yəni
daha konkret desək, ticari və mədəni bağlar ən çətin günlərdə
belə dövlətlərarası
körpü rolunu oynayır. Lakin Makron rejiminin yürütdüyü siyasət
bu gün faktiki olaraq Fransanın Cənubi Qafqazdakı dövlət maraqlarının lobbi maraqlarına və özfəaliyyət cəhdlərinə
qurban verildiyini göstərir. Üstəlik,
Makron iqtidarının
səbatsızlığı yalnız siyasi mövqelər yox, Fransanın Cənubi Qafqazdakı iqtisadi perspektivlərinin də bloklanmasına səbəb
olur".
Deputatın sözlərinə
görə, əgər
əvvəlki dövrlər
olsaydı, yəni Fransanın Afrika və Asiyada ən azı 20-30 il əvvəlki səviyyədə nüfuz,
güc və təsir imkanı qalsaydı, alternativlər
hesabına Parisin Cənubi Qafqazda öz dövlət maraqları ilə risk etməsi hətta qanunsuz olsa belə, anlaşıla bilərdi. Lakin Fransanın həmin regionlardan sıxışdırıldığı, fransız koloniyalarında
müstəmləkəçilik əleyhinə etirazların
başlandığı bir
zamanda Makronun Cənubi Qafqazda orta əsr metodları
ilə öz protektoratlığını qurmaq
cəhdi dayaz təfəkkür məhsuludur. Xüsusən Azərbaycanın yeni hərbi-siyasi reallıq yaratması fonunda, Fransanın region dövlətlərinin suverenliyinə
hörmətsizlik yolu
ilə daxili işlərimizə müdaxilə
etməyə çalışması
Makron adına siyasi səbatsızlıqdır.
Bəhruz Məhərrəmov
qeyd edib ki, Fransanın Vətən müharibəsində
faktiki tərəf olması və məğlubiyyətə uğraması
heç kimə sirr deyil: "Bunun ardınca isə istər ötən ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin təsis
edilməsi ilə başlatdığı beynəlxalq
kampaniya, istərsə
də antiterror tədbirlərindən sonra
aqressiv hücumlar fonunda Fransanın Cənubi Qafqazda Azərbaycana uduzduğuna bütün dünya şahidlik etdi. Xüsusən dekabrın əvvəllərində casus
şəbəkəsinin ifşa
edilməsi ilə Azərbaycan Fransanın nəinki Cənubi Qafqaz, bütövlükdə
Şərqi Avropa, Orta Asiya və
Yaxın Şərqdə
mövqelərinə zərbə
vurdu. Eyni zamanda beynəlxalq müstəvidə qlobal platformalarda ardıcıl diplomatik fiaskolarla Makron rejimi "qüdrətli Fransa derjavası" imicini yerlə yeksan etdi".
Deputat əlavə
edib ki, bütün bunların fonunda rəsmi Parisin məğlubiyyətə
məhkum olan iddialarından əl çəkməməsi, guya
iqtisadi rıçaqları
işə salmaq cəhdləri, xüsusən
Azərbaycana münasibətdə
sanksiyalardan bəhs etməsi, zərərli və ağılsız populizmdən başqa bir şey deyil.
Rəsmi statistikaya görə, bu gün Fransanın Gürcüstan və Ermənistanla ticarət dövriyyəsi birgə götürüldükdə Azərbaycan-Fransa
ticari dövriyyəsindən
geri qalır. Yəni Azərbaycanın Fransada mümkün sanksiyaları fonunda iqtisadi zərbəyə səbəb olacaq köklü investisiyası
yoxdur. Əksinə, Fransa Qafqazda ən çox məhz Azərbaycana investisiya qoyub,
"Total" şirkətlər qrupunun timsalında ən iri fransız
şirkətləri Azərbaycanla
əməkdaşlıq edir.
Bu reallığın
fonunda Fransanın ölkəmizə münasibətdə
sanksiyalardan dəm vurması siyasi yarıtmazlıq, qeyri-adekvat
və isterik davranışdır".
Azərbaycanın heç
bir dövlətlə
münasibətlərinin, ələlxüsus
iqtisadi münasibətlərinin
zərər görməsini
arzulamadığını vurğulayan deputat deyib ki, biz
Fransa ilə də ticari tərəfdaşlığımızın pozulmasında maraqlı deyilik: "Lakin münasibətlərin hazırkı
mərhələyə qədəm
qoyması Bakının
yox, birbaşa Parisin təqsiridir. Hesab edirik ki,
Fransa xalqı, o cümlədən fransız
iş dünyası bu proseslə bağlı artıq mövqe göstərməli,
Fransanın iqtisadi maraqları naminə çürük Makron rejiminə yerini göstərməlidir. Əks
halda, Parisin Cənubi Qafqazdakı məğlubiyyəti siyasi
və iqtisadi müstəvilərdə qalmaqla
kifayətlənməyəcək".
Bəhruz Məhərrəmov
onu da bildirib
ki, proseslərin gedişindən görünən
odur ki, Fransa durmaq niyyətində
deyil. Makron fərqinə varmır ki, qeyri-adekvat davranışları ilə
məğlubiyyətlərini dərinləşdirir. Üstəlik,
Almaniya kimi iqtisadi, Avropa Şurası kimi siyasi-hüquqi güc mərkəzlərini də
özü ilə bərabər çirkab bataqlığına çəkir.
Xüsusən AŞPA-da
Azərbaycan nümayəndə
heyətinə qəbuledilməz
münasibət fonunda
bu subyektlərin Fransanın muzdlusu kimi çıxış etməsi təəccüb
doğurur. Lakin məsələyə fərqli
rakursdan baxdıqda aydın olur ki, əgər anti-Azərbaycan cəbhə
açılıbsa, deməli,
ölkəmiz yerində
saymır, əksinə,
ciddi güc mərkəzləri klubuna
daxil olub. Rəqib tanımaq istəməyən Qərb
dairələrini də
narahat edən məhz bu məqamdır.
Lakin son üç ildə ardıcıl hücumların
nəinki nəticə
verməməsi, əksinə,
Azərbaycanın proseslərdən
ləyaqətlə çıxması
göstərir ki, Cənubi Qafqazda yaranan yeni reallığın
geri dönüşü
yoxdur və bu bölgədə Fransa da daxil
olmaqla, hər hansı beynəlxalq subyektin maraqları yalnız Bakının iradəsi ilə təmin oluna bilər.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
31 yanvar, № 20.- S.5.