Milli
dirçəlişə töhfə
verən ictimai-siyasi xadim
Məhəmməd
Əmin Rəsulzadə - 140
Azərbaycanın görkəmli
ictimai-siyasi xadimlərindən
biri Məhəmməd
Əmin Rəsulzadənin
elmi-ədəbi irsində
Azərbaycan dövlətçiliyi,
onun etnik tarixi və milli kimlik məsələləri
ilə bağlı problemlər müstəsna
yer tutur. Onun istər doğma vətənində,
istərsə də mühacirət dövründə
qələmə aldığı
əsərləri Azərbaycan
və ümumtürk tarixinin öyrənilməsi
üçün olduqca
əhəmiyyət kəsb
edir. Xüsusilə Azərbaycanın etnik tarixi ilə bağlı elmi dünyagörüşü tarix
yazımı prosesində
nəzəri-metodoloji baxımdan
mühüm rola malikdir.
Məhəmməd Əmin
Rəsulzadə 1923-cü ildə
nəşr olunan
"Azərbaycan Cümhuriyyəti"
əsərində Azərbaycanın
qədim dövr etnik tarixi haqqında
yazırdı ki,
"Azəri türklərinin
hal-hazırda oturduqları
yerlər min ildir qədim türk xəlqi ilə məskun idi. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan
ilə Təbriz və sairə kimi vilayətlər və gərək Muğan, Arran, Qarabağ kimi məmləkətlər daima
türk elinin oturağı və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər bir çox türk sülalələrinin
irili-xırdalı hökumətlər
qurduğunu və illərlə səltənət
sürdüklərini görmüşdür".
M.Ə.Rəsulzadə 1925-ci ildə yazdığı
"Əsrimizin Səyavuşu"
əsərində şumerlərin
"Turani" irqə
mənsub olduğunun şübhə doğurmadığını
qeyd edirdi. O, həmçinin yazırdı
ki, midiyalıların
etnik mənsubiyyəti
mübahisə doğursa
da, onların əski iranlı olduğunu inkar edənlər də vardır. Müəllif qeyd edirdi ki,
"Fransız şərqşünaslarından
Le Norman əski Şərq tarixinə aid nəşr etdiyi əsərində Midiyaya "Turan Midiyası" deyir və buradakı qövmlərin türk olduqlarını irəli sürürdü".
M.Ə.Rəsulzadə həmçinin qeyd edirdi ki, İran tarixinin Midiyada axtardığı arilər
(aryanilər) yerlilər
deyildir. Onlar buraya Şərqdən gəlmiş və buradakı yerliləri sıxışdırmışlar. Arilər bu ərazilərdə yerləşdikdən
sonra buralar təkrar turanilərin hücumuna məruz qalmışdır. İran-Turan
savaşlarının mühüm
qismi Şimali İran
ilə Cənub-Şərqi
Qafqazda - Azərbaycanda
cərəyan etmişdir.
Turanlı Tomris xanım burada olmuş, iranlı Keyxosrovun faciəvi sonu Kür çayının
sahilində baş vermişdir.
M.Ə. Rəsulzadənin 1928-ci ildə çap etdirdiyi "Qafqaz türkləri" əsərində
Qafqazın etnosiyasi xəritəsi, qövmlər,
türk soyları haqqında maraqlı fikirlər səsləndirilmişdir.
Burada Xəzər sahillərinin qədim dövrlərdən başlayaraq
türk soyları tərəfindən məskunlaşdırıldığı
göstərilmişdir.
Müəllif bu
əsərində qeyd
edirdi ki, "Miladdan sonra V yüzilliyin ortalarında hunlar, sabirlər və xəzərlər Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza daxil olaraq,
Azərbaycanın şimal
torpaqlarında məskən
salmış, bir sıra hallarda Arazın o biri tayına, Cənubi Azərbaycan ərazisinə
keçərək, Azərbaycan
xalqının formalaşmasında
mühüm rol oynamışlar".
