Dost
ölkələrin davranışı
təəccüb doğurur
AŞPA-nın mövqeyi bütövlükdə
Avropanın qeyri-obyektiv
yanaşmasının göstəricisidir
"Avropa Şurası
Parlament Assambleyasında
Azərbaycana qarşı
aşkar qərəzli
mövqenin nümayiş
etdirilməsi bütövlükdə
Avropanın dövlətimizlə
bağlı qeyri-obyektiv
yanaşmasının göstəricisidir.
Bir çox halda Fransanın, Almaniyanın və digər
bəzi ölkələrin
Azərbaycan əleyhinə
çıxışlarını ümumilikdə Avropanın
mövqeyi kimi təqdim edəndə bu, mübahisələndirilir.
Qeyd olunur ki, Fransanın mövqeyini bütövlükdə
Avropanın mövqeyi
kimi qəbul etmək doğru deyil. Lakin mən
hesab edirəm ki, bu, Avropanın
ölkəmizə qarşı
qeyri-obyektiv, qərəzli
mövqeyidir və Azərbaycanın müstəqillik
tarixi boyunca müşahidə edilib".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Elşad Mirbəşiroğlu
deyib. O bildirib ki, Fransa da,
Almaniya da Avropanın həm siyasi, həm iqtisadi mənada lokomotivləridir və bütövlükdə struktur
olaraq Avropa bu iki ölkəni
qabağa verərək
onların üzərindən
Azərbaycana siyasi hücumlar edir. İqtisadi əməkdaşlıq
maraqlarından çıxış
edən digər ölkələr isə Azərbaycanla əməkdaşlıqlarını
ifadə edirlər, lakin siyasi məsələdə
bu imitasiyalarını
çox da pərdələyə bilmirlər.
O zaman Avropanın mövqeyi aşkar görünür. Məsələn,
Şarl Mişelin bir mövqeyi olursa, Cozep Borelin
tamamilə fərqli mövqeyi mahiyyət etibarilə Avropanın ümumi mövqeyini sərgiləyir. Brüssel
görüşləri zamanı
da bunun şahidi olurduq.
Şarl Mişelin
Azərbaycanın ədalətli
mövqeyini heç vaxt açıq mətnlə müdafiə
etmədiyini xatırladan
deputat bildirib ki, hətta onun sərgilədiyi neytrallığı da Cozep Borel açıq
şəkildə aradan
qaldıraraq, Avropanın
kimin yanında olduğunu nümayişkaranə
şəkildə göstərib:
"Eləcə də
AŞPA-da eyni mənzərəni gördük.
Təkcə köhnə
qitənin deyil, Avropanın ciddi təsir imkanları mövcud olan postsovet ölkələri
də Azərbaycana dəstək vermədilər.
Bu sırada Ukraynanı, Gürcüstanı,
Moldovanı xüsusi qeyd etmək lazımdır. Azərbaycan
bu üç ölkənin hər biri ilə normal
münasibətdədir, yüksək
əməkdaşlıqları mövcuddur. Xüsusilə
Ukrayna Azərbaycana münasibətdə olduqca
qeyri-səmimi davranış
sərgilədi, yəni
bu ölkənin davranışı daha çox təəccüb
doğurdu".
E.Mirbəşiroğlu deyib ki, Moldovada
hakim partiya kifayət qədər konstruktiv və rasional baxışlıdır,
amma Gürcüstan Prezidentinin hakimiyyətdə
saxlanılması birbaşa
Avropadan asılıdır.
Ümumiyyətlə, Avropanın
Gürcüstana təsiri
Moldova və Ukraynadakı
qədər olmasa da, amma kifayət
qədər ciddidir. Bu amil də
təsirsiz ötüşməyib.
Deputat hesab edir ki, Ukrayna
və Moldova, ümumiyyətlə,
müstəqil qərar
qəbul etmək imkanlarına sahib deyillər. "Bu ölkələrdəki rejimləri
Qərb formalaşdırıb
və müvafiq olaraq onlar Avropanın təlimatları
ilə hərəkət
edirlər. Bu, bir reallıqdır. Verdikləri qərarları
da məhz Avropa dairələri ilə koordinasiya edirlər. Bu baxımdan düşünürəm
ki, üç ölkə Azərbaycan kimi etibarlı, hər zaman dəstək olmağa çalışan, kifayət
qədər geniş əməkdaşlıq imkanlarına
malik, öz ədalətli mövqeyi ilə seçilən dövlətə dəstək
nümayiş etdirməməklə
Avropanın təsiri altında olduqlarını
bir daha sərgiləmiş oldular".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
31 yanvar, № 20.- S.4.