Prezident
İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə
komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da
Türkiyə Böyük Millət Məclisinin deputatı,
parlamentin Milli müdafiə komissiyasının sədri,
Türkiyə Respublikasının sabiq milli müdafiə
naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Hulusi
Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyə dövlətinin
başçısına çatdırmağı
xahiş etdi.
Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir
millət, iki dövlət” prinsipi üzrə inkişaf etdiyini və bunun bir örnək
olduğunu vurğuladı.
Qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz
arasında əlaqələrin
strateji müttəfiqlik
səviyyəsinə çatmasında
mühüm rol oynadığını dedi.
Hulusi Akar Vətən
müharibəsində Azərbaycanın qazandığı Qələbədə
Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna
rolunu bir daha vurğuladı.
Prezident
İlham Əliyev 44 günlük Vətən müharibəsinin
ilk günlərindən Rəcəb Tayyib Ərdoğanın
və qardaş Türkiyənin Azərbaycana göstərdiyi
mənəvi, siyasi və diplomatik dəstəyi bir daha
yüksək qiymətləndirdi.
Söhbət
zamanı ötən il sentyabrın 19-20-də Azərbaycanın
23 saatdan da az bir müddətdə həyata keçirdiyi
antiterror tədbirləri zamanı ərazimizdə qeyri-qanuni
silahlı birləşmələrin mövcudluğuna və təcavüzkar
separatizmə son qoyulduğu, suverenliyimizin tam bərpa
olunduğu vurğulandı.
Dövlətimizin
başçısı 44 günlük Vətən müharibəsindən
sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni
islahatların aparıldığını dedi, Ordumuzun
döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd
etdi və bütün bunların ötən ilin
sentyabrında keçirilmiş antiterror tədbirlərində
bir daha özünü bariz şəkildə göstərdiyini
bildirdi.
Söhbət
zamanı Türk Dövlətləri Təşkilatı
çərçivəsində əməkdaşlığın
inkişafı və yeni sahələri əhatə etməsi
məmnunluqla qeyd olundu, bu təşkilatın parlamentlər xətti
ilə də müvafiq komitələr səviyyəsində əlaqələrin
yaradılması və bu komitələrin birgə
iclaslarının keçirilməsinin vacibliyi diqqətə
çatdırıldı. Şuşa Bəyannaməsinin əhəmiyyəti
vurğulandı, Azərbaycan ilə Türkiyə arasında
hərbi, müdafiə sənayesi, təhlükəsizlik,
parlamentlərarası əlaqələr və digər sahələrdə
əməkdaşlıqla bağlı fikir mübadiləsi
aparıldı, hər iki ölkənin silahlı qüvvələri
tərəfindən birgə keçirilən hərbi təlimlərin
əhəmiyyəti xüsusilə qeyd edildi.
Sonda Hulusi
Akar dövlətimizin başçısına xatirə hədiyyəsi
təqdim etdi.
Azərbaycan.-2024.-
30 yanvar, № 19.- S.1.