M.Ə.Rəsulzadə "Azərbaycan Cümhuriyyəti"
əsərində Azərbaycan
xalqının formalaşması,
onun yayılma arealı və dili haqqında maraqlı fikirlər söyləmişdir. O, bu
əsərində azərbaycanlıları
bütün dünyaya
belə təqdim etmişdir: "Azərbaycanlılar
milliyyət etibarilə
türk, din etibarilə islam, mədəniyyət etibarilə
şərqlidirlər. Anadolu
türkcəsinə yaxın
bir şivə ilə danışan Azərbaycan türkü müxtəlif şivələrə
malik böyük türk ağacının
bir dalıdır".
Məhəmməd Əmin
Rəsulzadə Cənubi
Azərbaycanla Şimali
Azərbaycanın eyni
kökənli xalq olduğunu qeyd edərək yazırdı
ki, "Bu türklər Azərbaycanı
ikiyə bölən Əras nəhrinin iki tərəfində sakin olub və
İranda yarımmüstəqil
bir halda yaşadıqları zaman belə məhkum bir millət deyil, hakim olaraq
yaşamışdılar. Çünki
əsrlərdən bəri
İranın hakim sinfini türklər təşkil etmişdir".
Qeyd edək ki, M.Ə.Rəsulzadə ifraf millətçilik dünyagörüşündən uzaq olmuş, daha çox milli-liberal dəyərlərə
sadiq qalaraq Azərbaycan xalqının
yaranması, təşəkkülü
və təkamülündə
iştirak etmiş bütün etnik qövmlərin rolunu layiqincə qiymətləndirərək,
doğma xalqına bütöv, inkişaf edən ictimai, mədəni gerçəklik
kimi yanaşmışdır.
Görkəmli şəxsiyyətin
elmi irsində Azərbaycan Səfəvi dövlətinin etnik tarixi ilə bağlı da maraqlı fikirlər yer almışdır. Bu barədə Rəsulzadə yazırdı:
""İllərdən bəri butün türk ellərindəki dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki
Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl yeni bir dövlət qurmaq üçün hərəkətə keçir.
Səfəvi dövlətinin
banisi həqiqətdə
bir türk sufisi və azərbaycanlı şair idi. Arxalandığı hərbi qüvvələr
də tamamilə türk boyları idi. Türkman qəbilələri bu qüvvətin əsasını
təşkil edirdi... Şah İsmayılın
sarayı Azəri türk ədəbiyyatının
yaradıcı ocağı
və bir akademiyası idi... Şeirdə Xətai təxəllüsündən istifadə
edən İsmayıl
xalqın vurulacağı
sadə bir dillə yazırdı. Səfəvi sarayının
rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi
notalar türkcə yazılırdı. Səfəvi
dövlətinin Osmanlılara
göndərdiyi notalar
türkcə ikən,
Osmanlı sarayının
Səfəvilərə yazdıqları
notalar farsca idi. Çevrəsindəki
türkdilli şairlər
Şah İsmayıla
"Türki-tacdar" deyə
xitab edirdilər".
Davamlı olaraq
yeniləşmənin tərəfdarı
olmuş M.Ə.Rəsulzadə
Azərbaycan xalqının
özünə, əsrlərlə
bağlandığı Şərq
mədəni-mənəvi sisteminə
istinad edərək tərəqqi edəcəyinə
inanırdı və qeyd edirdi ki,
"Sənin istiqbalın
artıq Qərbdə
deyil, Şərqdədir...
Sənin istiqbalın nə Rum eli,
nə Hicaz, nə də İraqda-Türküstandadır, fəqət sənin, yolunun üzərində əski Turanın göbəyində Azərbaycan
adında bir gənc igid, dəliqanlı var, yeni Turanın açarı ondadır".
