Fransa regionda sülhə və
sabitliyə mane olur
Ermənistanın
Qarabağ savaşındakı məğlubiyyəti
Fransanın Cənubi Qafqaz planlarını alt-üst edib.
Uzunmüddət Qarabağ münaqişəsinə vasitəçilik
edən Fransa Vətən müharibəsi zamanı oyun
qaydalarını kobud surətdə pozduğu
üçün Azərbaycan ona "qırmızı vərəqə"
göstərərək meydandan çıxarıb.
Reallıq budur
ki, ölkəmiz döyüş meydanında Ermənistanı,
siyasi-diplomatik masada Fransanı sarsıdıcı məğlubiyyətə
uğradıb. Əslinə qalsa, Fransa Emənistanı
nümayişkaranə şəkildə müdafiə etməklə
özünü ifşa etdi. "Vasitəçi" kimi
etibardan düşdü, nüfuzunu itirdi... Bir sözlə, bu
ölkənin Ermənistan üzərindən qurduğu Cənubi
Qafqaz siyasəti bir mənalı olaraq iflasa uğradı.
Özünü
Ermənistanın dostu, müttəfiqi, müdafiəçisi
kimi göstərən rəsmi Paris, əslində, onun ən
böyük düşmənidir. Heç sirr də deyil ki,
Qarabağ münaqişəsinin ssenarisi Fransada
hazırlanıb, Ermənistan bu bədnam layihənin
ağılsız icraçısı olub.
Ermənistandan
200 min azərbaycanlını doğma yurdlarından didərgin
salanlar, Qarabağda torpaqlarımızı işğal edib
xarabazara çevirənlər bu gün ölkəmizə
qarşı açıq düşmənçilik edən
islamofob dövlətlərdən, xüsusilə də
Fransadan razılıq almasaydılar belə, geniş miqyasda
insanlığa və hüquqa zidd vəhşiliklər edə
bilməzdilər.
Amma uduzublar.
Planları pozulub. Hətta özlərinin də etiraf etdikləri
kimi sarsılıblar. Öz məkrli niyyətlərini həyat
keçirmək üçün hər gün hansısa bir
uğursuz plan qururlar. Fransada fəaliyyət göstərən
erməni lobbisinin və onların təsiri altında olan
Fransa rəsmilərinin və siyasətçilərinin təhriki
ilə həmin ölkənin siyasi dairələri, o cümlədən
Senatı və Milli Assambleyası birbaşa Yelisey
sarayından alınmış təlimat əsasında
açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətlərini
daha da intensivləşdirmişdilər. Onlar beynəlxalq
hüquq normalarına və prinsiplərinə açıq
hörmətsizlik nümayiş etdirərək Azərbaycanın
ərazi bütövlüyünə və suverenliyinə
qarşı ədalətsiz addımlar atmaqdan belə çəkinmirlər.
Fransa parlamentinin
hər iki palatası ölkəmiz əleyhinə ədalətsiz
qətnamələr istehsal edən bir quruma çevrilib. Lakin ədalətsiz
hücumlarının nəticə vermədiyini anlayan Emmanuel
Makron anti-Azərbaycan koalisiyasını genişləndirməyə,
AŞPA-nı da öz siyasi oyunlarına cəlb etməyə
çalışır.
Aydın məsələdir
ki, Avropa İttifaqını da, AŞPA-nı da, Fransanı da
Azərbaycan vətəndaşının hüququ və
taleyi qətiyyən
düşündürmür. Bu təşkilatların
bəzi dövlətlərin maraqlarını həyata
keçirmək üçün təzyiq vasitəsi
olduğu da heç kimə sirr deyil. Bu gün Fransanın
sifarişi ilə AŞPA Azərbaycanda insan
hüquqlarının pozulmasını iddia edirsə, sabah da
bu ölkənin yedəyində gedən digər bir beynəlxalq
təşkilat başqa bir bəhanə ilə
üstümüzə gələcəyi bizi təəccübləndirməməlidir
və bu, gözləniləndir.
Azərbaycan həmişə
regionda sülhün və sabitliyin tərəfdarı olub.
2020-ci il sentyabrın 27-də Ermənistanın təcavüzkar
hücumunun qarşısı alınıb, torpaqlarımız
işğaldan azad olunana kimi problemin sülh yolu ilə həllinin
tərəfdarı olub. Bu illər ərzində dəfələrlə
Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın
yeni ərazilərini işğal edəcəkləri,
tanklarını Bakıya sürəcəkləri haqqında
sərsəmləmələrini eşitmişik də. Amma
bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh təklif edən
və hər an sülhə sadiq olduğunu əməli ilə
sübut edən ölkədir.
Yeri gəlmişkən,
Tbilisidə səfərdə olan Ermənistanın baş
naziri Nikol Paşinyan gürcü həmkarı ilə mətbuat
konfransı keçirərkən deyib: "Biz ümumi qəbul
edilmiş prinsiplərə əsaslanaraq Azərbaycanla sülh
sazişinin imzalanması ilə bağlı razılıq əldə
etdikdə və bunu imzaladıqdan sonra regionda sülh əldə
olunacaq".
Nə
yaxşı ki, Yelisey sarayının girovuna çevrilən
Ermənistan rəhbərliyi bunu anlayır.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2024.-
28 yanvar, № 18.- S.4.