Qeyd edək ki, M.Ə.Rəsulzadənin
Azərbaycanın, ümumilikdə
türk xalqlarının
etnik tarixi ilə bağlı olduqca dəyərli elmi xarakter daşıyan
məlumatları tariximizin
öyrənilməsində elmi baza rolunu
oynamaqdadır.
XIX əsrin sonu
- XX əsrin əvvəllərində
Azərbaycanda millətləşmə
dövründə ilk
növbədə Azərbavcan
millətinin və ərazisinin həqiqi adi ilə bağlı
ziyalı elitası arasında geniş müzakirələr başladı.
Cümhuriyyət qurucuları
hesab edirdilər ki, milli dövlətçiliyə
gedən yolda ərazi və millət məfhumları təməl prinsiplər olaraq əsas amillərdəndir. Bu dövrdə milli aydınlarımız Azərbaycan
türklərinə münasibətdə
işlədilən "tatar",
"müsəlman" kmi
ifadələr əvəzinə
"Azərbaycan türkləri",
"azərbaycanlılar" terminini işlətməyə
başlamışdılar. Eləcə də çar Rusiyasının müstəmləkəçilik siyasətinin təzahürü
olaraq işlədilən
"Şərqi Zaqafqaziya"
coğrafi termini əvəzinə "Azərbaycan"
terminindən daha tez-tez istifadə edilməyə başlanılmışdı.
Məhəmməd Əmin
Rəsulzadə çar
Rusiyasının ciddi
senzura və qadağalarına rəğmən,
digər milli düşüncə sahibləri
kimi öz yazılarında Qafqazın
cənub-şərq hissəsinin
Azərbaycan, Qafqaz müsəlmanlarının milliyyətinin
azərbaycanlı-türk, dilinin
isə "Azərbaycan-türk
dili" adlanmasını
təklif edirdi.
Görkəmli ictimai-siyasi
xadim mürəkkəb
bir dövrdə, hətta Azərbaycan sözünün dilə gətirilməsinin nə qədər çətin
olduğunu ürək
ağrısı ilə
qeyd edərək yazırdı ki, "Ah, Azərbaycan! Biz sənin haqqını tələb
etmək deyil, yalnız adını söyləmək üçün...
nə qədər töhmətlərə məruz
qaldıq..."
Artıq bu dövrdə M.Ə.Rəsulzadənin
təbirincə, yenilikçilərlə
mühafizəkarların mübarizəsi
son nəticədə
birincilərin qələbəsi
ilə başa çatmış, Şərqlə
Qərbin sintezinə can atan böyük
azərbaycanlı mütəfəkkirlərin sayəsində
Azərbaycanda islam ümmətçiliyindən islam
millətçiliyinə, daha
sonra isə türk millətçiliyinə
keçid baş vermişdi.
Azərbaycanda millətləşmə
və milli dövlət sisteminə keçid prosesində milli dövlətçiliklə
bağlı fərqli
ideya və müxtəlif baxışlar
mövcud olsa da, bu dövrdə
M.Ə.Rəsulzadənin rəhbərliyi
ilə yeni bir xətt meydana
çıxdı. Bu xəttin tərafdarları
nə Osmanlı, nə İran, nə rus axınını qəbul etməyərək
müstəqil Azərbaycan
dövləti ideyasını
irəli sürdülər
ki, bu da
Azərbaycanın istiqlaliyyətinə
aparan ən düzgün və ləyaqətli yol idi.
Məhəmməd Əmin
Rəsulzadənin elmi
irsində milli kimlik, milliyyət, millət məsələləri
də xüsusi yer tutmuşdur. Onun müxtəlif əsərlərində bu
kimi siyasi-ideoloji məfhumlar geniş şəkildə təhlil
olunsa da, "Milli Dirilik" başlığı altında
çap etdirdiyi silsilə məqalələrini
milli fikrin inkişafına töhfə
verən ən gözəl ideoloji nümunələr saymaq olar.
Səkkiz məqalədən
ibarət olan, bu toplunun ilk
yazısını 1914-cü ilin sonlarında "Dirilik" jurnalında dirilik nədir?" adlı giriş məqaləsində çap
etdirən müəllif,
"dirilik" anlayışına
aydınlıq gətirərək
yazırdı ki, avropalılar diriliyi "məhz qüvvətli olmaq" sayır, bu gücü artırmaq üçün
daim mübarizə aparırlar. Güc uğrunda bu mübarizədə avropalılar
bir-biri ilə savaşı belə uyğun görürlər.
İstədikləri gücə
sahib olmaq üçün onlar
"ölümü belə
qəbul edir və dirilik üçün ölürlər".
Rəsulzadə Avropa
ilə müsəlman
Şərqinin dirilik anlayışına fəlsəfi
baxışını müqayisə
edərək bildirirdi
ki, Avropada dirilik güclü olmaqdırsa, Şərqdə
"biz müsəlmanların
diriliyi, ölərək
cənnətə düşməkdir".
Diriliklərin ən
qiymətlisinin milli dirilikdən ibarət olduğunu qeyd edən görkəmli ideoloq milli diriliyin
milli gücü formalaşdıran əsas
amillərdən biri olduğunu göstərmişdi.
Onun fikrinə görə, bəşər
mədəniyyətinə yalnız
müstəqil millətlərin
nümayəndələri böyük
töhfə verə bilər. O, hələ də bu dövrdə
yayğın olan
"müsəlman millətindənəm"
zehniyyətinin doğru
olmadığını bildirirdi.
Rəsulzadəyə görə, millət tarixi kateqoriyadır. Ondan əvvəl tayfalar, boylar, qövmlər mövcud olmuşdur. Tayfaları səciyyələndirən yalnız
nəsil və dil birliyidir. Qohum tayfaların birliyindən isə dil və mədəniyyət
birliyinə dayalı milliyyətlər meydana gəlmişdir. Növbəti
inkişaf mərhələsi
olan millət isə "dil birliyi, adət və əxlaq birliyi, tarixi ənənələr və
dini etiqad birliklərinin məcmuundan
mütəşəkkil bir
məhsuldur".
M.Ə.Rəsulzadə millətin yaranmasında dil birliyinin fövqəladə rolunu vurğulayaraq qeyd edirdi ki, "millətlərin inkişafı
milli şüurun formalaşması sayəsində
mümkün olur və ancaq bu
şüurun təsiri
ilə milli ideala çatmaq
mümkündür".
İctimai-syasi xadimin
elmi-nəzəri irsində
tarix şüurunun olduqca önəmli rola malik olduğu
dəfələrlə vurğulanmışdır.
Rəsulzadə dünyagörüşünə
görə, tarix şüuru bütün millətlərdə fərdləri
ümumiyə bağlayan
zəruri bir amildir. "Vətən və millət tarixi" hər bir millətə haradan gəldiyini, tarixdə nələr etdiyini və hansı gücə malik olduğunu öyrədərək, gələcək
haqqında onda ümid yaradır.
Ümumiyyətlə, Məhəmməd Əmin
Rəsulzadənin elmi-nəzəri
irsində etnik tarix, tarix şüuru
kimi nəzəri konseptual məsələlər
geniş şəkildə
təhlil olunaraq, xalqdan, ümmətdən millətə
keçid prosesi dəqiq şəkildə
izah olunmuşdur. Eyni zamanda onun
dünyagörüşündə milli kimlik, milli
istiqlalla bağlı məsələlər həmişə
ön planda verilmiş, bütün bu milli prinsiplərin
fövqündə isə
Azərbaycan dövləti
və Azərbaycanın
istiqlaliyyəti dayanmışdır.
Mübariz AĞALARLI,
tarix üzrə
fəlsəfə doktoru,
dosent
Azərbaycan.-2024.-
31 yanvar, № 20.- S.11.